ƏLLƏR VAR…

images (31)Əllər var…
Əllər var ki, qarışdıran əllərdir. Hər şeyi qarışdırar. Nalayiq əllərdir bu əllər. Lazim gəldi‐gəlmədi hər yerə soxular. Toxunmaması lazim olan yerlərə toxunar. O üzdən qarışdıran əllər pislikdən qurtulmaz. Çünki qarışdırma həvəsi hər şeyi əhatə etdiyi üçün zibillikləri də qarışdırar. Bu cür əllər bulaşdıqları zir‐zibilin günahını özlərində görməz. “Sənin nə işin vardı oralarda, nə axtarırdın?” deyənə, “Hər yeri, hər şeyi qarışdıranda belə boğazına qədər nəcisə batarsan!” deyənə verəcək bir cavabı yoxdur.
Əllər var…
Nizamlayıcı və səhmanlayıcıdır. Çöp düşən gözə yumruq atmaz. Heç kimə hiss etdirmədən bir ana şəfqəti ilə çöpü götürər. Üzün və gözün gözəlliyini çöpə fəda etməz. Toxunduğunu bərbad etməz, düzəldər. Düzəldəcəyi şeyi “düz” hətta “dümdüz” etməz. Çünkü bu əllər baş‐ayaq dayanıb dünyanı düzəltmək istəyən “tərs”lərin əlləri deyil.
Əllər var…
Heç bir daşın altında qalmağa razı olmaz. Neçə daşlar, qayalar, dağlar yerindən tərpədilər. O pambıq əllər isə ortalıqdan yox olar. Axtar ki, axtarasan. İsrarla o əlləri axtarar gözləriniz, amma yoxdular… Sıxıntıya girməz pambıq əllər. Fəqət dağlar kimi daşları daşımaqdan yorğun və halsız olduğu üçün ayağı büdrəyənləri, axsayanları görməyə bənd olarlar. Həmən xişmalamağa başlayarlar. Yaxalardan yapışıb yumruqlayarlar. Utanmaz əllərdir bunlar. Daşın altına qoymağa gələndə yox olar, yaxadan yapışmağa gələndə aslan pəncəsinə dönərlər. Qırılmalıdır o əllər.
Extremity-upper-handƏllər var…
Pambıq deyil onlar, qabar bağlamışdır. Niyə? Niyə olacaq, hər yarımçıq qalmış yükü çəkib daşıdığı üçün. Hər xeyirli təşəbbüsün ucundan tutduğu üçün. Hər yükü ağır olana kömək etdiyi üçün. Hər yolda qalmışın qolundan tutub qaldırdığı üçün. Hər dərmanı tükənmişə dərman olduğu üçün. Öpülməlidir, o əllər.
Əllər var…
Vuracağı yeri bilməz, duracağı yeri bilməz. Qarpız gəzdirən qoltuğun əlləridir o əllər. Daima şillə vəziyyətində gəzər. Heç nə tapmayanda havanı şillələyər, suya yumruq atar. Əl‐ələ verənlərin zəncirinə qoşulub digər əllərlə birləşməz bu əllər. Əksinə, birləşmiş əlləri dartıb ayırar, qırıb qoparar. Qırıb qoparmağa əl tapmayanda bu dəfə öz tayına yönələr, özünü vurar.
Əllər var…
Vuracağı yeri də bilər, duracağı yeri də. Dostunu da tanıyar, düşmənini də. Yalnız dosta deyil, düşmənə belə rəhmətdir o əllər. Yara sarıyar, ayıb örtər. Bir ana əlləri kimi, oxşayacaq yetim, göz yaşını siləcək kimsəsiz, qucaqlayacaq sınıq ürək axtarar. Yıxılanlara dayaq olar, dağılanları toplayar, yarımçığı tamamlayar, tamamı qucaqlayar, qırılanı birləşdirər, birləşəni sıxlaşdırar.
Əllər var…
Hər qarşısına çıxandan bir şey istəyər. Heç işə girişməz, həmişə havayı şey axtarar. Daim istəmək üçün açılar o əllər. Almaqdan xoşu gələr, verməkdən nifrət edər. Bu əllərin bildiyi tək dua “Ya Rəbbənə, ancaq mənə ver!” duasıdır. Belə əlləri min dəfə doldursan o, min birincini istəyər. Hamısını da öz cibinə qoyar. Başqa əllərə baxmaq kimi bir dərdi olmaz. Eqoist əllərdir, bu əllər.
Əllər var…
Heç almaz, amma elə hey verər. İddialı deyil, lakin qərarlıdır. O əlləri heç kim ortalıqda görməz. Qarşısındakının gözünə soxulmaz. Alqışa haqq edəni alqışlamaqdan çəkinməz, fəqət özü alqış istəməz. Verərkən görünməmək üçün künc‐bucaqda gizlənər. O əllər bir Allahdan istəyər, başqasından istəmək əvəzinə daş olmağı seçər. Fədakar əllərdir, o əllər.
əllər varƏllər var…
Əllər var daima bəd duaya açılar. Bəd duaya açılan əllər başqaları haqqında şəkkə düşməyə meyllidir. Qara ürəklilərin əlləridir bunlar. Başqalarının gözündə çöp axtarar, amma öz gözündə tiri görməz. Hər kəsə bəd dua üçün açılan bu uğursuz əllər, özü üçün bütün əllərin duaya qalxmasını gözləyər. Buna nail olmayanda isə yumruğa dönər sağa‐sola hücum edər. Həddini bilməz, qədir bilməz əllər…
Əllər var…
Daima duaya qalxar. Sanki peyğəmbərlərin əllərindən bir parçadır. Yalnız dostlarına deyil, düşmənlərinə belə duaya qalxar. Sevdiyi güllərin tikanları onları qanatdıqda gülü kökündən qoparmaq kimi bir cinayət etməz bu əllər. Əksinə, əlini qanatsa belə, gülü sevdiyi üçün tikanını da sevər. Xeyir dolu bir ürəyə bağlı əllərdir bunlar. İçində ümüd və sevgi daşıyan bir ürəyə…

Müəllif: Mustafa İslamoğlu
Hazırladı: Psixoloq Rübabə

 

VN:F [1.9.16_1159]
Rating: +9 (from 9 votes)

Psixoloq Rübabə

Fitret.az yazarı. Psixoloq.

- Sayt ünvanı

Bir cavab yazın