AVERROES (İbn Rüşd)

 

İbn Rüşd
İbn Rüşd (Averroes) (Aprel 14, 1126 – Dekabr 10, 1198, Kordova, Əndəlüs)   –  Əbu əl Valid Muhamməd ibn Rüşd , Qərbdə Averroes kimi tanınan, Qərb intellektual tarixinin unikal dövründə yaşamışdır.  Dahi əndəluslu ərəb filosof , təbib, fəlsəfə, riyaziyat, fiqh və tibbin kamil bilicisi. O dövr müsəlman İspaniyasının Kordova şəhərində anadan olmuş İbn Rüşd Qərbi Avropada dünyəvi fəlsəfi fikrin banisi hesab olunur.

İbn Rüşd məntiq və bilgi nəzəriyyəsində Aristoteli təqib edir. İbn Rüşdün fikrincə, sadə duyğulardan, təxəyyül məhsullarından dərəcə-dərəcə əqli gerçəklərə doğru yüksəlməyə bir meyl və istək (şövq) vardır. Bizə mütləq gerçəyin məlumatı verilməmişsə də, ona çatmamız üçün istək və səyin verilmiş olması bundan daha sevindiricidir.

İbn Rüşd Qərbdə Aristotel fəlsəfəsini Avropaya təqdim etməsi səbəbindən hörmətlə anılır. Belə ki, 1150-ci ildən əvvəl Avropada Aristotelin latın dilinə yalnız bir neçə tərcümə olunmuş əsəri məlum idi. Yalnız İbn Rüşdün Aristotelin əsərlərinə verdiyi şərhlərin XII əsrdən etibarən tərcümə edilməsi ilə Orta Əsrlər Avropası bu əsərlərlə tanış ola bildi. Əsərlərinin yəhudi dilinə tərcümələri yəhudi fəlsəfi dünyagörüşünə və eyni zamanda İslam fəlsəfəsinə də əhəmiyyətli təsir göstərmişdir. O, “Fəsl əl-Məqəl” (Yekun traktat) əsərində Quranın təhlilində əsas meyar kimi müxtəlif mənbələrdən gələn hədislərdən çox, analitik yanaşmaya üstünlük verilməsi təklifini irəli sürürdü. Bu əsərdə dini fəlsəfədən ayırmaqla İbn Rüşd müasir Qərbdə tətbiq olunan dini dövlətdən ayıran dünyəvilik prinsipinin ilk yaradıcısı sayılır. Platonun “Respublika”sına verdiyi şərh isə Orta Əsrlər Avropa fəlsəfəsinin əsas istinad etdiyi mənbə kimi istifadə olunurdu.

Böyük filosof Aristotelin əsərlərinə yazdığı şərhlərlə yanaşı o, bir çox kitabın da müəllifidir.

  1. Fəslü-l Məqal beynə-l Hikməti və-ş Şəriəti minə-l İttisal
  2. Əl-Kəşfu an Mənahici-l Ədillə
  3. Təhafutu Təhafutu-l Fəlasifə
  4. Təfsiru mə bədə-t Təbiə

İbn Rüşdə görə vəhyin qaynağının Allah olduğu kimi ağlın da qaynağı  Allahdır. Ona görə fəlsəfə və din arasında zənn olunan mübarizə yox,  tam tərsinə uyğunluq və bir-birini dəstəkləmə vardır. Çünki hər ikisi eyni  qaynaqdan gəlir. Eyni qaynaqdan gələn şeylərin bir-birinə zidd olması  mümkün deyil. İbn Rüşd Fəslu-l Məqal adlı əsərində dini məsələlərdə ağlı  işlətməyin din baxımından nə mənaya gəldiyini izah etməyə çalışmışdır.  O, belə bir sual verir:
Din, ağıl metoduna sadəcə olaraq icazə verirmi?
Yoxsa onu qadağan etmişdir?
Din ağıl işlətməyi əmr etmişdirmi?

Tanrının varlıq dəlilləri: inayət və ixtira

Dövrünün metodologiyasına nəzər salan İbn Rüşd, Tanrının varlığı haqqında dəlilləndirmədə heç birinin kifayət dərəcədə inandırıcı olmadığını qeyd edərək, özünün kosmoloji xarakterlə əsaslandırdığı inayət və ixtira adlı iki dəlilini irəli sürmüşdür. Tamamilə aləmdən (cosmos) hərəkət edərək, Allahın varlığını isbat etməyə çalışan bu iki dəlil həmçinin digər dəlillərlə ortaq xüsusiyyətlərə də sahibdir.

  1. İnayət dəlili

Filosof İbn Rüşd, inayət dəlilini əsaslandırarkən iki şeyə istinad edir:

– Dünyadakı bütün varlıqlar insanın varlığına uyğun olub, məqsədlilik ya da ilahi qayəlilik hər yerdə müşahidə olunmaqdadır. Aləmdə var olan  şəri və müsibətləri izah edərkən isə, bunu Allahın murad etmədiyini, lakin  ümumi nizam xatirinə ona icazə verdiyini bildirmişdir.

– Qeyd olunan bu nizam və qayəlilik (məqsədlilik) bir təsadüf olaraq yox, iradə sahibi olan Allah tərəfindən meydana gətirilmişdir. Bütün varlıqların insan varlığına uyğun olaraq yaradılması, məsələn, günəşvə ayın hərəkətləri, gündüz və gecənin vəziyyəti, fəsillərin dəyişməsinin nizami şəkildə davam etməsi, heyvanların, bitkilərin, canlı və cansızların formasının insan həyatına müvafiq olaraq yaradılması bunu göstərir. Buna görə də Allah haqqında ətraflı biliyə sahib olmaq istəyən, Quranın da bildirdiyi kimi, bütün mövcudat aləmini dərindən incələməlidir.

  1. İxtira dəlili

Bu dəlil də hamının başa düşə bildiyi iki əsasa dayanır.

-İxtira dəlili hüdus dəlilinə oxşar olaraq belə ifadə olunmuşdur: «Hər var olan şey, var edənə möhtacdır». Bu varlıqlar aləmi də yaradılma (ixtira) nəticəsindədir. Heyvanlar, bitkilər, cansız varlıqlar, qısacası bütün varlıq aləminin, bir var edəninin olması lazımdır ki, bu da Allah Təaladır.

-İkinci əsas isə «hər ixtira edilənin bir ixtira edəni var» ifadəsidir. Bu, birincisindən onunla fərqlənir ki, bu dəlilin qavranılması üçün dərin şəkildə ağıl yürütmə aparmaq lazımdır.

Filosofa görə bu iki dəlil Quran nəsslərinin ortaya qoyduğu əsaslara uyğundur. Çünki Qurani Kərim də Allahı izah edərkən bu metoddan istifadə etmişdir.

 Hazırladı:  Naz Ramizqızı

VN:F [1.9.16_1159]
Rating: +16 (from 16 votes)

Naz Ramizqızı

Fitret.az yazarı. Tələbə.

- Sayt ünvanı

 
TwitterFacebook

Bir cavab yazın