ALLAHA DUA ETMƏYİN XEYRİ VAR, YA YOX?

Belə bir sual, din adamları üçün yoxdur, çünki ənənəvi dini duasız təsəvvür etmək olmaz. Ancaq bu yalnız inanca bağlı olan şeydir.

Mən isə istərdim, Allaha edilən dualara ağıl və məntiq baxımından yanaşım. Bu baxışın da yeri vardır, çünki istəsək ya istəməsək, bizim ağlımız var. Onun vasitəsi ilə biz düşünmə qabiliyyətinə malikik. Bununla da heyvanlardan fərqliyik.

İndi, gəlin baxaq, bu dünyada baş verən olaylara. Biz görürük ki, hər şey səbəb-nəticə qanununa bağlıdır. Deməli, bir şeyin baş verməsi üçün, ona gətirən səbəb olmalıdır. Örnək: binanı tikmək üçün layihə hazırlanmalı, materiallar işlənməli, fəhlələr işləməlidir. Bu səbəbdir. Tikilmiş bina isə nəticə.

Başqa tərəfdən isə bütün dünya qlobal bir struktur və sistemdir ki, burada hər şey bir birinə bağlıdır və hər bir olay bu sistemin olması üçün fəaliyyət göstərir. Örnək: Fəhlələrin işləməsi nəticəsində tikinti sahibi evi sifarişçiyə təhvil verir, o da orada sakinləri yerləşdirir, sakinlər orada həyat qurur. Eyni zamanda fəhlələr aldığı puldan ailələrini dolandırır, onların uşaqları məktəbə gedir və s. və s. və s. Bu sistemi sonsuzluğa qədər çəkmək olar.

Deməli, dünyamız bir-birinə səbəb-nəticə bağları ilə bağlı olan böyük bir strukturdur. Onun bir üzvü olmasa, deməli bütün olaylar pozulur. Məsələn, o fəhlə işləməsəydi, ailəsi dolanmazdı, uşaqları oxumazdı və gələcəkdə savadsız olardı. Belə olsaydı, onlar gələcəkdə ziyalı deyil, əkinçi olacaqdılar; tikinti gec təhvil veriləcəkdi; sakinlər bu səbəbdən gedib başqa evlər alacaqdılar, taleləri başqa olacaqdır və s. Deməli, bir fəhlənin işləməməsi bütün o zəncirvari səbəb-nəticə silsiləni pozur və tarix başqa istiqamətdə gedir.

İndi, Allaha dualar ediləndə nə baş verməlidir? Bu səbəb-nəticə və struktur sistemi qırılmalıdır. Deməli, Allah bir nəfərin istəyini ödəmək üçün sistemdən nəsə çıxartmalı, ya da əlavə etməlidir. Onda bu sistemin bütün üzvlərinə təsir edəcək və hadisələr silsiləsi köklü surətdə dəyişəcək.

Eyni zamanda, milyonlarla adamların duaları icra olsa, onda bütün dünya darmadağın olar. Çünki bütün səbəb-nəticə silsilələri dəyişmiş olacaq. O dualar yenə və yenə davam etdikcə, dünya milyonlarla dəfə dəyişməli olacaq. Onda dünyada xaos, hərc-mərclik, qarışıqlıq hökm sürər.

Örnək: Bir adam dua edir ki, ömrünü 2 il Allah uzatsın. Axı bu 2 il verilsə, o adam fəaliyyət göstərib başqa adamların və ətraf mühitin durumuna təsir edəcək. Deməli, bu iki il tarixi dəyişəcək. Milyonlarla insanlara 2 il əlavə verilsə, dünya gördüyümüz kimi olmayacaq, başqa cür olacaq.

Bütün bunlara görə Allaha dua etməyin mənasızlığı nəticəsinə gəlmək olar. Çünki Allah hər adamın duasını ödəsə, onda səbəb-nəticə pozulacaq və dünya dağılacaq. Halbuki, səbəb-nəticə qanununu elə Allah özü qoyub. Bu ziddiyətdir.

Beləliklə, dualar insana yalnız psixoloji təsəlli verə bilər. Onlar heç vaxt ödənə bilməz. Çünki bu məntiqi və əqli cəhətdən imkansızdır. İndi dua etmək ya etməmək hər adamın öz işidir. Ancaq bu kimi fikirləşəndə duaya heç bir ehtiyac qalmır. Sadəcə insan öz işini özü möhkəm tutmalıdır ki, dünyaya uyuşa bilsin.

Müəllif: Aydın Əlizadə

VN:F [1.9.16_1159]
Rating: +5 (from 29 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

One comment

Suleyman üçün bir cavab yazın Cavabı ləğv et