ÇÖRƏK VƏ AZADLIQ

Xüsusi

azadlıqQərbi Avropada azadlıq rəsmən əla vəziyyətdədir. Amma nədənsə, o, mənə bəzi burjua ailələrində yaşayan kasıb, qohum qadınları xatırladır. Həmin qadın dul qalıb, öz qanuni müdafiəçisini itirib. Ona sığınacaq veriblər, damın altında zirzəmini xatırladan qaranlıq bir otaq ayırıblar və ara-sıra mətbəxdə görünməsinə candərdi dözürlər. Bəzən, bazar günləri ev sahibləri biçarəni şəhərə gəzməyə çıxarırlar, axı qohum-qonşu onların necə nəcib və qayğıkeş olduğunu görməlidir. Qalan məsələlərdə isə o susmalıdı, xüsusilə də mühüm işlərdə. Və əgər hansısa bir polis onu qaranlıq bir küncdə zorlayarsa, sahibləri səs-küy qaldırmayacaqlar: bir də ki, bu ilk təsadüf deyil ki, ev sahibi də ara-sıra fürsəti əldən vermir.

Ən asanı və ən yanlışı pis hökuməti, ya da hakimiyyəti ya da hansısa düşmən qüvvələri günahlandırmaqdı. Şübhəsiz ki, hökumətlər gerçəkdə günahkardırlar, özü də bu günah o qədər ağır və qədimdir ki, artıq heç kəs onların nə vaxt məlum uçuruma yuvarlandıqlarını belə bilmir. Lakin günahkar təkcə onlar deyildir. Sonda əgər yalnız hökumətlər azadlığın inkişafına görə məsuliyyət daşısaydılar, onda bu azadlıq qundaqdaca boğulardı. Bildiyim qədərincə, pul və istismar cəmiyyətinin heç vaxt azadlıq və ədalət səltənəti qurmaq kimi bir öhdəliyi olmayıb. Heç kəs polis dövlətlərini istintaq aparılan zindanlarda hüquq məktəbləri açmaqda günahlandıra bilməz. Onlar zülmə və istismara əl atmaqla özlərinin birbaşa öhdəlikləri ilə məşğul olurlar və əgər azadlığı belələrinin nəzarətsiz ixtiyarına buraxsaq, biçarənin qısa bir zaman kəsiyində rüsvay olacağına təəccüblənməyə belə dəyməz. Əgər bu gün azadlıq alçaldılıb və zəncirlənibsə, bunun günahını onu hiyləgərcəsinə satmış düşmənlərdə görmək lazım deyil.

Səbəb, sadəcə, onun qanuni müdafiəçisini itirməkdədir. Həqiqətdən qaçmaq mümkün deyil: bəli, azadlıq dul qalıb və o, sizinlə bizi itirib.

Azadlıq – əzilmişlərin işidir və onun ənənəvi müdafiəçiləri həmişə bir küncə sıxışdırılmış xalqın içindən çıxanlar olub. Əgər indi planetimizin böyük bir hissəsində azadlıq geri çəkilibsə, bu yalnız onu susduran institutların heç olmadığı qədər həyasızlaşması və silahlanması səbəbindən baş vermir, ən əsası, həm də onun həqiqi müdafiəçilərinin yorğunluq, ümidsizlik, ya da yanlış anlaşılan strategiya üzündən ondan üz çevirməsinin nəticəsidir. Dünya get-gedə ümidini itirir və azad insanın tənhalığı başlayır.

Lakin qazanılması və bir daha əldən verilməməsi gərək olan həqiqi azadlıq mövcuddur. Şübhəsiz ki, səhərdən axşamacan dəzgaha pərçimlənmiş, gecələrsə ailəsi ilə birgə yeganə ümumi otağı paylaşan insanın azadlığından söhbət belə gedə bilməz.

azadlıqTəkcə günah burda hətta ən kasıbımızın belə ötüşə bilmədiyi azadlıqda deyil, konkret cəmiyyətdə və onun qurduğu köləlikdədir. Məgər burjua cəmiyyəti azadlıqdan dəm vurub insanlara onu verməsə də, fəhlə cəmiyyəti həmçinin eyni cür hərəkət etməli və heç olmasa, azadlıqdan danışmadığı üçün qürurlanmalıdırmı? Hər halda, kələfin ucu dolaşıb və fəhlə hərəkatı tədricən azadlıqdan üz döndərib. Beləcə, guya azadlıq yerinə ədaləti seçdik və azadlığa etibarsızlıq etdik. Azadlığı bir müddət kənara qoydular və haqqında xatırlatma aparmamağı xahiş etdilər. Əvəzində bizə ilk növbədə, ədalət lazım olduğunu elan elədilər. Azadlıqsa sonraya qalsın dedilər. Sanki qullar nə vaxtsa ədalətə nail olacaqlarına arxalana bilərlər. Yuxarılar aşağıdakılara yalnız çörək lazım olduğunu söylədilər, sanki sonuncular çörəklə azadlığın necə sıx bağlı olduğunu heç bilmirlər. Artıq tarix çox irəli gedib və gördüklərimiz bizi düşünməyə sövq etməlidir.

Gözəl günlərin birində heç bir cidd-cəhdsiz, sanki təqaüd alırıqmış kimi, əldə edəcəyimiz ideal azadlıq mövcud deyil. Azadlığı zərrə-zərrə çətin mübarizədə əldə edirlər, sahib olduğumuz azlıqsa hələ mərhələlərdir, amma yenə də bu mərhələlər konkret xilas yoluna aiddir. Əgər onların məhv olmasına imkan verəriksə, bu, irəliyə doğru atılmış addım olmayacaq. Əksinə, biz geri atılacağıq, uzun və məşəqqətli yolu yenidən keçmək məcburiyyətində qalacağıq və bu, qan-tər bahasına başa gələcək.

Azadlığı seçmək, bizə təlqin eləmək istədikləri kimi, ədalətin zərərinə seçmək demək deyil. Biz bu gün azadlığı yer üzərində əziyyət çəkən və mübarizə aparan kəslər üçün və onlarla birlikdə seçirik. Biz azadlıqla ədaləti birgə seçməliyik və inanın ki, biri olmadan digərini seçmək qeyri mümkündür. Əgər kimsə sizi çörəkdən məhrum edirsə, o, eyni zamanda azadlığınızı əlinizdən alır. Əgər, azadlığınız əlnizdən alınırsa, çörəyinizin də təhlükəyə məruz qaldığına əmin olun, çünki artıq o, sizdən və müübarizənizdən asılı deyil, sahibinizin kefindən asılıdır.

Sonda onu əlavə edim ki, azadlıqla ədaləti ayırmaq mədəniyyətlə əməyi bir-birindən ayrı salmaq qədər yanlışdı və bu əsl ictimai cinayətdir. Bu halda ədalətsizliyin mənfəətindən faydalanırsınız və azadlıqdan imtina ediriniz – əməklə mədəniyyətin bölünməsini təsdiqləyir, əziz tutursunuz, bu isə sonda həm əməkçiləri, həm də ziyalıları acizliyə düçar edir. Beləcə həm azadlıq, həm də ədalət tapdalanır.

Azadlıq ilk növbədə imtiyazlardan ibarət olanda, həqiqətən də, ondan məhrum olanları təhqir edir və əməklə mədəniyyət arasında qalın bir sədd çəkir. Lakin həqiqi azadlığın əsasında imtiyazlar deyil, hər şeydən öncə, vəzifə durur. Bizlərdən hər biri azadlıqda imtiyaz deyil, vəzifə görməyə başlayanda, o, anındaca əməklə mədəniyyəti birləşdirəcək və ədalətə xidmət etmək iqtidarında olan yeganə gücü hərəkətə gətirəcəkdir.

Mənbə: Həmkarlar ittifaqının 1953-cü il mayın 10-da Sent-Etyen şəhərində keçirdiyi mitinqdə çıxışı

VN:F [1.9.16_1159]
Rating: +8 (from 8 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın