“ƏNƏNƏ”Vİ ŞİKƏSTLİYİMİZ

Xüsusi

Bəzən düşünürəm ki, nə qədər kiçik xoşbəxtliklərimizi böyük “ənənənlər” içində itirib-batırırıq. Nə zamana qədər kütləyə aid olub monoton həyat tərzinə aşiq olmaq olar? Gündəlik işlərimiz o qədər başımızı qatır ki, arzularımız üçün bir iş görmürük. Həmişə arxa plana atırıq. Hətta təxirə salmaq özü gündəlik bir işə çevrilib. Siz siz olun, bacardıqca təxirə salmayın. Yaşamalı olduğunuz bu anlarınızı gələcək üçün sərmayə edin, amma gələcəyə atmayın, saxlamayın.

Mütləq bahalı hədiyyələr almalıyıq deyə nə qədər hədiyyə etmək arzumuzu içimzdə öldürüb nə qədər üzləri güldürməkdən vaz keçdik. Çeşidli təamlarla zəngin süfrələr açacaq, ev yiyəsin narahat edəcəyik deyə nə qədər evlərə qonaq getməkdən, qohum-əqrabanı yoluxmaqdan vaz keçdik. Mütləq əlimizdə bir şey aparmalıyıq deyə neçə-neçə dost qapısını açmadıq.

Standart və bahalı hədiyyələrdən nə zaman canımızı qurtaracağıq? Heç düşündükmü ki, bir balaca əziyyət çəkib axtarsaq necə kiçik hədiyyələr tapa bilərik ki, üzlərə sevinc bəxş etsin? Hələ onu sevgi ilə, utanmadan və səmimi qəlbdən bəxş etmək var. O an qarşınızdakının gözlərindəki sevincə şərik olun. Nə zamanadək qonaq getməyi “qarın otarmaq” kimi qəbul edəcəyik? Onsuzda ayda ildə bir kərə bir araya gəlirik, niyə bu zamanı qarnımızı doydurmaqla keçirək? Hansı zamandayıq, aclıqdanmı çıxmışıq? Hətta təbiət qoynunda istirahətimizin 90 faizini də yemək-içmək təşkil edir. Dost evinə nə zaman toplanıb oyunlar oynadıq, ailəvi söhbətlər edib, müzakirələr apardıq?

Ən kiçik xərclərlə böyük hədiyyələr edə bilərik, inanın. Sadəcə içimizdəki arzunu dilləndirək. Yeməksiz, sadəcə çay süfrəsi ilə şirin söhbətlərlə qohum-əqaraba ilə isti münasibətlər qura bilərik. Əlimizdə pay-pürüşsüz, sevgimizi götürməklə dost qapısına ərk edək, uşaqlar qaynasın qarışsın, deyək gülək.

Ən xırdalarından başlayaraq tətbiq etməsək, hələ də kütlənin ənənəviliyinin ağuşunda itib getsək, o zaman uzun və yorucu zəncirin növbəti halqası olmaqdan başqa bir işə yaramayacağıq. Gələcək bizimlə qurulur. Gələcək bizik. Biz bu an bizi dəyişdirməsək, keçmiş bizim üçün həmişə gələcək olaraq qalacaq. Xoşbəxtlik ənənəvi olmamalıdır, onun minlərlə çaları var.

Müəllif: Vüsaləddin Rüstəmov

Beyenmeler
0   1  
VN:F [1.9.16_1159]
Rating: +2 (from 4 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın