CƏMALƏDDİN ƏFQANİ MASON OLMUŞDURMU?

cemaleddin efqani 546İctimai-fəlsəfi fikir tarixinə XIX yüzillikdə islam islahatçılığının, islamda oyanışın və maarifçiliyin öndərlərindən və parlaq simalarından biri və Şərq xalqlarının azadlığı və birliyinin dini-siyasi modelinin yaradıcısı kimi daxil olan əslən Azərbaycan türkü Cəmaləddin Muhamməd Səfdər oğlu Əfqani (Əsədabadi) gərgin hadisələrlə zəngin, mübarizələrlə dolu, hərəkətli bir ömür yaşamışdır. Onun həyatı, fəaliyyəti və ideyaları haqqında çox yazılmış, araşdırmalar aparılmışdır. Bununla belə, istər qaynaqlarda, istərsə də araşdırmalarda mütəfəkkirin doğulduğu yer, milli mənsubiyyəti, dini-fəlsəfi baxışları, siyasi amalı və fəaliyyəti haqqında məlumatlar ziddiyyətlidir və mübahisə predmeti olaraq qalmaqdadır. Mövcud elmi ədəbiyyatda Cəmaləddin ya sünni-hənəfi məzhəbinə mənsub ərəb, əfqan, hindli, türk, yaxud da şiə məzhəbi İranlı və fars kimi təqdim olunur. Tərəfdarlarına, davamçılarına və ona inananlara görə mütəfəkkir “Şərqin yetişdirdiyi fitrətlərin ən yüksəklərindən biri”, İslam aləmində oyanışın və islahatın öndəri, islamın saflığı uğrunda mücahid, müstəmləkəçiliyə qarşı barışmaz mübarizdir; əleyhdarlarına və düşmənlərinə görə isə o, ingilis casusu, məzhəbini danaraq müsəlmanları aldadan dinsiz, mason, “panislamizm xəyalatına qapılmış bir sərsəri” və avantüristdir.
Şübhəsiz ki, Cəmaləddin haqqında söylənilən və yazılan mübahisəli və zidd fikirlər onun islam mədəniyyəti tarixindəki önəmli roluna kölgə salmır və çağdaş islam ictimai-siyasi fikrinə təsirini azaltmır. Amma bununla belə, mütəfəkkirin həyatını, ideyalarını hər cür milli-dini və siyasi ambisiyalardan uzaq, obyektiv araşdırmaq, düşüncə və fəaliyyətindəki ilk baxışdan paradoksal görünən orijinallığın mahiyyətinə varmaq tədqiqatçının professionallıq borcudur. Bu vəzifənin öhdəsindən isə yalnız Əfqaninin ilkin, həqiqi islama münasibətini, ideyalarını və gördüyü işləri zamanın tarixi şərtləri və beynəlxalq münasibətlərin o dövrdəki xüsusiyyətləri kontekstində hərtərəfli təhlil etməklə gəlmək olar.
C.Əfqanini fərqli dəyərləndirmələrin olmasının, onun haqqında ziddiyyətli məlumat və mülahizələrin formalaşmasının şübhəsiz ki, bir çox obyektiv və subyektiv nədənləri var. Və bu çox əhatəli bir mövzudur. Amma bu yazıda biz konkret olaraq Şeyxin masonluğu məsələsinə aydınlıq gətirməyə çalışacağıq və bununla da bizə tez-tez verilən sualları cavablandırmış olacağıq.
Digər tərəfdən isə Əfqani haqqında respublikamızda mövcud olan elmi və kütləvi səciyyəli yazılarda ya bu məsələnin üzərindən sükutla keçilir, ya da doğru-düzgün bilgi verilmir deyə araşdırmalarımızı təqdim etmək qənaətinə gəldik.
Cəmaləddin Əfqani mason cəmiyyətinə üzv olubmu? Əgər olubsa, bu onun fəaliyyəti üzərinə kölgə salırmı? Əfqanini tənqid edənlər onun masonluğunu ən böyük xəta kimi dəyərləndirirlər.
Tərəfdarlarının isə bəziləri Şeyxin masonluqla əlaqəsinin olmadığını iddia edirlər. Və hər iki yanaşma birtərəfli və qüsurludur. Birincisi ona görə ki, tarixi şəxsiyyətlərin fəaliyyətini çağdaş dövrün baxış bucağından deyil, onların yaşadığı zamanın tarixi şərtlərinə görə dəyərləndirmək lazımdır. İkincisi, C.Əfqani də digər böyük tarixi şəxsiyyətlər kimi səhvləri, yanlışlıqları olan bir insandır, amma şübhəsiz ki, o, getdiyi yolun və düşüncələrinin doğruluğu qənaətində olmuşdur. Əfqaninin masonluğu haqda fikir yürütməzdən əvvəl onun fəaliyyətini və yaşadığı dövrün ictimai-siyasi şərtlərini nəzərə almaq lazımdır. Cəmaləddin islam dünyasının siyasi, iqtisadi, dini-mənəvi və mədəni cəhətdən gerilədiyi və Avropa dövlətlərinin Şərqə müstəmləkəçilik yürüşünün genişləndiyi bir dövrdə yaşamışdır. Zamanın mürəkkəb və ziddiyyətli siyasi prosesləri, islam aləminin üz-üzə qaldığı sonu görünməyən və əzici problemlər mütəfəkkirin siyasi fəaliyyətinin istiqamətini müəyyənləşdirmişdir: müsəlmanların, bütün Şərq xalqlarının azadlığı, dirçəlişi və inkişafı uğrunda mübarizə onun həyat amalına çevrilmişdir. Və o, öz məqsədlərinə çatmaq, ideyalarını gerçəkləşdirmək üçün dövrünün çox müxtəlif ictimai və siyasi qüvvələrindən – Misir xədivindən və Hicaz əmirindən Osmanlı sultanınadək, o cümlədən mason cəmiyyətlərindən barışmaz düşməni olduğu İngiltərə siyasətçilərinə qədər – istifadə etməyə cəhdlər göstərmişdir. Və bu dövrlərdə masonluq Fransa inqilabının Azadlıq, Qardaşlıq və Bərabərlik şüarlarını əldə tutaraq olumlu təəssürat yaradan bir hərəkat idi. Başında sayılıb-seçilən insanlar, din öndərləri dururdu. Sionist hərəkatla (1880-ci illərin sonlarında yarandı) əlaqələri hələ ortada deyildi.
Digər tərəfdən isə C.Əfqaninin Misirdə fəaliyyət göstərdiyi illərdə (1871-1879) burada siyasi amacları ortaya qoya biləcək bir milli siyasi təşkilat yox idi. Yeganə leqal cəmiyyət mason təşkilatları idi. Buna görə də Cəmaləddinin öz geniş siyasi fəaliyyətində, ictimai-siyasi şüurun oyanışı və milli-azadlıq hərəkatının hazırlanması işində mason cəmiyyətindən istifadə etmək cəhdi təbii qarşılanmalıdır.
Araşdırmalara görə masonluq Yaxın Şərqə fransızlar tərəfindən gətirilmişdir və Qahirədə də ilk mason cəmiyyəti 1798-ci ildə Napoleon Bonopartın adamları tərəfindən yaradılmışdır. XIX əsrin ikinci yarısında Misirdə və Suriyada olan mason cəmiyyətləri əsasən fransızların Böyük Şərq (Grand Orient, əsası 1772-ci ildə qoyulmuşdu) və ingilis mason lojasının filialı olan Baş Şotland (General Scotch, 1804-cü ildə yaranmışdı) lojalarına bağlı idi. Bu lojaların adı altında çalışmaq hökumətin güclü təzyiqindən qorunmaq anlamına da gəlirdi. Görünür Əfqani həm də buna görə özünün milli-azadlıq hərəkatının hazırlanması və anti-müstəmləkə proyektlərində mason lojalarından istifadə etməyi məqsədəuyğun bilmişdir.
Bəzi qaynaqlara görə Cəmaləddin hələ 1871-ci ildə İstanbulda olarkən mason təşkilatına üzv olmuşdur. Amma istər “Xatirələr”də, istərsə də araşdırmalarda onun aktiv masonluq fəaliyyətinin Misirdə gerçəkləşdiyini təsdiqləyən faktlar vardır.
Cəmaləddin 1875-ci ildə Şərqin Ulduzu Şotland lojasına daxil olmuşdur. Şeyxlə birlikdə onun davamçıları da bu lojaya üzv olurlar. O dövrdə Şotland lojasının üzvləri iri feodallar, o sıradan xədiv ailəsindən olan əyanlar, ingilis bankları ilə əlaqədar olan tacir və sələmçilər və sənaye sahibləri idilər.
