SOSİALLAŞMAQ NİYƏ ÖNƏMLİDİR ?

Xüsusi

Sosiallaşmaq təkcə yaxşı vaxt keçirmək üçün yox, həm də sağ qalma instinktlərimizi qidalandıraraq özümüzü təhlükəsiz və xoşbəxt hiss etmək üçün də vacibdir. Əslində, eynilə yemək və sığınacaq kimi əsas insani ehtiyaclarımızdan biridir.

“Maslow-un Ehtiyaclar Piramidası” kimi tanınan sxem 1948-ci ildə ilk dəfə hazırlananda, dünyadakı yerimizi və davranışlarımızı izah edən çox təməl bir model olaraq qəbul edildi.O vaxtdan bəri Maslow-un piramidası iqtisadiyyatdan sosiologiyaya qədər bir çox sahədə bizə yol göstərən və insanlığı anlamağa kömək edən bir model olmuşdur, lakin bu gün aparılan neyroelmi və psixoloji araşdırmalar bu piramidanın əsas ehtiyaclarımızı tam izah etmədiyini və həyati bir məqamı qaçırdığını ortaya qoyur: Sosial əlaqələr qurmaq.

Əsas insani ehtiyaclarımızı sadalayan ehtiyaclar piramidasının ən aşağısında qidalanma, sığınacaq, yuxu, cinsəllik/çoxalma və geyim kimi həyatda qalmağımızı təmin edən ehtiyaclarımız var. İkincisi təhlükəsizlik ehtiyacı, üçüncüsü aidiyyət və münasibət ehtiyacı, dördüncüsü hörmət və özünə inam kimi şəxsi və eqo ilə bağlı ehtiyaclardır. Piramidanın başında isə  özünü gerçəkləşdirmə və fərdi məmnunluq ehtiyacı yer alır.

Tanımadığımız bir planetdə yeni bir həyata başlamağı xəyal etdiyimiz zaman ehtiyaclarımızın nədən ibarət ola biləcəyini nəzərə alsaq, bütün bunlar məntiqlidir. Bununla belə, bu gün sinir sistemimiz və psixologiyamız haqqında bir çox yeni araşdırmalar aparılır və belə görünür ki, Maslow ən əsas ehtiyaclarımızı sadalayarkən “sosial əlaqələr qurmaq” ehtiyacımızı nəzərdən qaçırmış ola bilər. Çünki əsas ehtiyaclarımızın heç biri sosial əlaqələr olmadan edə biləcəyimiz şeylər deyil. Sığınacaq və qidalanmadan tutmuş özünü gerçəkləşdirməyə qədər, ehtiyacın bütün səviyyələrində sosial olaraq  əlaqədə olma ehtiyacı duyuruq. Ehtiyaclar piramidasının üçüncü səviyyəsi ailə və dostlarla münasibətdə olmağı ehtiva etsə də, sosial əlaqə bütün səviyyələrə təsir edən inklüziv bir anlayış kimi qəbul edilməlidir.

Dr. Pamela B. Ruthledge Psychology Today üçün yazdığı məqalədə bu məsələni belə izah edir: “İnsanların sosial heyvan olmasının yaxşı səbəbləri var. Əməkdaşlıq olmadan yaşaya bilmərik. Komanda işi olmadan nəhəng bir mamontu məğlub etmək, təhlükəsiz strukturlar inşa etmək və ya uşaq böyütmək mümkün deyildi. İndi bizim əməkdaşlığa olan ehtiyacımız mamontlarla mübarizə apardığımız vaxtdan daha çoxdur. Cəmiyyətlər daha mürəkkəb, daha çox iç-içə və daha özəldir. Sosial əlaqə bu kontekstdə fiziki və emosional sağ qalmaq üçün ilkin şərtdir”.

Yalnızlıq siqaret və şəkər xəstəliyindən daha zərərlidir

Sosial əlaqənin sağlamlığımıza təsirləri haqqında aparılan elmi bir araşdırmada, düzgün və güclü sosial aqələr qurmağın:

 

  • daha uzun yaşamaq şansını 50% artırdığı,
  • immunitet sistemini gücləndirdiyi,
  • xəstəliklərin sağalma sürətini artırdığı müşahidə olunub.

Araşdırmalar müəyyən edib ki, sosial əlaqənin olmaması sağlamlığa piylənmə, siqaret, diabet və yüksək təzyiqdən daha çox zərər verə bilər. Stanford Medicine-də dərc olunan başqa bir məqalədə, başqaları ilə sağlam sosial əlaqələri olan insanların narahatlıq və depressiya yaşama riskinin azaldığı, özlərinə daha güvənən və empatik fərdlər olduqları, özlərini daha təhlükəsiz hiss etdikləri ifadə edilir.

Vaqus siniri sosiallaşmaq istəyir

Son illərdə nevrologiya sahəsində aparılan tədqiqatlar sinir sistemimiz haqqında bizə olduqca təəccüblü məlumatlar verir. Xüsusilə orqanizmin ən uzun siniri olan və demək olar ki, bütün orqanlarımızın fəaliyyətinə təsir edən vaqus siniri  sosial əlaqədən birbaşa təsirlənir.

Simpatik sinir sistemi ‘savaş, qaç, don’ reaksiyaları kimi tanınan fövqəladə vəziyyət reaksiyaları verərək təhlükəsiz olmağımızı təmin edirsə, parasimpatik sinir sistemi isə istirahət halında olarkən rahatlamağımızı, orqanlarımızın effektiv işləməsini və həzz almağımızı təmin edir. Vaqus siniri düzgün vaqal tonda işləyirsə, parasimpatik sinir sistemini dəstəkləyərək güvən hissimizi qidalandırır.

Nevrologiya tədqiqatçıları düşünürlər ki, çətin vəziyyətlərin öhdəsindən gəlmək üçün sinir sisteminin verdiyi “savaş, qaç, don” reaksiyalarına artıq, yenisini də əlavə etməliyik: “Sosial əlaqələr qurun.” Çünki insanların milyonlarla ildir etdiyi kimi çətin vəziyyətlə üzləşdiyimiz zaman yanımızda birilərinin olub-olmadığını yoxlama ehtiyacı duyuruq  və xüsusilə də sosial transformasiyanın, hər gün daha çox insanın tənhalıqdan əziyyət çəkməsinə səbəb olması bizi sosiallaşmanın əhəmiyyəti haqqında daha çox düşünməyə sövq edir.

Bir sözlə, sinir sistemimiz özünü təhlükəsiz hiss etmək üçün ünsiyyət qurma ehtiyacı hiss edir. Hətta kiçik bir söhbətin də sağlamlığımıza böyük təsir göstərə biləcəyini artıq bilirik. Sosial olaraq  əlaqə qurmaq, həyatda qalma reaksiyalarımızdan biri olaraq prioritetimiz olmalıdır. Müsbət sosial siqnallar, yəni təbəssüm, göz qırpımı, yumşaq səs tonu vagus sinirini düzgün şəkildə stimullaşdırır və özümüzü təhlükəsiz hiss etməyimizə kömək edir.  Ünsiyyətlərimizdə və hətta bütün müanasibətlərimizdə bunu bilərək hərəkət etmək, bizə ehtiyaclarımızı anlamağa və başqalarına dəstək ola bilməyə kömək edəcək.

