ƏLİF ŞƏFƏQ – “EŞQ”

elif-şafak-aşkƏlif Şəfəq,  25 oktyabr 1971-ci ildə Fransada, Strasburq şəhərində dünyaya gəlmiş türk əsilli yazardır. Atası sosial psixoloq Nuri Bilgin, anası diplomat Şafak Ataymandır. Doğulandan qısa bir müddət keçəndən sonra atası və anası ayrılıb, anasının himayəsində böyüyüb və soyadı kimi anasının adını götürüb. Orta təhsilini anasının çalışdığı yer olan Madriddə, daha sonra lisey təhsilini “Ankara Atatürk Anadolu Lisesi”ndə alıb. Ali təhsilini Orta Şərq Texniki Universitetinin Beynəlxalq Əlaqələr fakültəsində alıb. Onun 2009-cu ildə çap edilən Eşq (Aşk) adlı romanı ən qısa müddətdə ən çox satılan türk romanı olub. Əsər ingilis dilində yazılıb.

Ella Rubenşteyn 40 yaşlı evdar qadındır. Tipik burjua dəyərlərinin hakim olduğu çox varlı ailəsi, görüntüdə olduqca sağlam və problemsiz ailəsi var. Üç uşağını böyütdükdən sonra bir nəşriyyatda redaktor assisenti kimi işə düzəlir. İlk işi A. Z. Zahara adlı tanınmamış bir yazıçının təsəvvüf fəlsəfəsi mövzusunda olan tarixi romanı “Eşq şəriəti”  haqqında rəy yazmaqdır. Lakin həyatının kritik məqamında əlinə aldığı bu kitab, heç gözləmədiyi şəkildə Ellanı sarsıdacaq, dünyəvi eşqi kəşf etmək adına çətin və təhlükəli bir yolçuluğa çıxmasına səbəb olacaqdır.
Həyatımızın durğun gölünü dalğalandıran daş misalı…
A. Z. Zaharanın  “Eşq şəriəti” adlı əsərində Mövlanə və Təbrizli Şəms arasındakı ilahi eşqdən söz açılır, Şəmsin dilindən sufilərin 40 qaydası qələmə alınır. Sufilərin 40 qaydası tamamilə Əlif Şəfəqin xəyal gücünün məhsuludur.

KİTABDAN SEÇMƏLƏR:

Daş çaya düşəndə təsiri bilinmir. Suyun üzü azca aralanır, dalğalanır. Aşkar-gizli bir cür səsi çıxır, axıntının ortasında belə eşidilmir, uğultuda itir. Olub-qalanı ancaq budur.
Amma bir də eyni daş gölə düşsün… Təsiri daha davamlı, sarsıdıcı olur. O daş var ha, o daş durğun suları təlatümə gətirir. Daşın suya dəydiyi yerdə əvvəl bir halqa yaranır. O halqa tumurcuqlanır, o tumurcuq çiçəklənir, elə hey açır, pardaqlanır. Göz açıb-yumana qədər balaca bir daş başa nə işlər aça bilər. Bütün səthə yayılır əksi, bir də baxırsan ki, hər yeri bürüyüb. Ta ki ən sonuncu həlqə də sahilə çırpılıb yox olanadək həlqələrdən həlqələr yaranır.

İnsan illərlə çalışır, öz sözlüyünü yaradır. Əhəmiyyət verdiyi hər anlayışa bir təyin tapır. “Həqiqət”, “xoşbəxtlik”, “gözəllik”, “qürur”,” etibar”, “sədaqət…”. Həyatın hər mühüm dönəmində öz şəxsi sözlüyünü açıb baxırsan. Vaxtilə etdiyin tanımları bir daha hələ-hələ soruşmursan. Qəfildən bir gün, bax, o yad adam gəlir, qiymətli sözlüyünü götürüb tullayır. “Bildiyin hər şeyi unutmaq vaxtı çatdı”- deyir.
Sən sorğu-sualsız sahib çıxdığın hər təyini yenidən yazmağa başlayırsan.

Bu dünyada baş verən münaqişələrin, davaların “din problemi” yox, “dil problemi” olduğuna inanırdı. İnsanlar bir-birlərini mütəmadi səhv başa düşür, bir-birləri haqqında səhv hökmlər verirdilər. “Səhv tərcümələrlə” yaşayırıq. Belə bir dünyada hər hansı məsələdə inadkar olmağın nə mənası vardı?! Ən güclü qənaətlərimiz də adi bir səhv başa düşmədən yarana bilərdi. Çünki həyatda heç bir məsələdə sabit fikirli, qəti olmağa ehtiyac yox idi: axı yaşamaq demək daim dəyişmək deməkdir.

Yolun ucunun haraya gedəcəyini düşünmək bihudə cəhddən ibarətdir. Sən sadəcə atacağın ilk addımı düşünməyə borclusan. Gerisi onsuz da, öz-özünə gələcək.

Dünya nəhəng qazana bənzəyir. İçində mühüm xörək bişir. Gördüyümüz, hiss etdiyimiz, söylədiyimiz, hətta düşündüyümüz hər şey ədviyyat kimi o qazana daxil olur. Ona görə də bu dünyəvi xörəyə nə qatdığımızı özümüzdən soruşmalıyıq. İncikliklər, ehtiraslar, qan davaları və zorakılıqlarmı? Yoxsa eşq, inam, ahəngmi?

Dünyanın lütf etməsi, yaltaqlanması xoş loxmadır, amma az ye.
Çünki oddan bir tikədir!
…mədh edilmək dadlıdır. Qınanmaq acı olduğundan dərhal pis görünür.
Halbuki qınanmaqdan da ululuq gəlir, sına və bax!

Allah, eşqi dərya-dəniz kimidir. Öz xasiyyətinə görə hər insan ondan su götürür. Amma kimin nə qədər su götürəcəyi qabının böyüklüyündən asılıdır. Kiminin  qabı çəllək, kiminin ki tuluq, kimininki bardaqdır, kimininki səhəng.

Eşqin heç bir təyinə ehtiyacı yoxdur.
Azad dünyadır, eşq. Ya düz ortasında, mərkəzindəsən, ya eşiyində, həsrətində.

Hazırladı :  Psixoloq Rübabə

VN:F [1.9.16_1159]
Rating: +13 (from 15 votes)

Psixoloq Rübabə

Fitret.az yazarı. Psixoloq.

- Sayt ünvanı

Bir cavab yazın