Əfqani tez bir zamanda – 1878-ci ildə Şotland lojasının rəhbərlərindən birinə çevrilir. Lakin onun burada fəaliyyəti uzun çəkmir. Elə həmin ildə Cəmaləddinlə loja rəhbərliyi arasında ciddi ixtilaf baş verir. Əfqani Şotland lojasından Misirə qarşı müstəmləkəçilik siyasəti əleyhinə mübarizədə dəstək istəyir. Lakin o, qardaşlardan birindən “Masonluğun siyasətlə bir ilgisi yoxdur. Mən lojamız haqqında hökumətin sərtləşməsindən və onu cəzalandırmasından qorxuram” cavabını alır. Bu sözlərə tənqidi yanaşan Cəmaləddin deyir: “Mən Misirdə hər cür qəribəlik və qeyri-adilik eşidib görəcəyimi gözləyirdim, fəqət qorxunun mason lojalarının sütunları arasına qədər girə biləcəyini heç təsəvvür etməzdim”.
Loja rəhbərliyindən fərqli olaraq Əfqani hesab edirdi ki, masonlar fəal siyasi işlə məşğul olmalıdırlar. Buna görə də Cəmaləddin “masonluğun siyasətlə bir əlaqəsi yoxdur” fikrinə qarşı öz iradlarını bildirərək, deyir: “Əgər masonluq azad insan yetişdirmək üçün bütün imkanların olduğu dünya siyasətinə girməz, sahib olduğu inşaat materiallarını köhnəni yıxmaq, həqiqi azadlığın, qardaşlığın və bərabərliyin dirəklərini ucaltmaq və zülm köşklərini dağıtmaq üçün istifadə etməzsə, o zaman azad insanların əlləri daşyonma çəkici daşımamış, qurmaq istədikləri binanın bir guşəsi belə tikilməmiş olar”. Bununla da Əfqani lojadan istefa edir. Beləliklə, Əfqani masonluğun şüarı ilə əməlinin üst-üstə düşmədiyini, əslində mason cəmiyyətlərinin müstəmləkəçilərlə əlaqədar olduğunu aşkar edir. O, Şotland lojasının ingilis müstəmləkəçilərinin əlində işğalçılıq vasitəsi olduğunu başa düşdükdən, masonluğun plan və fəaliyyətini tanıdıqdan sonra oradan ayrılır. Cəmaləddinlə bərabər Şotland lojasından onun tərəfdarları da çıxırlar.
Bu vaxtlar Fransa İngiltərəyə qarşı mübarizədə Misirə kömək edirdi. Əfqani də bu uluslararası çəkişmələrdən istifadə etməyə çalışır. Və o, 1878-ci ildə Fransanın Böyük Şərq lojasına bağlı Milli lojanı (əl-Məxfil əl-Vətəni) təsis edir. Misirin bir sıra dövlət adamları – o sıradan xədiv Tevfik, aydınlar və din alimləri bu lojaya üzv olurlar və çox keçmir ki, Milli lojanın fəal üzvlərinin sayı 300-ü ötür.
Şeyxin təşəbbüsü ilə Milli loja sistemli təşkil edilmişdi və bir sıra bölmələrə ayrılmışdı: maliyyə, hüquq, hərbi, ictimai işlər və s. Və hər bölməyə bir nazirliyə nəzarət etmək tapşırığı verilmişdi. Bölmələrə Ə.İshaq, Müveylixi qardaşları, M.Abduh və b. kimi görkəmli yazıçılar, ictimai və din xadimləri rəhbərlik edirdilər. Bölmələrin işi müvafiq nazirliklərlə əlaqə saxlamaqdan və “ədalətsizliyin və nöqsanların aradan qaldırılması”ndan ibarət idi. Məsələn, ictimai işlər bölməsi misirlilər və avropalılar üçün eyni əməyə görə bərabər haqqın ödənilməsinə nail olmuşdu; hərbi bölmə misirlilər və çərkəz əsilli olub sonradan Misirə gəlmiş zabitlər üçün bərabər hərbi xidmət şəraitinin yaradılmasını tələb edirdi; maliyyə bölməsi korrupsiya və oğurluq əleyhinə mübarizə aparırdı və s. . Bundan başqa bölmələrin fəaliyyəti və aşkar edilən nöqsanlar haqqında mətbuat vasitəsilə ictimaiyyətə məlumat verilirdi.
Lojanın fəaliyyəti toplumda bir tərpəniş yaratdı və bu hal xədiv Tevfik Paşanı narahat etdi. O, Əfqanini görüşə dəvət etdi və misirlilərin əksəriyyətinin cahilliyini və tənbəlliyini, buna görə də hələ dəyişikliklərə və islahata hazır olmadıqlarını onun nəzərinə çatdırdı. Bununla da xədiv dolayısıyla Şeyxin və Milli lojanın fəaliyyətinin məqsədəuyğun olmadığını bildirmiş oldu. Amma Cəmaləddin cavabında Misir xalqının alim və ağıllı insanlardan da yoxsul olmadığını vurğulayaraq, xalqa azadlıq verilməsinin, onun şura əsasında, seçkili məclis yoluyla ölkənin idarə olunmasına cəlb olunmasının vacibliyini müdafiə etdi. Tevfik Paşa Əfqaninin sözlərindən razı qalmasa da, öz duyğularını üzə vurmadı. Amma bu söhbət Cəmaləddinin qısa müddətdən sonra Misirdən çıxarılmasına öz təsitini göstərmiş oldu.
C.Əfqaninin yaratdığı Milli loja misirlilərdə milli şüurun və vətənpərvərlik hisslərinin oyanışına təkan verdi. Ərabi Paşa inqilabını (1881-1882) gerçəkləşdirənlərin öndə gedənləri məhz bu lojada yetişdilər. 1879-cu ilin başlanğıcında Milli loja ətrafında birləşmiş insanlar və təşkilatlar Misirin ilk siyasi partiyasını– “Hizbül–Vətəni əl-Xürrə”ni yaratdılar.
Bəli, C.Əfqani ilk qurulduğu illərdə xeyirxahlıq və islahat bayrağına sahiblənən mason cəmiyyətlərinin Misirdəki fəaliyyəti ilə tanış olmuş və onların işində iştirak etmişdir. Amma elə ilk dövrdə onların gizli əməllərinin fərqinə varmış və misirlilərə bu cəmiyyətlərin əslində xalqın maraqlarını müdafiə etmədiyini və rejimlə birgə çalışdığını açıqlamışdır. O, mason lojalarının islam əleyhinə fəaliyyətini və deyilən şüarların (azadlıq, bərabərlik, qardaşlıq) gözdən pərdə asmaqdan ibarət olduğunu görmüşdür. Əfqani deyirdi: “Məni “azad insanlar” binasında çalışmağa sövq edən ilk şey bu önəmli və böyük ideal oldu: Azadlıq, bərabərlik və qardaşlıq”.
Cəmaləddin Əfqani mason lojasına üzv olması tarixi faktdır və onu inkar etmək deyil, düzgün dəyərləndirmək lazımdır. Şeyx bütün fəaliyyəti boyu inandığını etməyə çalışan bir lider olmuşdur. O, öz siyasi mücadiləsində mason cəmiyyətlərindən istifadənin fayda verəcəyini düşünmüşdür, lakin bu cəmiyyətlərin məqsəd və planlarını anlayınca onlardan uzaqlaşmışdır.
İstifadə olunmuş ədəbiyyat
1. Богушевич О.В. Мухаммад Джемаль ад-Дин аль-Афгани как политический деятель / Краткие сообщения Института народов Азии. М.: 1961, т.47.
2. Karaman H. Efgani Cemaleddin / İA, c.10. İst.: TDV Yayınları, 1994.
3. Kedourie E. Afghani and Abduh. An Essay on religious unbelief and political aktivism in Modern Islam. London: 1966.
4. Mahzumi M.P. Cemaleddin Afganinin Hatıraları (terc. A.Yerinde). İst.: Klasik, 2006.
5. Meriç C. Cemaleddin-i Efgani Dosyası / Davudoğlu A. Dini Tamir Davasında. Din Tahripçileri. İst.: Bedir, 1997.
6. Mütəhərri M. Son yüzillikdə islam hərəkatının xülasə təhlili. Bakı: Sabah (nəşr ili göstərilmir).
7. Tamer Ayan-Uğur Özcan, “Bir Masonun Biyografisi: Cemalettin Afgani K. (1838-1897)”, Mimar Sinan Dergisi, Sayı: 127, Mart 2003, s.11-45.

Dos.Dr. Qəmər Mürşüdlü
Bakı Dövlət Universiteti

 

Beyenmeler
0   13  
VN:F [1.9.16_1159]
Rating: +13 (from 13 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

2 comments

  1. Vüsalləddin bəy, salam. Məqaləmi mənim razılığım olmadan yerləşdirmisiniz. Bununla bərabər onun başlığını da dəyişdirmisiniz. Bu isə yolverilməzdir. Üstəlik sizin yazdığınız başlıq qrammatik baxımdan da düzgün deyil. Bir müəllif kimi məqaləmin başlığının olduğu kimi verilməsini sizdən rica edirəm. Sayğılarımla Qəmər xanım Mürşüdlü

Bir cavab yazın