8 MART – TARİX, YOXSA ROMANTİKA…

8 mart 1857-ci ildə ABŞ-ın Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadının aşağı maaşa, uzun çalışma saatlarına, eyni zamanda pis iş şəraitinə etiraz olaraq tətil etməsi qəbul edilir. Lakin polis aksiyanın uzun sürməsinə izin verməyərək nümayişi dağıtdı.
8 mart 1857-ci ildə ABŞ-ın Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadının aşağı maaşa, uzun çalışma saatlarına, eyni zamanda pis iş şəraitinə etiraz olaraq tətil etməsi qəbul edilir. Lakin polis aksiyanın uzun sürməsinə izin verməyərək nümayişi dağıtdı.

 

Biz tarixə çox idealistik, hətta deyərdim romantik yanaşırıq. İdeyaların öz tarixi var, burası aydındır. İdeyalar tarixini ayrıca dərs kimi də keçirlər. İdeyaların tarixdə rolu böyükdür. Bununla belə, ideyalar boş yerdən yaranmır və öz-özünə işləmir. Daha önəmlisi, ideyalar yalnız ortam yetişəndə keçərli ola bilir. İdeya (düşüncə) adamları üçün bu fikir xoşagələn deyil, bilirəm. Amma maddi tarixə (kobud faktlara) önəm verməməyimiz çox şeyi anlamağımıza əngəl olur.
8 mart – öz haqları uğrunda mübarizə aparmış qadınların şərəfinə olan bir gündür. İşin istehzalı tərəfi ondadır ki, qadınların öz haqları uğrunda mübarizə aparmış olduqları ölkələrdə (Amerikada, Qərbi Avropada) 8 mart nə bayramdır, nə də istirahət günü (adi iş günüdür). Bizə bu gün, bir bayram olaraq, sovetlərdən qalmışdır və ümumi Qadınlar Günü kimi qeyd olunur. Olsun, buna irad bildirəsi deyiləm.

8 mart – siyasi solun uğurudur. İdeoloji baxımdan bu, şübhəsiz ki, elədir. Siyasi solun bir çox ideyası dünyanı yaxşıya doğru dəyişə bilmişdir. Bunu da danmaq olmaz. Bununla belə, yuxarıda yazdığım kimi, tarixə bu cür idealistik (hətta romantik) yanaşmaq doğru deyil.
Öz haqları uğrunda zamanında mübarizə aparmış qadınların xatirəsinə sayğımı ifadə etməklə yanaşı, bunları bilməyimizi önəmli sayıram:

Qadın haqlarının tədircən tanınması (qanunlarda rəsmiləşdirilməsi) müharibələrin (iki dünya müharibəsinin) nəticəsində ağır demoqrafik durumla bağlı olmuşdur. Milyonlarla kişinin qısa zamanda ölümü yalnız ailələrə (dul qadınlar, atasız uşaqlar və s.) deyil, həm də iqtisadiyyata ağır ziyan vurmuşdu. Müharibədə ölmüş, ya da ağır yaralanma nəticəsində əmək qabiliyyətini itirmiş kişilərin yerini qadınlar tutmağa başladı. Öncə fabriklərdə. Amma qadınlar, o zamanın çətin şərtlərinə görə, kişilər qədər çox işləyə bilmirdi. Üstəlik, onların uşaqlara baxmaq kimi önəmli qayğısı vardı. Bunu görən hökumətlər qadınlara qısa iş günü, əlavə təzminat, uşaq pulu və hətta dövlət hesabına uşaq bağçalarını təşkil etməyə başladılar.
Daha sonra, o zamana qədər yalnız kişilərin mülkiyyəti ola bilərdi. Kişilərsə kütləvi şəkildə müharibələrdə ölürdü. Nəticədə, mülkiyyətlə bağlı ciddi problemlər yarandı – mülkiyyət kimin adına olmalıydı? Hökumətlər məcbur oldu müharibədə ölən kişilərin mülkiyyətini onların dul arvadlarının adına keçirsin. Qadınlar rəsmən mülkiyyətçi olmağa başladılar.
Mülkiyyət, haqq olmaqla yanaşı, öhdəliklər yaradır – borc, vergi, rüsum və s. Hökumətlər başladı qadınlardan vergi yığmağa (o zamana qədər qadınlar vergi ödəmirdi). Mülkiyyətdən doğan çeşidli mübahisələrin həllini asanlaşdırmaq üçün, hökumətlər qadınlara məhkəmədə tərəf kimi iştirak etmək haqqını verdilər (ona qədər qadınlar məhkəmədə tərəf ola bilməzdilər).
Vergi, bir öhdəlik kimi, önəmli siyasi haqqı doğurur – seçkilərdə səs vermək. Demokratiyanın inkişafı belə olub – vergi ödəməyən səs verə bilmirdi. Qadınlardan vergi tutulmağa başlananda, qadınlar seçki haqlarını tələb etdilər. Tədricən buna da nail olundu – hökumətlər qadınların seçki haqlarını tanıdı.
Müharibələrin bu işdə rolunu anlamaq üçün bir müqayisə verim. 1815-ci ildən bu yana öz ərazisində müharibə görməmiş İsveçrə kimi inkişaf etmiş və rifah içində yaşayan bir ölkədə qadınlara seçkilərdə səs vermək haqqı yalnız 1971-ci ildə verildi (Lixtenşteyn’də bunu 1984-də etdilər). Niyə belə gec? Çünki. bu ölkə(lər) yuxarıda yazdığım problemləri yaşamadı.
Odur ki, ideyaların rolunu qətiyyən aşağılamadan, maddi tarixin (kobud faktların) təsirini yaxşı bilməliyik ki, romantik təsəvvürlərin girovuna çevrilməyək. Kişilər müharibələrdə qadınların haqları uğrunda ölmədi, burası aydındır. Amma onların ölümü qadınlara öz haqlarına çatmaqda yardım etdi (yan təsir olaraq). Müharibələrdə kişilərin kütləvi ölümü olmasaydı, çox guman ki, qadınların öz haqlarına çatması xeyli yubanardı (İsveçrə’də olduğu kimi).

Müəllif: Erkin Qədirli

Beyenmeler
0   15  
VN:F [1.9.16_1159]
Rating: +5 (from 5 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın