AFFEKT – RUHİ TƏLATÜMDÜR

 

affekt.Affekt- ruhi təlatüm, həyəcanlanma deməkdir. Coşğun surətdə əmələ gəlib, kəskin xarici ifadəyə malik olan az müddətli, lakin qüvvətlə cərəyan edən hisslərdir.

Həddən artıq qəzəb, kədər, şadlıq və s. affektə misal ola bilər.
Affekt halları bəzi adamların fəaliyyətinə pozucu təsir göstərir, hətta onların belə hallarda öz hərəkətləri, danışığı üzərindəki şüurlu nəzarəti də zəifləyir. Affekt anında bəzi adamlar qışqırır, kəskin hərəkətlər edir, aydın danışığı itirir, bəzi hallarda çox tutularaq bir şöz belə deyə bilmir, “donub qalır”, daşa dönür”, bayılır və s. Həmin vəziyyətlər beyində baş verən sinir prosesləri ilə əlaqədardır. Bu zaman beyində kəskin oyanma ocağı əmələ gəlir və ətrafdakı oyanmış sahələrə ləngidici təsir göstərir. Mənfi induksiyanın təsirilə başqa sahələrdəki oyanma ocaqları ləngimə halına keçdiyinə görə adam ətrafda baş verən hadisələri aydın dərk etmir. O öz hərəkətləri və onun nəticələri barədə sanki düşünmür. Qabıqaltı sahələr beyin qabığının ləngidici təsirindən azad olduğundan öz fəaliyyətlərini gücləndirir və nəticədə affekt halında insanda bir sıra artıq, lüzumsuz, məqsədsiz hərəkətlər büruzə verir.

Bəzən, affekt qəflətən müəyyən partlayış kimi baş verir və tezliklə son həddə çatır, adam tez özündən çıxır. Başqa halda affekti törədən obyekt diqqətimizi cəlb edir, şüurumuz onun üzərində mərkəzləşir, beyində həmin obyektlə əlaqədar olan oyanma sahəsi yaranır, ətrafdakı oyanmalar ləngimə halına keçir, qabıqaltı mərkəzlər getdikcə fəallaşır və beyin qabığına təsir göstərməyə başlayır, nəticədə insan özünü ələ ala bilmir, hisslərinin əsiri olur. Bundan sonra affekt özünün son həddinə qədər inkişaf edir, bu zaman orqanizmin bütün normal vəziyyəti, fəaliyyəti pozulur, beyin qabığındakı bir sıra mərkəzlərdə dərin ləngimə əmələ gəlir, bununla əlaqədar olaraq bəzən təfəkkür və nitqin də fəaliyyəti pozulur, ixtiyari diqqət zəifləyir, əlin, bədənin ayrı- ayrı üzvlərinin əsməsinə təsadüf olunur. Daxili vəzlərin fəaliyyəti güclənir, tənəffüs ahəngi pozulur, qan dövranında dəyişiklik baş verir. Adam tərləyir, əlləri və bədəni əsməyə başlayır. Bütün bu dəyişiklik affektin tam şiddətləndiyi vaxt baş verir.
Affekt soyumağa başladıqda onun xarici təzahürləri və daxili təsiri yavaş- yavaş sönüb getməyə başlayır. Bu zaman adam əzgin, yorğun vəziyyətə düşür, ətrafdakı hadisələrə etinasız yanaşır, yuxulu kimi olur.

affektAffekt halından yaxa qurtarmaq üçün onun nəticəsini göz önünə gətirmək, onu dərk etmək zəruridir. Ən əsası affekti yaradan obyektdən diqqəti yayındırmaq lazımdır.
Qeyd: Əgər bir insanda bu halları müşahidə edirsinizsə və onunla ünsiyyətdəsinizsə söhbəti başqa yöndə dəyişin. Müsahibinizin diqqətini qicıqlandırıcı obyektdən yayındırın. Onun sizə qeyri-adi gələn hərəkətlərinə sakit reaksiya verin. Əgər “bu nə hərəkətdir?”, “artistlik edirsən” və s. buna bənzər cümlələrdən istifadə edərsinizsə, affektin gedişatını daha da qabarda bilərsiniz.

Mənbə: Ə.Əlizadə, Ə.Bayramov Psixologiya
Hazırladı: Psixoloq Rübabə

VN:F [1.9.16_1159]
Rating: +11 (from 11 votes)

Psixoloq Rübabə

Fitret.az yazarı. Psixoloq.

- Sayt ünvanı

Bir cavab yazın