 

Mənbə: hthayat.haberturk.com
Müəllif: Duygu İslamoğlu
Hazırladı: Fidan Aslanova

Beyenmeler
1   0  
VN:F [1.9.16_1159]
Rating: +3 (from 3 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

BEYİN NECƏ QİDALANIR ?

Xüsusi

İnsan, inkişaf etmiş beyin funksiyaları ilə digər canlılardan fərqlənir. Bu gün, düzgün qidalanmamağın beyinə zərər verdiyi sübut edilmişdir.

Xəstələnməmişdən əvvəl sağlamlığı qorumaq üçün qidalanma ucuz, praktikdir və heç bir əks təsiri yoxdur. Ağır xəstəliyin müalicəsi həm çətin olur, həm də baha başa gəlir. Bunun üçün düzgün qidalanaraq beynimizi xəstəliklərdən qorumaq vacibdir. 

Təbiət hər cür sıxıntının çarəsini özündə barındırır. Təbiətdəki meyvələr, tərəvəzlər, şəfalı otlar, ədviyyatlar və heyvan mənşəli qidalar bizi daha sağlam və xoşbəxt etmək üçün nəzərdə tutulub.

Beyin qidalana bilərmi?
Beyin qanla beyinə daşınan qida maddələriylə qidalanır. Normal şəraitdə beyin üçün yeganə enerji mənbəyi qlükoza, yəni şəkərdir. Beyində şəkər səviyyəsinin azalmasına bağlı olaraq, huşunu itirməkdən komaya qədər bir çox simptomlar meydana gələ bilər. Bununla yanaşı, beyində şəkər səviyyəsinin artması da beyinə zərər verir.

Beyni qidalandıran və xəstəliklərdən qoruyan qidalar bunlardır:

B vitamini:   Bu vitamin əsasən ət, balıq, yağsız süd, qatıq, banan, yaşıl yarpaqlı tərəvəzlər və paxlalı bitkilərdə olur. Bu qidaları məqbul bir səviyyədə istehlak etmək vacibdir. Onun çatışmazlığında beyində və beynin əmrlərini yerinə yetirən sinir sistemində müxtəlif dərəcədə zədələnmələr baş verir. Əllərdə və ayaqlarda yanma, sancma, hissiyat qüsuru kimi əlamətlər meydana çıxır.
Vitamin E:   Bədənimizdə depolana bilən  bu vitaminin çatışmazlığı illərlə gizli qala bilər. Bu dövr böyüklərdə 15-20, uşaqlarda isə 2-3 ildir. E vitamini əsasən yerkökü, ispanaq, çiyələk, pomidor və tünd yaşıl yarpaqlı tərəvəzlərdə, fıstıqda, bitki yağlarında və buğdada olur. Bu vitamin yaddaşı və öyrənmə gücünü artırmaqla yanaşı, onun çatışmazlığı əl və ayaqlarda hissiyat qüsuru, güc itkisi və balanssızlıq kimi simptomlara səbəb ola bilir.
A vitamini:   Balıq yağında, yağda, qaymaqda, pendirdə, yumurta sarısında, kökdə,  kartofda, brokolidə, yaşıl yarpaqlı və sarı tərəvəzlərdə, dənli bitkilərdə, ərikdə olur. Onun çatışmazlığında işıqda görmə azalır; Həddindən artıq qəbul edilməsi isə beyində mayenin yığılmasına səbəb olur.
Vitamin D: Qaraciyərdə, balıqda, yumurtada, kərəyağında və göbələkdə olur. Bədənimizin bu vitamindən faydalanması üçün günəş işığı lazımdır. Onun çatışmazlığında əzələlərdə zəiflik, ağrı və balanssızlıq müşahidə edilə bilər.
Karbohidratlar və yağlar:  Çörək məhsulları, paxlalılar, kartof, şirniyyat, şəkər, banan, alma karbohidratla zəngin qidalardır. Beynin enerji mənbəyi olan qlükoza bu qrupdandır. Yağlardan, xüsusilə balıq yağlarından Omeqa 3 və bitki yağlarından Omeqa 6 həyati əhəmiyyət daşıyır. Bu yağlar Alzheimer xəstəliyi, baş ağrıları və konsentrasiya pozğunluqlarına müsbət təsir göstərir.
Zülallar: Bu vitamin bədəndə depolanmır. Xüsusilə körpəlikdən yeniyetməlik dövrünə qədər kifayət qədər protein qəbulu zəruridir. Zülalın qeyri-kafi qəbulu beyin inkişafının qarşısını alır və əqli geriliyə səbəb olur.
Su: Bədənimizin böyük bir hissəsini su təşkil edir.Xüsusilə qocalıqda az su qəbulu beyin funksiyalarını zəiflədir və şüurda pozulmalara gətirib çıxarır.

UŞAQLARDA HANSI QİDALAR BEYNİ QİDLANDIRIR ?

Beyin inkişafı ana bətnində başlayır və 5 yaşa qədər davam edir. Onun intellektual inkişafı isə ömür boyu davam edir. Doğuşun ilk ilində beyin üçün lazım olan bütün qidalar ana südündə olur. Sonrakı dövrlərdə başda süd olmaqla yumurta,ət,balıq,paxlalı bitkilər,yaşıl yarpaqlı tərəvəzlər və mövsüm meyvələrini yemək lazımdır. Uşaqlıq dövründə beyin inkişafı sürətli olur. Sadaladığım qidalarıən kifayət qədər qəbulu, lazım gələrsə, vitamin preparatlarının qəbulu beyni qidalandırır və gələcəkdə həyat keyfiyyətini artırır. “Fast food” tipli qidaların qəbulu artıq çəkiyə, bədən müqavimətinin azalmasına və yaddaş zəifliyinə səbəb olur.

QOCALIQ DÖVRÜNDƏ BEYİN QİDALANMASI NƏYƏ GÖRƏ ƏHƏMİYYƏTLİDİR?

Beyin qanla daşınan qida maddələri ilə qidalanır. İrəli yaşlarda beyinə gedən damarların strukturlarının pisləşməsi və qan axınının azalması səbəbindən qida maddələrindən faydalanma qabiliyyəti azalır. Beynin qida ehtiyacları yaşla dəyişir.  Uşaqlıq və yetkinlik yaşımızdakı qidalanma formasını irəli yaşlarda davm etdirsək,  nəinki beyin funksiyaları baxımından fayda əldə edə bilmirik və hətta  bir çox sağlamlıq problemlərini də dəvət etmiş oluruq.

Yaşlılıqda şəkərli diabet, yüksək təzyiq, yüksək xolesterin kimi sistem xəstəliklərinin meydana çıxması müəyyən qida maddələrinin həkim tərəfindən qadağan edilməsinə səbəb olur. Lakin qidalanmanın əsas məqsədi yaşa uyğun qidalar qəbul edərək xəstəliklərin qarşısını almaqdır.

