ALDANIŞ

Yazmaq daxilimdən gələn bir şeydir, onsuz  bu işlər zorla olmur.  Əvvəl gündəlik yazırdım, ara sıra yenə yazıram. Məni incidən, düşündürən, yoran, içimdən keçənləri gündəliyə yazırdım. Boş sətirləri doldururdum, sakitcə dinləyirdilər, tək dostum o dəftər olub. Bəzən yenə köhnə dostumla danışıram. Ədəbiyyatı çox sevirəm. Tarixçi olmasaydım yəqin ki, ədəbiyyatçı olardım. Jurnalistika, hüquq da sevdiyim sahələrdi, bir də həkimlik. Daim insanlara kömək etmək olub istəyim, təmənnasız həm də, faydalı olmaq, bacardığım qədər kömək etmək. İnsanlar üçün çox kiçik nəsə edə bilirəm, çox kiçik həm də.
Bir gün zəngin olsam, uşaq evlərindən çıxan uşaqlar üçün evlər tikəcəyəm, 18 yaşından ordan çıxan kimsəsiz bir qız hara gedə bilər, nə edə bilər? Digər bir istəyim sahibsiz heyvanlar üçün sığınacaqlar tikməkdir. Onlar küçədə xəstəliyə tutulurlar, insanların təzyiqlərini görürlər, məsum baxışlarında nə qədər qorxu görmüşəm. Bilmirəm, bunları etmək qismət olacaqmı, amma imkanım olsa edəcəyəm bunları.Hər gün nə qədər insan işə, dərsə tələsir, o insan selinin içində onlardan biri də mən oluram. Taleyin ucqar dağ kəndindən sovurub küləklər şəhərinə atdığı insan və həyatı bir çox şeylərlə dəyişən, bir çox şeylər yaşayan insan. İri şəhərlərdə insan özünə və insanlara yadlaşır, çünki aid olduğu təbiətdən uzaq düşür, bu yadlaşma getdikcə daha da dərinləşir. Kibrit qutusu kimi evlərin içində biz də kiçilirik, ruhumuz da daralır, “balacalaşır” və beləcə aşınıb gedirik. İnsanlar br-birindən qorunmaq üçün daş hasarlar çəkirlər, çünki bir-birilərinə inanmırlar…
Çox axmaq iş görüb insan, dünyada darıxmamaq, özünü önəmli hesab etmək üçün, həm də öz rahatı üçün “iş”i yaradıb. Zamanla  bu formal xarakter alıb, kiməsə əmr etmək üçün fürsət olub. İnsan başqa insanı yarqılamaq üçün qanunlar yaradıb, başqa birini asanlıqla mühakimə edə bilir, halbuki cinayətkarı cəmiyyət yetişdirir…!
Hər kəs belə təmizdir axı, bəs onda dünya niyə çirkab içində itib-batır, niyə qanları təmizləməyə daha  su da yetmir? Bir yazı çıxmışdı qarşıma keçən dəfə, Hanna Arendtin “Şərin banallığı: Eyxman Qüdsdə” əsəri haqda idi. Adolf Eyxman 6 milyon yəhudinin ölümündə günahkar bilinir. Hanna Arendt onun məhkəməsini izləyib sonra əsəri yazıb. Eyxman İsraildə mühakimə olunub, Hanna Arendt deyir ki, Eyxman kimilər aramızdadır, yəni onların heç bir ruhi problemi yoxdur. Eyxman öz vəzifə borcu kimi edib bunu, bir düşünün aramızda nə qədər eyxmanlar var, “n” qədərdi onlar. Elə göz görə-görə nələr edirlər. İnsanın xisləti budur, insan daim əməllərinə bəraət axtarır, Eyxmanın da dediyi kimi “Mən müharibənin qaydalarına əməl etməli idim və bayrağıma xidmət edirdim.” Acı gerçək budur…
Hərdən düşünürəm ibtidai insanlar bizdən daha xoşbəxt olublar, daha yaxşı yaşayıblar. Tək və əsas problemləri qida əldə etmək olub, biz isə min bir zəncirlə qandallanmışıq, özüm-özümüzə süni zəncirlər yaratmışıq, cinayəti yaradıb sonra da onu törədən insanı mühakimə etmək üçün qanun da yaratmışıq.
Eyni yollar, eyni insanlar… Hətta hər gün bir avtobusda, bir qatarda yol getdiyin eyni insanlar… Onlar da məni hər gün görür, mən də onları… Eyni avtobus və qatarda, amma fərqli istiqamətlərə gedirik, hərə öz dayanacağında düşür. Həyat da belədir. Eyni dünyanın fərqli həyatı olan insanlarıyıq. Nə qədər insan var, hərə öz həyatını yaşayır, amma fərqli şəkildə. Hər gün Qara Qarayev metrosunun yanında limon, alça satan lal kişini görürəm, qocadır. insanlara əlindəki limonu göstərib “nə olar, alın” deyən baxışları var, hər görəndə qəribə oluram. Arada ondan limon da alıram. Kaş elə edə biləydim ki, onun bütün ehtiyacları qarşılansın. Dünyanın hər yerində hamının yaxşı yaşamasını təmin edə bilmərik, mümkünsüzdür. Beləcə kənardan izləyirik…
Bilirsənmi niyə yorğunuq? Çünki qoca dünyanın, əsrlərdir düşünən insanların fikir yükünü çəkirik, ötürülə-ötürülə gələn düşüncə seli ağırlıq edir. Ən ali bəşər olan insanın etdiklərini anlaya bilmirik, şüurlu olan insan şüursuz dediyi heyvandan üstün nə edib ki? Ancaq dağıdıb, indi də davam edir… Gözü doymur, dəniz suyu kimi içdikcə susayır insan. Çox bədbin şeylər yazdım, deyəsən. Həyatda gözəlliklər də var, həm də çox böyük gözəlliklər, elə ən böyüyü gözəl görən ürəkdir, düşünən insandır. Bəlkə də güləcəksən ağac,yarpaq, çiçək, ot, günəş, torpaq, su, külək və digərləri hamısı gözəldir…Vicdanı təmiz, ürəyi gözəl hər insan gözəldir. Heç nə tam ağ və tam qara deyil, ağ da olmalıdır, qara da. Bəlkə də həyatın anlamı elə bundadır, hər şey əla olsaydı, bəlkə də anlamsız olardı… Avstriyalı yazar Robert Müzilin “Yeniyetmə Törlessin sarsıntıları” kitabını oxuyuram, adı mənə Hötenin “Gənc Verterin əzabları” kitabını xatırlatdı. Yeniyetmə insanın düşüncələri, özünü axtarış, nifrət, qəzəb, küskünlük, özünü təsdiqə meyillilik, hamımızın yaşadığı oxşar hisslər…
Bir çoxumuz elə bilirik ki, bu hissləri ancaq biz yaşamışıq amma yox. Hər yazarın əsəri elə onun özünün ifadəsidir, düşüncəsinin ifadəsidir, təbii ki, hara qədər ifadə edə bilirsə… Yüklərimizi bir az buraxaq, daxilimizə sakitlik verək, yaşadığımız problemlərin çoxunun süni, formal olduğunu bilirik, çoxunun elə bizim kimi insanlar tərəfindən yaradıldığını da bilirik, ruhunu azad burax, içində özünə yönəl. İnsan özünə məğlub olur. Bu daim belədi, heç kim bizi məğlub etmir, biz özümüzə məğlub oluruq. Gecə, saat, mən və klaviatura… Saat işləyir, “çıkk çıkk” səsələri də çəkdiyi əzabı bildirir, ağır-ağır hərəkət edir…İnsan bir şeyə alışdısa, elə də gedə bilir, çox şey belədi. Sabah yeni gün başlayacaq, bu günə bənzər yeni bir gün… Yaşadığımız heç bir günün təkrarı olmur, olmayacaq da, bunu bilə-bilə israf edirik həyatı, günləri… Ən əsası ömrümüzü… İnsanın ən böyük faciəsi özünü aldatması ilə başlayır… Özümü aldatmağım olub, kim aldatdı səni özündən çox? Heç kim, elə özüm.

Müəllif: Aida İsmayılova

Beyenmeler
13   0  
VN:F [1.9.16_1159]
Rating: +11 (from 15 votes)

One comment

Bir cavab yazın