Sənət və axirət anlayışları arasında təməl bağlar vardır. Belə ki, hər ikisi insanın gördükləri ilə qalmaması, gördükləri üzərindən görə bilmədiklərini təsəvvür etmək, anlam yükləmək və yaradıcılıq hissləri ilə bağlıdır. Hər ikisi həyatın davamı, iz buraxmaq və yoxa çıxmamağa inam və cəhdin bəhrəsidir. Və bu iki anlayış daim bir birinini inkişaf etdirməklə qarşılıqlı təsir şəraitində olmuşlar. Sənət ta qədimdən insanların başqa bir dünya təsəvvürlərini təsvir etmiş, inkişaf etdirmişdir. Axirət anlayışı isə öz növbəsində sənəti daha görünməz dərinliklərə baş vurmağa vadar edərək inkişaf etdirmişdir.
Həyatda qalmaq, ən böyük yaradıcılıqdır. Bütün canlılar bunu bioloji instinktlərinin müşayəti ilə həyata keçirərkən, insan həm də təxəyyülü ilə burada yeni səhnələr yarada bilmişdir.
Sənət, insanların gördükləri arxasında başqa bir şeyin gizləndiyini hiss edərək təxəyyüllərini canlanlandira bilən bir fenomendir.
Sənət, bir hadisədir. O statik deyil, dinamikdir. Sənət, heyrətləndirə bilən hər şeydir. Bu fonda rəssamlığa baxsaq, portretlərin, ən gözəl surətlərin belə adi, anlaşılmaz görünən, naturasina bənzəməyən cızma qaralar yanında acız qaldığını görərik. Oxşatmaq işdir, amma sənət deyil. Yaradıcılıq deyil. Bir rəssam çox ustalıqla bir təcili tibbi yardım maşınını çəkə bilər. Amma o şəklə baxdıqda qulaqlarımıza onun tükürpədici sirena səsi gəlmirsə, o, sənət deyil.
Müəllif: Vüsaləddin Rüstəmov
Vüsal bəy çox dəyərli yazı oldu. Bəyəndik. Qələminizə qüvvət olsun deyək
Minnətdaram, Tural bəy! Zehninizə sağlıq.