100 İLLİK MÜHARİBƏ HAQQINDA

Hundred_years_war_france_england_100 illik müharibə

TARİXİN ƏN UZUN SÜRƏN MÜHARİBƏSİNİN NƏTİCƏLƏRİ HAQQINDA:

1337-1453-cü illərdə Fransa və İngiltərə arasında baş verən 100 illik müharibənin nəticələri çoxdur. Amma proqressist düşüncə bunların 3-nü xüsusi olaraq qeyd edir:

 

1) İngiltərə nəhayət siyasi və mədəni baxımdan ayrıca dövlətə çevrilir. Yəni, faktiki Fateh Vilhelmin 1066-da İngiltərəni tutmasından sonra bu ölkə Britaniya və kontinentin qarışığı idi. Nominal olaraq ingilis kralı Fransa kralının vassalı sayılırdı. Bu müharibə ilə İngiltərə kontinentdən çəkilir, yəni Fransadan tamamən ayrı dövlətə çevrilir.

Həmçinin, bu müharibə dövründə nəhayət ingilis sarayı fransız dilindən imtina edir, sənədlərini-filanlarını öz dillərində yazmağa başlayırlar. Müharibə başlayana qədərki dövrdə əgər ingilis sarayında öz dillərində danışmaq geridəqalmışlıq sayılırdısa, artıq müharibə qurtaran dövrdə əsas dili fransız dili olmaq ayıb sayılırdı. Eyni zamanda, xüsusi ingilis arxitekturası da məhz bu müharibdədən sonra yaranır, yəni artıq fransızları kopiyalamırlar.

2) 1346-dan Avropaya yayılan epidemiya əhalinin böyük bir hissəsinin qırılması ilə nəticələnir. Əmək qüvvəsinə olan ehtiyac, aşağı təbəqələrin güclənməsinə gətirib çıxarır. Uot Teylor və Jakeriya üsyanları baş verir. Təhkimçilik Qərbi Avropada əsasən sıradan çıxır, mütləqiyyət ciddi zərbə alır, siyasi idarəçilikdə aşağıların maraqlarının nəzərə alınması prosesi başlayır.

3) Mən əsas bundan danışmaq istəyirəm. İngilislər yeni texnologiya ilə müharibənin əvvəlində fransızları darmadağın etsələr də, müharibənin sonunda da fransızlar yeni texnologiyaların köməyi ilə ingilisləri məğlub edirlər.

yüzillik müharibəBu müharibəyə qədər orta əsrlərdə döyüş cəngavərlər arasında, xeyli sayda alicənab qaydaların mövcud olduğu şərtlərlə baş verirdi. Müharibənin əvvəlində ingilis krallarının müqavilə ilə aşağı təbəbqələri oxatan kimi orduya cəlb etməsi faktiki fransız cəngavərlərini asan hədəfə çevrimişdi. Kiçik ingilis hərbi dəstələri böyük fransız ordularını çox cüzi itkilərlə məhv edirdilər. Belə demək olarsa, bu oxatanlar fransızların gözünün odunu almışdılar.

O həddə çatmışdı ki, fransızlar deyirdi ki, biz belə oynamırıq. Elə Koroğlu kimi israr edirdilər ki, bu kişilikdən deyil, qaydaların əleyhinədir, gəlin əvvəlki kimi dalaşaq. Hətta bir dəfə 1351-ci ildə ingilisləri yoldan çıxardırlar, döyüşlərin birində razılığa gəlinir ki, hər iki tərəfdən 30 nəfər vuruşacaq və həmin bu qarşıdurma kimin qalib gəldiyini müəyyən edəcək. Bu otuz otuza cəngavər davasında franszılar ingilislərin belini qırırlar. Bundan sonra ingilislər deyir ki, basın bayıra, orta əsrlər qurtardı, oyun oynamağa gəlməmişik.

Yeri gəlmişkən, gələcəkdə Kromvel də məhz ordu və döyüş anlayışında orta əsrlərin son alicənab cəngavər qaydalarının olan-qalanından imtina etməklə, ilk müasir ordunu yaratmaqla rəqiblərinə qalib gəlirdi.

Amma qayıdaq Yüzillik müharibəyə. Dediyim kimi müharibənin əvvəlində ingilislər texnoloji yeniliklə qalib gəlmişdilərsə, müharibənin son iri döyüşü olan Kastilyon döyüşündə fransızların yeni komandanı Jan Büronun artilleriyanı təkmilləşdirib, onu döyüşün əsas elementinə çevirməsi qarşıdurmanın taleyini həll etmişdi. Fransız odlu silahı ingilis oxatanlarını çox qısa müddətdə məhv etmiş, bundan sonra fransız cəngavərləri ingilis cəngavərlərinin axırına çıxmışdılar.

Lord Talbot-yüzillik müharibəBurada maraqlı bir hadisə də baş verib. İngilis ordusunun bu döyüşdəki komandanı Telbot bir az əvvəl fransızlara əsir düşübmüş. Yanılmıramsa, Ruan götürüləndə. Orada fransızlar Telbotu buraxır, bir şərtlə ki, bir daha fransızların üstünə silahla gəlməyəcək.

Deməli, bu Kastillion döyüşündə ingilis ordusuna komandanlıq edən Telbot savaşa silahsız girir. Deyir ki, mən deməmişdim ki, vuruşmayacam, demişdim ki, silah qaldırmayacam, indi mən özüm silah qaldırmıram, yalnız komandanlıq edirəm.

Telbot da, oğlu da bu döyüşdə öldürülüb. Elə orada da basdırılıblar.

Müəllif: Altay Göyüşov

 

VN:F [1.9.16_1159]
Rating: +3 (from 3 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

İzlə:
TwitterFacebookGoogle Plus

Bir cavab yazın