Yaşlılıqda qırmızı ətdən çəkinmək, bunun əvəzinə ət ehtiyacını xüsusilə qatqılarla qidalanmayan balıq və toyuq əti ilə ödəmək lazımdır.Çoxlu yaşıl tərəvəzlər istehlak edilməlidir. Şəkərli, həddindən artıq duzlu, çörək məmulatları, düyü plovu, ağ çörək, bütün şirniyyatlar mümkün qədər pəhrizdən xaric edilməlidir. İrəli yaşlarda məqbul miqdarlarda süd və qatıq, təzə meyvə və tərəvəzlər, quru paxlalılar, balıq və ya balıq yağı, kəpəkli çörək istehlak etməkdə fayda var.  Bundan əlavə, həkimlə məsləhətləşərək əlavə vitaminlər və bitki mənşəli dərman preparatları qəbul edilə bilər.

BEYİN MƏNŞƏLİ XƏSTƏLİKLƏRDƏN QORUNMAQ ÜÇÜN NECƏ QİDALANMALIYIQ?

Beyin xəstəliklərinin yaranmasında təzyiq, yüksək şəkər kimi xəstəliklərin, genetik quruluş və ətraf mühit faktorlarının varlığı danılmazdır. Həyat üçün lazım olan qidaların kifayət qədər və düzgün qəbulu bir çox xəstəliklərin yaranmasının qarşısını alır.
Beyin qocalmasını ləngitmək:  Arı tozu, üzüm tumu, A, E, C və B vitaminləri, balıq, yaşıl çay, rozmarin, zəncəfil, şüyüd, reyhan və bitki növü olan “gingo biloba” faydalıdır. Təbii olaraq yetişdirilən yaşıl yarpaqlı tərəvəzlər və mövsümi meyvələrinin qəbulu artırılmalıdır.
Unutqanlıq və yaddaş zəifliyi: Vitamin B, balıq və balıq yağı, vitamin E və C, “gingo biloba”, adaçayı, yaşıl çay, meyvə çayları, qəhvə, çay, rozmarin, zəncəfil, qara bibər faydalıdır. Xüsusilə hil beyinə stimullaşdırıcı təsir göstərir.
İnsult ehtimalını minimuma endirmək:
Uşaqlıqdan yağlı, şəkərli və unlu qidalardan uzaq durmaq; heyvan mənşəli qidalardan balıq, toyuq, süd və qatıq yemək, bol tərəvəz və meyvə yemək; siqaret, spirt, “fast food” tərzi qidalardan uzaq durmaq, kökəlməmək insanı qoruyur.
Yuxu pozğunluğu: Bol tərəvəz və meyvə istehlak edilməli, qatıq və süddən başqa heyvan mənşəli qidalardan qaçınılmalıdır. Tərkibində melisa, razyana və çobanyastığı olan çaylar yuxusuzluğa yaxşı təsir edir. Axşam saatlarında qəhvə, çay və qazlı içkilər qəbul edilməməlidir.
Qidalanmada xüsusilə B vitaminləri bol istehlak edilməlidir. Badam, taxıl məhsulları, makaron, irmik, zeytun yağlı yeməklər, təzə süd məhsulları, meyvə şirələri, balıq istehlakı stressə yaxşı təsir edir. Bundan əlavə, reyhan, limon, nanə, qızılgül suyu tövsiyyə olunur.

Müəllif:        Dr.Serdar Dağ
Mənbə:        www.serdardag.com.tr
Hazırladı:      Fidan Aslanova

 

Beyenmeler
0   2  
VN:F [1.9.16_1159]
Rating: 0 (from 0 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

LOUISE L.HAY -DAN SEÇMƏLƏR

Xüsusi

İçinizdəki güclə nə qədər çox əlaqə qursanız, həyatınızın bütün sahələrində bir o qədər azad olacaqsınız.

Problemlərimizi və ya xəstəliklərimizi həyatımızı necə dəyişə biləcəyimizi düşünmək üçün bir fürsət olaraq görsək, güclənərik. Ölümcül xəstəliklərin öhdəsindən gələn bir çox insan, bunun, başlarına gələn ən yaxşı şey olduğunu və bunun sayəsində  həyatlarını dəyişdirmək şansına sahib olduqlarını söyləyirlər.

İndiyə qədər həyatınızda yaşadığınız bütün təcrübələr keçmişdən gələn inanclarınız və düşüncələrinizlə formalaşmışdır. Artıq, keçmişə utancla baxmağı buraxın. Keçmişi həyatınızın bir hissəsi və zənginliyi kimi görün. Bu zənginlik olmasaydı, bu gün burda olmazdıq. Daha yaxşısını etmədiyiniz üçün özünüzü davamlı olaraq yerdən yerə vurmağınıza gərək yoxdur. O vaxt ən yaxşı bildiyiniz şəkildə hərəkət etmişdiniz və bu onsuz da, əlinizdən gələnin ən yaxşısı idi. Keçmişi sevgi ilə buraxın və sizi, bu yeni fərqindəliyə çatdırdığı  üçün ona təşəkkür edin.

Özümüzü sevməyi öyrənib Yüksək Gücə inandıqca, sevgi dolu bir dünyanın Sonsuz Ruhunu yaradan köməkçi işçilər halına gəlirik. Özümüzə olan sevgimiz, bizi qurbandan çempiona çevirir. Özümüzə olan sevgimiz sayəsində, möhtəşəm təcrübələri özümüzə çəkirik. Özlərini yaxşı hiss edən insanların adətən təbii bir şəkildə cazibəli olduqlarına heç fikir vermisiz ? Özlərinə xas bir tipləri olur və bu möhtəşəm bir şeydi. Həyatlarından məmnundurlar. Hər şey asan bir şəkildə və əziyyət çəkməklərinə ehtiyac qalmadan ayaqlarına gəlir.

Siz kimsiz? Bura nəyi öyrənməyə gəlmisiz? Nəyi öyrətməyə gəlmisiz? Hamımızın bənzərsiz bir məqsədi var. Biz şəxsiyyətimizdən, qorxu və ya xəstəliklərimizdən daha artıq bir şeyik. Bədənlərimizin çox üstündəyik. Planetdəki hər kəs və həyatdakı hər şeylə bağlıyıq. Hamımız ruh, enerji, işıq, dalğa və sevgiyik.

Düşüncələrimiz çox sürətli bir şəkildə zehnimizə çatır, buna görə də ilk etapda onları formaya salmaq çətindir. Digər tərəfdən, ağzımız daha yavaşdı. Buna görə də, söylədiklərimizi dinləyərək danışıqlarımızı düzəltməyə başlasaq və ağzımızdan neqativ şeylərin çıxmasına icazə verməsək, düşüncələrimizi formalaşdırmağa da başlaya bilərik.

Ağzımızdan çıxan sözlərin inanılmaz bir gücü var və bir çoxumuz bunun önəminin fərqində belə deyilik. Gəlin, elə indi, sözləri, həyatımızda durmadan yaratdığımız şeylərin mənbəyi hesab edək. Sözləri davamlı olaraq işlədirik, hətta bəzən gəvəzəlik edirik, ancaq, bunu edərkən həqiqətən nə dediyimizi və ya necə söylədiyimizi düşünmürük. Kəlmə seçimimizə, hardasa, heç diqqət etmirik. Hətta bir çoxumuz neqativ şəkildə danışırıq.

Əgər xoşbəxt bir həyatımız yoxdursa, anamızı və atamızı və ya onları  günahlandırmaq son dərəcə asandır. Və bütün bunların, onların günahı olduğunu söyləmək  də. Çünki bunu edərək sadəcə mövcud şərtlərin, problemlərin və qəzəbimizin içində ilişib qalırıq. Günahlandırmaq bizi azad etmir.

Ağzınızdan çıxanları dinləməyə başlayın. Əgər neqativ və ya sərhədləyici sözlər söylədiyinizi eşitsəniz, onları dəyişdirin. Mən neqativ bir şey eşitdiyim zaman, gedib bunu hamıya danışaraq təkrarlamıram. Zatən kifayət qədər anlatılmışdır deyə düşünürəm və keçib getməyinə icazə verirəm. Lakin nə vaxt pozitiv bir şey eşitsəm, o dəqiqə gedib onu hamıya danışıram.

“İşə getməyə məcburam, bunu eləməyə məcburam… Məcburam … Məcburam,” deyərək, üzərimizdə qorxunc bir basqı yaradırıq. Bunun əvəzinə, artıq “Seçirəm,” deməyə başlayaq. “İşə getməyi seçirəm, çünki kirayəmi bu şəkildə ödəyirəm.” Seçirəm sözü, həyatımıza tamamailə fərqli bir perspektiv qatır. Elə görünməsə belə, etdiyimiz hər şeyin, öz seçimimiz olduğunu ifadə edəcək.

Gecə yatağınıza uzanmazdan öncə ən son nə düşünürsüz? Bunlar güclü və yaxşılaşdırıcı düşüncələrdir, yoxsa yoxsulluqla bağlı narahatlıq yaradan düşüncələrdir? Yoxsulluq deyərkən, sadəcə pulsuzluğu nəzərdə tutmuram. Həyatımızdakı hər hansı bir şeylə bağlı neqativ düşünmək ola bilər. Hal-hazırda, çox da yolunda getməyən hər hansı bir şey. Sabahla bağlı narahatlıqlarınız varmı? Mən yatamdan öncə adətən pozitiv şeylər oxuyuram, çünki yatarkən məni bir sonrakı günə hazırlayan bir çox təmizlik etdiyimin fərqindəyəm.

Özümə, başqalarının gözündə qəbul görən biri olmaq üçün əlləşməkdənsə özüm olmaq üçün icazə verdim.

Pis xəbərləri yaymaq mövzusunda son dərəcə sürətliyik. Bu həqiqətən də təəccüblüdü. Qəzet oxumağı və gecə xəbərlərini izləməyi tərgitdim,  çünki hamısı ya bir qəza ya da bir fəlakətlə bağlı idi və içlərində çox az yaxşı xəbərlər var idi. Bir çox insanın yaxşı xəbər eşitmək istəmədiyinin fərqinə vardım. İnsanlar pis xəbər eşitməyi çox sevirlər, çünki bu şəkildə şikayət edə biləcəkləri şeylər tapırlar. Dünyada sadəcə pislik olduğuna inanır və pis hekayələri durmadan təkrarlayırıq.

Qeybət etməyi tərgitdim və heç kimə deyəcək bir şeyim qalmadığının fərqinə vardım. Nə vaxt bir dostumla qarşılaşsam, ən yeni qeybətləri etdiyiminin fərqinə vardım, Nəhayət, danışmağın başqa yolları olduğunu da kəşf etdim, ancaq, əlbəttə, oturmuş vərdişləri qırmaq çox asan olmadı. Biriləri haqqında qeybət etdiyim zaman, demək ki, biriləri də mənim haqqımda qeybət edirdi , çünki nə əkiriksə, onu biçirik.

Bir an düşünün. Hal-hazırda həqiqətən nə istəyirsiniz? Hal-hazırda həqiqətən istədiyiniz şey nədir? Əvvəlcə fikirləşin, sonra da belə deyin: “Özüm üçün ____________ ( istədiyiniz şey hər nədirsə ) qəbul edirəm. ” Bir çoxumuzun burda ilişb qaldığının fərqinə vardım.
Əsl səbəb, istədiyimiz şeyi haq etmədiyimizə inanmağımızdır. Fərdi gücümüz, özümüzü bir şeylərə layiq görüb-görməməyimizlə bağlıdır. Bir şeyi haq etmədiyimizə olan inancımız, uşaqlığımızdan gələn mesajlarla əlaqəlidir. Yenə də bu meajlar səbəbiylə hiss etdiyimiz şeyləri dəyişdirə bilməyəcəyimizi düşünməyin.

“Bilməli olduğum hər şey mənə göstərilər. ”
“Ehtiyacım olan hər şeyən mükəmməl yerdə və zamanda mənə gələr. ”
“Həyat bir sevinc mənbəyidir və içi sevgiylə doludur. ”
“Sevirəm, sevilə bilərəm və sevilirəm. ”
“Sağlamam və enerji doluyam. ”
“Yönəldiyim hər yerə bərəkət saçıram. ”
“Dəyişməyə və böyüməyə niyyətliyəm,” və
“Mənim dünyamda hər şey qaydasındadır.”

Özüm də buna daxil olmaqla, həmişə 100 faiz pozitiv ola bilmədiyimizi öyrənmişəm. Lakin, mümkün olduğu qədər çox həyatı möhtəşəm və sevinc dolu bir təcrübə kimi görürəm. Güvəndə olduğuma inanıram. Bunu, özüm üçün şəxsi bir qanun halına gətirdim.

Həyatımda tərs gedən bir şey olduğu zaman, dərhal belə düşünməyə başlayıram: “Hər şey qaydasındadı. Problem yoxdur. Bu bir dərsdir, bir təcrübədir və mən bunu da atlatacam. Burda ən yüksək yaxşılığım üçün gərəkli olan bir şey var. Hər şey qaydasındadı. Sadəcə nəfəs al. Problem yoxdur. Özümü sakitləşdirmək üçün əlimdən gələnin ən yaxşısını edirəm. Beləcə, olan-bitən haqqında məntiqli düşünə bilirəm və əlbəttə hər şeyin üzərindən keçirəm. Bu, biraz zaman alsa da çox böyük fəlakətlər kimi görünən şeylərin sonda yaxşı ilə nəticələndiyinin fərqinə varıram. Və ya ən azından ən başda sandığım qədər fəlakət bir durum olmadıqlarını görürəm. Hər hadisə, öyrədici bir təcrübədir.

Özümlə bağlı inandığım hər şeyin gerçəkləşdiyini bilirəm, buna görə də özümlə bağlı möhtəşəm şeylərə inanmağı seçirəm.

