TƏRİF VERMƏK

Aristotel-tərif“Tərif verməkdən çətin heç nə yoxdur.” Platon
“Sən mənimlə söhbət etmək istəyirsənə, gərək terminlərinə tərif verəsən.” Volter

Bir çox hallarda dialoq və müzakirələrdə mübahisələr qaçılmaz olur. Əgər dialoq və müzakirələrdə yaranan mübahisələrin ümumi motivinə diqqət etsək, görərik ki, anlaşılmazlıqlar əsasən terminlər və terminlərə yüklənən subyektiv mənalandırmalardan doğur. Müzakirənin daha anlamlı və faydalı olması üçün istifadə olunan terminlər müzakirənin sujetinə uyğun olaraq ortaq anlama gətirilməli və ifadə məntiqi müzakirənin həllinə yönəlməlidir.  Ciddi mühakimə zamanı hər bir termin əsaslı şəkildə öyrənilməli, səlis ifadə edilərək dəqiq tərifə tabe tutulmalıdır. Beləliklə, müsahiblər tərif vermə işinə nə qədər diqqət etsələr, mübahisələrin də bir o qədər azaldığına şahid ola bilərik. Bəli, Platon demiş, bu çox çətin bir prosesdir. Amma hər dəfə buna nail olduqca gələcək məsələ həlləri və müzakirələrin yükü nəzərə çarpacaq qədər azalır.

Hələ çox qədimlərdən, antiq fəlsəfə çağlarından bu məsələ diqqət mərkəzində olmuşdur.
Sokrat tələb edirdi ki, insanlar işlətdikləri terminlərə tərif versinlər, ifadələrini sadələşdirsinlər və bir əsasa dayasınlar. Təbii ki, bu, bir çoxlarını hövsələdən çıxarır və əsəbləşdirirdi. Çünki insanlar ümumi fikirlərini ifadə edərkən işlətdikləri ibarələrə bir o qədər də çox əhəmiyyət verməyərək fikri tamamlamağa cəhd edirdilər. Bu indi də belədir.
Platonda hər bir anlayışı mütamadi təmizləmək, zərifləşdirmək, xalisləşdirmək meyli vardı. Baxmayaraq ki, ümumi yaradıcılığında mifik və ədəbi çalarlar vardı. Hətta Platon haqqında belə bir fikir söyləyirdilər ki, o, nizamsız və qaydasız ruh sahibidir, mif libasını çox tələskənliklə əyninə keçirir və həqiqətin simasını gözəllik duvağı ilə son dərəcə ustalıqla örtür. Bəlkə də öz dövrü üçün bütün bunlar hər hansı bir tərif, yığcamlaşdırma funksiyası daşıyırdı. Qeyd etmək lazımdır ki, Platon düşüncə məktəbinə çoxlu əsaslar və bazalar, metodoloji çıxışlar bəxş etmişdir.
məntiq-tərifAristotelin tərif anlayışına münasibətini onun məntiq elmində daha aydın görmək olur. Aristotelin təriflər haqqında traktatı onun məntiqinin hansı mənbələrdən bəhrələndiyini ortaya qoyur.  Hər hansı bir obyektə və ya hər hansı bir terminə tərifi biz necə verməliyik? Aristotel cavab verir ki, istənilən normal tərif 2 hissədən ibarət olmalıdır.
1. Obyekt, aid olduğu səciyyə qrupuna və ya sinfinə aid edilir.
2.  Obyekt, daxil olduğu qrupa aid digər üzvlərdən fərqli əlamətlər üzə çıxarılır.
Məsələn, insan anlayışına tərif verərkən ilk öncə onun canlı olduğu qeyd edilir. Sonra isə insanın digər canlılardan ən böyük fərqi olan zəka ortaya qoyulur. Bu minvalla, Aristotelin sisteminə görə, İnsan- zəkaya malik canlıdır. 

Tərif vermə prosesi düşüncənin itilənməsinə, təfəkkürün zənginləşməsinə və elmin inkişafına böyük təkan verir. Bəli, düşüncə və təfəkkürü amansız sınaqlara qoyur, əldə edilmiş hər hansı bilgi asanlıqla təkziblə üzləşir, suallar yağdırılır və ən səlis ifadəyə qədər ağrılı, sancılı bir doğuş prosesi yaşanır, sanki. Amma nəticə etibarı ilə  böyük bir sahənin ifadə asanlığı meydana gəlir və bu özündən sonrakı növbəti etaplara yeni nəfəs gətirir.
Tərif vermə danışıqda lakoniklik, anlama tezliyi və səlis ifadə üslubu yaradır. İlk baxışdan quru yanaşma kimi görsənsə belə, tərif verməklə zənginləşdirilən istənilən müzakirə, faydalılığı və yorucu olmaması baxımından həmişə diqqəti cəlb edir. Və ən əsası, müzakirə zamanı yarana biləcək mübahisə, mübahisə zamanı isə yol verilə biləcək kobudluq və cahillik minimuma endirilir.

Müəllif: Vüsaləddin Rüstəmov

VN:F [1.9.16_1159]
Rating: +12 (from 12 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

One comment

  1. 1. Tərif bütün fərdlərinə şamil olmalı, özgə fərdləri xaric etməlidir. 2. Tərif edən ifadə, tərif olunan mövzudan daha geniş və aydın olmalıdır. 3. Tərif dövri olmamalıdır; elə olmamalıdır ki, biz tərif zamanı işlətdiyimiz ifadənin özünü, yenidən tərif olunan mövzu ilə ifadə edək. Məs; Yuxarı aşağı deyil. Bəs aşağı nədir? Aşağı odur ki, yuxarı olmasın. Dövri tərif, qaranlıq bir mövzunun mahiyyətini aydınlaşdırmır, sadəcə lüğət elmində yardımçı rol oynayır.

Bir cavab yazın