Həyatınızın idarəçisi sizsiniz, buna görə də sırf çap olunub deyə, yazılan bir şeyin xətalı ola bilməyəcəyini düşünməyin.

Həyat həqiqətən sizin üçün burdadır. Tək ehtiyacınız olan şey, istəməkdir. Həyata istədyiniz şeyi söyləyin və yaxşı şeylərin gerçəkləşməsinə icazə verin.

Uğursuz olduğumuz zaman və ya bir şeyi yalnış etdiyimiz  zaman özümüzü suçlamağımıza heç gərək yoxdur. Özümüzü günahkar hiss etmək məcburiyyətində deyilik. Suçlamaq deyə bir şey yoxdur. Heç kim, heç nəyi yalnış etmir. Bir insan, o andakı anlayış və fərqindəlik səviyyəsində əlindən gələnin zatən ən yaxşısını edir. Hamımızın içində bir Güc olduğunu və hamımızın buraya müəyyən şeyləri öyrənmək üçün gəldiyimizi lütfən xatırlayın. Yüksək Mənliyimiz bu həyatdakı qədərimizin nə olduğunu bilir və inkişaf prosesimiz üçün necə irəliləyəcəyiksə, o şəkildə hərəkət edirik. Yalnış yön xeyə bir şey əsla yoxdur. sadəcə yön var. Hamımız sonsuzluğa doğru gedən möhtəşəm bir yolçuluqdayıq və ömür üzərinə ömür yaşayırıq. Bu həyatda çözə bilmdiyimiz şeyləri, inanıram ki bir digər həyatda edəcəyik.

Depressiv biri üçün tövsiyyə edə biləcəyim çözüm yollarından biri, çox yaxşı bir qidalanma mütəxəsisi ilə işləyib gündəlik yemək vərdişlərini həqiqətən təmizləmək olacaqdır. Bunun, zehinə necə yararlı olduğu inanılmazdır. Depressiyaya girmiş insanlar adətən pis qidalanırlar və bu, zaten var olan problemlərini daha da böyüdür. Hamımız hər zaman ən yaxşı seçimləri etmək istəyirik. O halda, bədənimizə girən qidalarla bağlı da vəziyyət eynidir.

Müəllif: Louise L.Hay
Hazırladı: Fidan Aslanova 

 

 

Beyenmeler
0   0  
VN:F [1.9.16_1159]
Rating: +2 (from 2 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

“MAQNEZİUM” MİNERALININ İNSAN SAĞLAMLIĞINDAKI ROLU

Xüsusi

Maqnezium, bədənin funksiyası üçün çox önəmli bir mineraldır və bədəndə ən çox olan 4-cü mineraldır. Bədən bu mineralı özbaşına yaratmadığı üçün qidalar və lazım gələrsə, qida əlavələri vasitəsilə qəbul edilməlidir.

Bu mineral, enerjinin yaranması, qan təzyiqinin nizamlanması, sinir siqnalının ötürülməsi  və əzələ yığılması daxil olmaq üzrə insan sağlamlığı üçün gərəkli olan 300-dən çox metabolik reaksiyada iştirak edir. Bütün bu funksiyaların yerinə yetirilə bilməsi üçün nizamlı olaraq qəbul edilməli və bədəndəki rezervlər doldurulmalıdır. İnsan bədənində maqneziumun 60%-i sümük və dişlərdə, 39%-i yumşaq toxumalarda, qalan 1 %-i isə qanda olur. Maqnezium, beyində və ürəkdə digər orqanlara nisbətən daha intensivdir.

Maqnezium normal qan təzyiqini qorumağa, sümükləri gücləndirməyə və ürək ritmini sabit saxlamağa kömək edir. Aşağı maqnezium səviyyələri qısa müddətdə simptomlara səbəb olmasa da,  2-ci tip şəkərli diabet, ürək xəstəliyi, əhval-ruhiyyədə pozulmalar və miqren kimi xəstəliklərlə əlaqəlidir.

Tövsiyyə olunan miqdarda maqnezium qəbul etməyən yetkin insanlarda iltihabın artması ehtimalı daha yüksəkdir. İltihablanma isə, öz növbəsində  ürək sağlamlığı, şəkərli diabet və bəzi xərçəng növləri ilə əlaqələndirilmişdir. Bundan başqa , maqneziumun aşağı olması osteoporoz( sümük əriməsi ) üçün risk faktorudur. Maqnezium və digər minerallarla zəngin qidalar yeyilməsinin, hipertoniya olan insanlarda yüksək təzyiqin qarşısını almağa kömək edə biləcəyinə dair sübutlar var.

Damara və ya əzələdaxili  vurulan maqnezium hamiləlik dövründə eklampsiya və ağır astma atakları kimi xəstəliklərin müalicəsi üçün istifadə olunur. Maqnezium bir çox antasid və laksatiflərin əsas tərkib hissəsidir.

4 yaşdan yuxarı sağlam insanlar gündə 375 mq maqnezium qəbul etməlidirlər. Maqnezium çatışmazlığı vəziyyətində həkimlər daha yüksək dozalar qəbul etməyi tövsiyə edə bilərlər. Xəstənin, qida əlavəsinə ehtiyacı olmadığı zamanda da əlavəni dayandıra bilərlər.

MAQNEZİUMUN FAYDALARI NƏLƏRDİR ?

• Beyində kortizolu ( stres hormonu ) balanslaşdıran ən təsirli vitamin maqneziumdur.

• Bədənin daxili tarazlığını qorumaq üçün qan səviyyəsi normal olaraq qalmalıdır. Ancaq, yalnış qidalanma və bədənə qəbul edilən  bəzi qida maddələri qan səviyyəsinə mənfi təsir göstərdiyi zaman, maqneziumun vəzifəsi bu tarazlığı qorumaqdır.

• Maqnezium elementi xoşbəxtlik hormonunu tarazlıqda saxlamaq üçün vacibdir. Bədəninizdə kifayət qədər maqnezium varsa, depressiya və narahatlıq pozulmaları yaşamaq ehtimalınız azalır.

• Bədəndəki yorğunluğun və tükənmənin azalmasına kömək edir.

• Elektrolit balansına kömək edir.

• Diş sağlamlığının qorunmasında təsirli bir elementdir.

• Hüceyrə bölünməsində əhəmiyyətli funksiyalara malikdir.

• Əzələ funksiyalarının və enerji istehsal mexanizmlərinin həyata keçirilməsinə kömək edir.

• Hüceyrələri alüminium, nikel, kadmium, civə və qurğuşun kimi zərərli elementlərdən qoruyur.

• Kalsium və kaliumun orqanizmdəki funksiyasını artırır.

 MAQNEZİUM ÇATIŞMAZLIĞI:

Günümüzdə, qidaların emalı zamanı, onların tərkibindəki maqneziumun azalması vəziyyəti gerçəkləşir. Yaxud, uzun müddət bişmiş tərəvəzlərdə maqnezium səviyyəsi  olduqca aşağı olur. Qəbul etdiyimiz qidalarda maqnezium səviyyəsinin azalması və qidalanma vərdişlərimizin dəyişməsi səbəbiylə maqnezium çatışmazlığı anlayışı olduqca məşhurdur.

Tibbi dildə maqnezium çatışmazlığına hipomaqnezemiya deyilir. Həddindən artıq tərləyən və ya müəyyən dərmanlardan istifadə edən insanlarda maqnezium ifrazı daha yüksəkdir. Stres və hamiləlik kimi vəziyyətlərdə bədənin ehtiyac duyduğu maqnezium miqdarı artır. Yaş artdqıca və ya mədə -bağırsaq xəstəliklərinin olması səbəbindən bağırsaqlarda sorulma azaldıqca tələb olunan maqnezium miqdarı artır. Bədən xaricdən ehtiyac duyduğu maqneziumu kifayət qədər ala bilmirsə, sümüklərdə depolanmış maqneziumu istehlak etməyə başlayır.

Maqnezium çatışmazlığına səbəb olan amillər; 2-ci tip şəkərli diabet, narkotik asılılığı, siqaret çəkmək, böyrək və qaraciyər xəstəlikləri, yanlış yemək vərdişləri, stresli bir həyat sürmək, sidikqovucu dərmanların həddindən artıq istifadəsi, antibiotiklərin tez -tez və müntəzəm istifadəsi, kifayət qədər qidalanmamaq, həddindən artıq spirt istifadəsi, çölyak xəstəliyi, Crohn xəstəliyi  və qocalıqdır .

Maqnezium çatışmazlığının simptomları kimi iştahsızlıq, ürəkbulanma, qusma, saç tökülməsi, qəbizlik, yorğunluq və halsızlıq göstərilə bilər. Daha ağır hallarda; əzələ tutulmaları, ürək aritmiyaları, uyuşma, konsentrasiyanın pozulması, zehni qarışıqlıq, fibromialgiya meydana çıxa bilər.

Maqnezium çatışmazlığının müalicəsində maqnezium dərmanları və tərkibində maqnezium olan multivitaminlər istifadə olunur. Çatışmazlığın çox yüksək olduğu hallarda maqnezium venadaxili olaraq verilə bilər. Təbii olaraq yüksək miqdarda maqnezium ehtiva edən qidaları qəbul etmək, siqaret və spirt istifadəsindən imtina etmək də müalicə planına daxil edilə bilər.

HİPOMAQNEZEMİYANIN ( MAQNEZİUM ÇATIŞMAZLIĞI ) YARATDIĞI SAĞLAMLIQ PROBLEMLƏRİ:

• Osteoporoz (sümük əriməsi)

• 2-ci tip şəkərli diabet

• Hipoqlikemiya ( qanda şəkərin normadan az olması )

• Astma ataklarının şiddətlənməsi

• Hipertoniya

• Depressiya

• Ürək xəstəlikləri

• Narahat ayaqlar sindromu

• Tənəffüs xəstəlikləri

• Miqren simptomlarında artma

CİDDİ MAQNEZİUM ÇATIŞMAZLIĞI NADİR HAL OLSA DA, BƏZİ İNSANLAR RİSK ALTINDADIR. BELƏ Kİ, 

• Böyrək xəstəliyi olanlar

• Crohn xəstəliyi və ya həzmə mənfi təsir edən xəstəlikləri olan insanlar

• Paratiroid problemi olanlar

• Diabet və xərçəng üçün müəyyən dərmanlar qəbul edənlər

• Yaşlılar

• Həddindən artıq spirtli içki qəbul edən şəxslər

• Feldşerlər

MAQNEZİUM DOZALARI:

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, sağlam bir insan orta hesabla gündə 280-350 mq arasında maqnezium qəbul etməlidir. İnsanlar adətən  gündəlik maqnezium dozalarını yeməkdən alırlar və əlavə qəbul etmələrinə ehtiyac yoxdur. Yeməkdən təbii olaraq yüksək miqdarda maqnezium əldə etmək təhlükəsiz olsa da,  çox miqdarda qida əlavələri qəbul etmək etmək təhlükəli nəticələrə səbəb ola bilər. Maqnezium əlavələrinin şüursuz və həddindən artıq istifadəsi zəhərli ola bilər.

TƏBİİ MAQNEZİUM MƏNBƏLƏRİ NƏLƏRDİR?

İspanaq kimi yaşıl yarpaqlı tərəvəzlər, fındıq, qoz, alça qurusu, badam, qarpız, xaş-xaş  toxumu, şalğam, badımcan, xurma,  kərəviz, lobya, noxud, soya, süd, qatıq, qabıqlı çərəzlər, banan, avokado, qara şokolad, günəbaxan toxumu, küncüd, dil balığı, tam taxıllar, sərt sular maqneziumun təbii qaynaqları arasındadır. Əlbəttə ki, bütün qidaları yemək və ayrı -seçkilik etməmək həmişə ən yaxşı həlldir. Çünki emal zamanı maqnezium itkisi baş verə bilər.

MAQNEZİUM QİDA ƏLAVƏSİ

Maqnezium qəbulunu artırmaq üçün bir çox insan maqnezium əlavələrinə üstünlük verir. Ancaq, qida əlavəsi formasında bir neçə maqnezium növü olduğundan, ehtiyaclarınız üçün hansının uyğun olduğunu təyin etməli və buna uyğun olaraq hərəkət etməlisiniz.

MAQNEZİUM QİDA ƏLAVƏLƏRİNİN RİSKLƏRİ:

Yan təsirləri:  Maqnezium əlavələri ürəkbulanma, spazma və ishala səbəb ola bilər. Maqnezium əlavələri ümumiyyətlə nəcisin yumşalmasına səbəb olur.

Qarşılıqlı təsirlər: Maqnezium əlavələri, ürək dərmanları və antibiotiklər də daxil olmaqla bəzi dərmanlarla qarşılıqlı təsirdə ola bilərlər. Buna görə də, maqnezium əlavələri qəbul etməzdən əvvəl mütləq həkiminizlə məsləhətləşin.

Risklər: Şəkərli diabet, bağırsaq xəstəliyi, ürək xəstəliyi və böyrək xəstəliyi olan insanlar həkimlə məsləhətləşmədən əvvəl maqnezium əlavələri qəbul etməməlidir.

Artıq doza: Maqneziumun həddindən artıq dozasının simptomları; ürəkbulanma, ishal, aşağı təzyiq, əzələ zəifliyi və yorğunluq ola bilər. Çox yüksək dozada maqnezium qəbulu ölümcül ola bilər.


Mənbə: https://www.acibadem.com.tr/

Hazırladı: Fidan Aslanova

 

Beyenmeler
0   1  
VN:F [1.9.16_1159]
Rating: 0 (from 0 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

OSHO – “QORXU” KİTABINDAN SEÇMƏLƏR

Xüsusi

Heç müşahidə eləmisən? Problem, sadəcə sən onu düşündüyün zaman var. Yaşlılığı düşünsən, qorxarsan, ancaq, yaşlı insanlar titrəmir. Xəstəliyi düşünsən, qorxarsan – xəstəlik olduğu zaman qorxu yoxdur, problem yoxdur. İnsan onu bir gerçək olaraq qəbul edər. Əsl problem, hər zaman psixolojdir. Fiziki acı, həyatın bir hissəsidir. Onun haqqında düşünməyə başladığın zaman, bu, fiziki acı olmaqdan çıxır, tamamilə psixoloji olur. Ölümü düşünür və qorxursan. Lakin ölüm olduğu zaman, qorxu yoxdur. Qorxu, hər zaman gələcəkdəki bir şeylə bağlıdır. Qorxu, indiki zamanda var olmaz.

İnsanların, özlərini hər hansı bir vəziyyətə uyğunlaşdıra bilmək kimi inanılmaz bir potensialı var.

Sadəcə yer üzünə elə belə bir göz atsan, görəcəksən – insan, minlərlə fərqli iqlimdə, coğrafi, siyasi, sosioloji və dini şərtlərdə yaşayır, lakin, yaşamağı bacarır. Və yüz illərdir də yaşayıb… Bir şeylər dəyişməyə davam edir, o da özünü uyğunlaşdırmağa davam edir.

Nə zaman birisi ölsə, növbəti dəfə ölümlü bir varlıq olduğun, ölümün səni hər an ala biləcəyi xatırladılır.

Qorxunu bir kənara buraxmağın tək bir yolu var, bütün enerjini özəl olmağa xərcləmək yerinə, özün olmağa xərcləmək. Özünü tap, çünki özəl olmağa çalışarkən, getdikcə özündən daha uzağa qaçırsan. Bunun tamamilə fərqində olmağın yaxşıdır; özündən nə qədər uzaqlaşsan, ölümsüz olduğun, ölümün olmadığı gerçəyindən də o qədər uzaqlaşarsan.

Hər an nə edirsənsə, onu tam et. Sadə şeylər- duş qəbul edirsən, duş qəbul et.. dünyanı unut; oturursansa, otur; yeriyirsənsə, yeri.. səndələmə; duşun altında otur və bütün varoluşun üzərindən axdığını hiss et. Üzərindən axan o gözəl su damcılarıyla bütünləş. Kiçik şeylər.. evi təmizləmək, yemək hazırlamaq, paltarları yumaq, səhər gəzintisinə çıxmaq – bunları tam et. O zaman meditasiyaya ehtiyacın qalmaz.
Meditasiya, bir şeyləri tam etməyi öyrənməyin bir yoludur sadəcə – bir dəfə öyrəndinmi, bütün həyatını bir meditasiyaya çevir, digər bütün meditasiyaları unut, qoy həyat yeganə kriteriyan, yeganə meditasiyan olsun. Və zaman itsin.

Lakin, bir insana sahib olmağa çalışdığın zaman, qorxu başlayır. Kim bilir, dünən sənin deyildi, bugün sənindir… Kim bilir, sabah başqa birisinin ola bilər. Qorxu artır. Qorxu, sahib olmaq arzusundan doğur; artıq bir şeydir; sahib olmaq istəyirsən, buna görə də qorxu başlayır. Əgər sahib olmaq istəməsən qorxu da olmaz.

Anını yaşamağa başlasan, qorxu itər. Qorxu, arzu ilə birlikdə doğulur. Buna görə də, təməl olaraq, arzu qorxunu yaradır.

Bir qadına və ya bir kişiyə necə sahib ola bilərsən? Bu necə də absurd, ağılsızca bir fikirdir. Sadəcə əşyalara sahib ola bilərsən, insanlara yox.
Bir insan, bir azadlıqdır. İnsan azadlığından dolayı gözəldir.
Bir qadını sevirsən, çünki o azadlıqdır. Sonra onu qəfəsə salırsan; sonra qanunlara müraciət edir və onunla evlənirsən. Sonra onun ətrafında gözəl, bəlkə də qızıldan bir qəfəs düzəldirsən, almazlarla bəzəyirsən, lakin, o artıq eyni qadın deyil.

Ölməkdən qorxursan? Ölə bilməzsən, çünki əvvəldən sən yoxsan. Necə ölə bilərsən? Mənliyinə bax, dərinliklərinə en. Öləcək kim var ? Dərinlərə baxdığın zaman, orada bir mənlik, bir eqo tapa bilməyəcəksən. O zaman, ölüm ehtimalı da olmayacaq. Sadəcə eqo düşüncəsi ölüm qorxusu yaradır. Eqo olmadığı zaman, ölüm də olmaz. Mütləq bir səssizlik, ölümsüzlük, sonsuzluq olursan – sən olaraq yox; lakin, açıq bir göy üzü olaraq, heç bir “mən”, mənlik düşüncəsi ilə ləkələnmədən, sərhədsiz, tərifsiz..  Onda, qorxu da olmaz.

Əgər sevə bilsək, əgər yaşaya bilsək, sadəcə bugün də kifayət edər.

Bir insan, bilinənə bağlandığı anda ölmüş deməkdir.

İnsan macərapərəst olmalı, bilinməyən üçün bilinəni riskə atmağa hazır olmalıdır. Və insan azadlığın.. qorxusuzluğun həzzini daddısa, əsla peşman olmaz, çünki o zaman,  maksimum səviyyədə yaşamağın nə demək olduğunu bilmiş olar.

Müəllimlər bilmir, professorlar bilmir, rahiblər bilmir, amma bilmədən, bilirmiş kimi davranmağa davam edirlər.

Gerçəklik, əsla problem deyildir; problemi yaradan, gerçəkliklə bağlı fikirlərdir. Buna görə də anlamalı olduğun ilk şey odur ki, psixoloji acını aşdığın zaman heç bir problem qalmayacaq. Onda, anını yaşamağa başlaya bilərsən.

Psixoloji acı keçmişdən və gələcəkdən qaynaqlanır, indiki zamandan yox.

Ayağın sınıbsa sınıb. Bu bir “problem” deyil. Yeganə problem, xəyal gücündədir: “Ayağım sınıqdırsa, onda neyniyəcəm? Bundan necə qaçacam və ya sanki ayağım heç qırılmamış kimi necə davranacam?” Əgər bu tip şeylərdən qorxsan, yaşaya bilməzsən. Çünki, ayaqların sına bilər, boynun sına bilər, gözlərin kor ola bilər, hər şey mümkündür. Milyonlarla ehtimal var və əgər sən mümkün olan bütün bu problemləri düşünüb dursan…  Onların mümkün olmadığını söyləmirəm, hamısı mükündür. Xərçəng ola bilər, tüberküloz ola bilər, ölüm ola bilər; hər şey mümkündür. İnsan müdafiəsizdir. Çölə, yola çıxa bilərsən və səni maşın vura bilər.

Sadəcə həyatı izlə: Həyat heç bir zaman problem deyil. Biz gerçəyə uyğunlaşmaq üçün inanılmaz bir potensiala sahibik.  Özünü  gələcəkdən qorumağa çalışdığın zaman, çətinlik yaranır, xaos yaşayırsan. Dağılmağa başlayırsan. O  zaman, milyonlarla problem çıxır. .. Problem, problem.

Xəstələnsəm, xəstələnəcəm. Narahat olacaq nə var? Bütün bu təlaşa nə ehtiyac var?  Ölsəm, öləcəm.
Bir problemin yerə ehtiyacı var. İndiki zamanda yer yoxdur. Hadisələr sadəcə olur, düşüənəcək zaman yoxdur. Keçmişi düşünə bilərsən, çünki məsafə var; gələcəyi düşünə bilərsən, yenə də məsafə var. Əslində, gələcək və keçmiş narahat olaq deyə bizə yer açmaq üçün yaradılmışdır. Və nə qədər çox yerin olsa, o qədər çox narahatlığın olar.

Problem, bir şey orda olmadığı zaman və sən onun orda olmağını istədiyin zaman və ya bir şey orda olduğu zaman və sən onun orda olmasını istəmədiyin zaman ortaya çıxır.

Bu, insanın yüz illərdir etməyə çalışdığı şeydir; ayırmaq, bir şəkildə dünyanın bütün xoşbəxtliklərinə sahib olmaq, heç acı yaşamamağa çalışmaq. Ancaq, bu mümkün deyil. Nə qədər çox xoşbəxtliyin olsa, o qədər çox acın olar. Zirvə nə qədər yüksəkdirsə, yamacındakı dərə o qədər dərindir. Dərəni istəmir, amma zirvə istəyirsən? O zaman zirvə də olmaz; zirvələr sadəcə dərələrin olduğu yerdə olur. Dərə, bir zirvəni mümkün edən bir şərtdir, sadəcə. Onlar bitişikdir.
Xoşbəxtlik istəyirsən, ancaq acı istəmirsən. Məsələn bir qadını və ya bir kişini sevirsən və o insan səninlə olanda xoşbəxtsən. İndi, nə vaxt yanında olsa xoşbəxt olmaq istəyirsən, lakin getdiyi zaman acını dadmaq istəmirsən. Əgər bir qadın səninlə birlikdəykən həqiqətən xoşbəxtsənsə, getdiyi zaman ayrılığın acısından necə qaça bilərsən ? Onun üçün darıxacaqsan, yoxluğunu hiss edəcəksən. Yoxluğun acını gətirməsi qaçınılmazdır. Əgər həqiqətən heç acı çəkmək istəmirsənsə, onda bütün xoşbəxtliklərdən də uzaq durmalısan. Onda, qadın orda olduğu zaman xoşbəxt olma, həmişə üzgün qal; Həmişə üzgün qal ki, o getdiyi zaman problem olmasın. Biri səni salamlasa və sən xoşbəxt hiss etsən, o zaman biri səni təhqir edəndə də üzgün olacaqsan.

Acı və xoşbəxtlik, gecə və gündüz kimi, doğum və ölüm kimi, sevgi və nifrət kimidir. Daha yaxşı bir dünyada, daha inkişaf etmiş bir dillə, nifrət və sevgi, qəzəb və mərhəmət, gündüz və gecə kimi kəlmələri istifadə etməyəcəyik. İkisini eyni anda daşıyan kəlmələr yardacağıq: “sevgi-nifrət” – tək söz – “gündüz gecə” – tək söz, iki yox – “doğum ölüm” – tək söz, iki yox – “acı xoşbəxtlik” – tək söz, iki yox.

Mənim tövsiyyəm, acı çəkdiyin zaman onun dərinliyinə enməyin, ondan qaçmamağındır. Qoy elə olsun, ona açıq ol; mümkün qədər həssas ol. Qoy, acı və onun oxu, səni deşib özünə qədər çatsın. Acını çək. Və xoşbəxtlik gəldiyi zaman, onun da özünə nüfuz etməsinə icazə ver. Onunla rəqs et.
Acı olduğu zaman, acını yaşa, xoşbəxtlik olduğu zaman xoşbəxt ol. O qədər həssas ol ki, acının və xoşbəxtliyin hər anı , gözəl bir macəra olsun. Bunu edə bilsən, acının da gözəl olduğunu anlayacaqsan. Ən az xoşbəxtlik qədər gözəldir. Mənliyinə kəskinlik qazandırır; fərqindəlik gətirir, hətta bəzən xoşbəxtlikdən də çox. Xoşbəxtlik donuqlaşdırır; buna görə də zövq içində yaşayan insanlar adətən daha dayazdırlar. Onlarda bir dərinlik görə bilməzsən. Acını heç dadmayıblar; sadəcə üzdə, bir xoşbəxtlikdən digərinə keçərək yaşayırlar. Onlar, acının nə olduğunu bilməzlər.
Acı səni oyanıq bir insana çevirir. Başqalarının acılarına qarşı da mərhəmətli, duyarlı olursan. Acı səni böyüdür, çox böyük edir. Ürək, acı ilə böyüyür. Gözəldir, öz gözəlliyi vardır. Və acının dalınca qaç demirəm; amma , acı var olduğu zaman ondan da zövq al. Acı, varoluşun ərmağanıdır və içində gizli bir xəzinə daşıyır. Onun da dadını çıxar; geri çevirmə. Qəbul et, qucaq aç, onunla ol. Əvəllərdə çətin olacaq. Lakin zamanla , onun dadını öyərənəcksən.
Yeni bir şeyə başladığın zaman, dadını öyrənməlisən. Və əlbəttə, acının dadı da acı olacaq, ancaq, bir dəfə öyrəndinsə, sənə zəka və parlaqlıq qazandırır. Üzərindəki bütün tozu, uyuşuqluğu, sərsəmliyi götürür. Acıda, xoşbəxtlikdə olduğundan daha dərin düşüncədə olacaqsan. Xoşbəxtlik, sərsəmləşdirər, səni içinə çəkər; xoşbəxtlikdə, şüurdan uzaqlaşırsan. Xoşbəxtlik, bir növ laqeydlik, unutqanlıqıdr. Acı, xatırlamaqdır; acını unuda bilməzsən.
Acı, çox yaradıcı bir enerjiyə çevrilə bilər; meditasiya ola bilər, fərqindəlik ola bilər.
Acı varkən, bunu meditasiya, fərqindəlik, ruhun kəskinləşdirilməsi olaraq istifadə et. Və xoşbəxtlik varkən, onu da boğulmaq, unutqanlıq olaraq istifadə et.
Hər ikisi də, yuvana çatmağın yollarıdır. Biri, özünü tamamilə xatırlamağın, digəri də özünü tamamilə unutmağın üçündür. Acı və xoşbəxtlik istifadə oluna bilər, lakin onları istifadə etmək üçün çox çox ağıllı olmalısan. Sənə öyrətdiyim, ağılsız insanın yolu deyil; mənim öyrətdiyim, ağıllı insan üçündür, müdriklik yoludur. Var oluş sənə nə verirsə versin, onu özün üçün yaradıcı bir böyüməyə çevirəcək şəkildə istifadə etməyin bir yolunu tap.


Mənbə: Osho – “Korku” kitabı

Hazırladı: Fidan Aslanova  

 

Beyenmeler
6   0  
VN:F [1.9.16_1159]
Rating: +2 (from 2 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook