DİL VƏ ONUN FORMALAŞMASI. ANA DİLİ

Qobustan qaya rəsmləri-ana dili-dilin formalaşması
Qobustan qayaüstü rəsmləri.

Dil insan cəmiyyətində elə güclü və mühüm informasiya vasitəsidir ki, keçmişimizi bu günə, bu günümüzü isə sabaha çatdırır. Ahəngdar fonemlər sistemi, geniş lüğət tərkibi, zəngin leksik və qrammatik vasitələrə malik olması, şəkilçi sistemində çox ciddi bir ardıcıllığın formalaşması, söz yaratma prosesində az sözlə çox məna ifadə etmək imkanları, söz sırasında özünəməxsus qanunauyğunluqların mövcudluğu Azərbaycan dilinin ən qədimdən ictimai həyatda böyük nüfuza malik olduğunu təsdiq edir. Çoxəsrlik təkamül yolu keçmiş Azərbaycan dilinin tarixi xalqımızın tarixi qədər qədimdir. Bu dil hazırki inkişaf mərhələsinə birdən-birə çatmamış, çox ciddi təsir və təzyiqlərə məruz qalmışdır. Xalqımız zaman-zaman bir sıra işğalçılarla üz-üzə gəlmiş və bu mənfur qüvvələrə qarşı mübarizə apararaq öz varlığını və dilini mühafizə etməyə nail olmuşdur.
VII əsrdən başlayaraq ərəb, fars və rus işğalçılarının xalqımızı, eləcə də onun dilini tarix meydanında çıxarmaq cəhdi boşa çıxmış, Azərbaycan dili öz saflığını, müstəqilliyini və orijinallığını qoruyub saxlaya bilmişdir.
Klassik mərhələdə bədii əsərlərin dilində ərəb-fars mənşəli sözlər üstünlük təşkil edirdi. Başqa sözlə, ümumxalq danışıq dili ilə yazılı dil arasında xeyli uzaqlaşma, fərqlilik özünü göstərirdi. Ərəb-fars elementlərinin ixtiyari işlənməsi XX əsrin əvvəllərinə qədər davam etmişdir. XIX yüzilliyin birinci yarısında Azərbaycan torpaqlarının Rusiya imperiyası tərəfindən işğalından sonra dilimizə rus sözləri daxil olmağa başlamışdır. Bu isə onsuz da vahid norma əsasında işlənməyən yazılı dilə bir növ pərakəndəlik gətirirdi. XX əsrin əvvəllərində Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra respublikada ikinci ana dili elan edilən rus dili əslində aparıcı yer tuturdu. Dövlət işləri əsasən rus dilində aparılırdı. Bu dilin əhatəsində Azərbaycan dilinin nüfuzlu bir dil kimi formalaşması və inkişaf etməsi bir sıra maneələrlə rastlaşırdı. Aydın məsələdir ki, heç bir dil yalnız öz milli dil materialı, yalnız öz sözləri, kəlmələri hesabına zənginləşərək inkişaf edə bilməz və dünyada belə bir dil yoxdur. Milli dilin inkişafında, zənginləşməsində və dolğunlaşmasında əcnəbi dillərin müəyyən rol oynadığı şübhəsizdir, lakin xarici dillərdən hansı sözləri və ifadələri ana dilinə gətirmək problemi var ki, bu məsələ xüsusi diqqət tələb edir. Dilə gətirilən sözləri filterdən keçirməli və bu zaman alınma sözlərin təbii olaraq dilimizdə vətəndaşlıq hüququ qazanması  üçün şərait yaradılmalı, hər sözün, ifadənin leksik-semantik və qrammatik məna çalarları, daşıdığı mündəricə yükü nəzərə alınmalıdır.
Son zamanlar istər təhsildə, istərsə də mədəniyyət, ədəbiyyat, musiqi və digər sahələrdə xalqımız xeyli irəli getmiş, daha da inkişaf etmişdir. Bu irəliləyiş özünü dildə də göstərməkdədir. Bir millətin kimliyini təsdiq edən ən başlıca dəlillərdən biri və, bəlkə də, birincisi onun dili və tarixidir. Çox təəssüflər olsun ki, mənliyimizin və kimliyimizin tanıtım sənədi sayılan dilimiz,artıq tam formalaşmış mükəmməl, sabit normalara əsaslanan bir dil olmasına baxmayaraq, bu gün də əcnəbi dillərin təsirindən kənarda qala bilmir. Məhz bu təsirlər dilin söz yaratma imkanlarını məhdudlaşdırır. Dilimizin aktiv və passiv lüğət fondunda kifayət qədər yabançı ünsürlər vardır ki, öz milli sözlərimizdən sayca heç də az deyil, bəlkə də çoxdur. Leksikamıza söz axını hələ də davam etməkdədir. Bu gün Azərbaycan dilinin lüğət tərkibində köklü dəyişikliklər baş verir. Bu, hər şeydən əvvəl, Azərbaycan dilinin başqa dünya dilləri ilə də birbaşa əlaqələri ilə bağlıdır. Əgər əvvəllər Azərbaycan dilinə sözlər əsasən rus dilindən və rus dili vasitəsilə keçirdisə, indi alınmalar vasitəçi dil olmadan dilimizə keçir. Hazırda mətbuat səhifələrində bol-bol işlənən alınmaların dildə yaşayacağına, işləklik qazanacağına zəmanət vermək olmaz, lakin dildə zərurətdən işlənən sözlər dilin lüğət tərkibinə keçərək sabitləşir. Bu məsələyə münasibətdə ehtiyatlı olmalı, lüzumsuz alınmaların işlənilməsinə yol verilməməlidir.
Dövlətimiz və xalqımız müstəqillik qazandıqdan sonra dilimizi saflaşdırmaq, yad ünsürlərdən təmizləmək istiqamətində bir sıra addımlar atılmışdır. Azərbaycan dilinin struktur təbiətinə uyğun gəlməyən sözlərin milli dil vahidləri ilə əvəzlənməsi nəticəsində onlarla yeni söz işləklik statusu qazanmışdır.
Məsələn: bağımsız (müstəqil), başqan, bilgi, bilgisayar, cangüdən, çağ, çağdaş, çıxmaz, çimərlik, deyim, dönəm, durum, duracaq, duyum, görk, gündəm, saxlac, soyad, soydaş, soyqırım, toplam, toplu (məcmuə), özəl, özəlləşmə, vərəqçə, yayım, yetərsay və s.
Əvvəllər dilimizdə işlənən, bir müddət sonra dilin lüğət tərkibindən çıxarılan, ya da alınma qarşılıqları ilə əvəzlənən çavuş, dürlü, görk, nəsnə, ulu, ulus kimi sözlər də yenidən dilə qaytarılaraq istifədəyə verilmişdir.
Aydın məsələdir ki, dilin lüğət tərkibində mövcud olan alınmaların hamısını dəyişmək, öz sözlərimizlə əvəzləmək mümkün deyil. Əgər süni şəkildə kor-koranə yeni sözlər yaradılarasa, bu da doğru olmaz, çünki bu üsul da özünü lazımı səviyyədə doğrulda bilməyəcək. Bu prosses yalnız təbii yollarla aparıldığı təqdirdə uğurlu nəticələr əldə etmək mümkün olar.

Mahmud Kaşğari-“Divanü-luğat-it-türk”
M. Kaşğari-“Divanü-luğat-it-türk”

Hazırda dilçilik elminin qarşısında duran ən mühüm problemlərdən biri də ana dilimizi qoruyub gələcək nəsillərə ötürmək üçün tarixin qaranlıq səhifələrində qalan yazılı abidələrimizi yenidən tətqiq edib araşdırmaq, tarixən həm Azərbaycan dili, həm də bir sıra türk dilləri üçün ümumişlək sayılan sözlər tapıb yenidən dilə qaytarmaqdır. Belə sözləri zamanla dilimizin aktiv lüğət fonduna daxil etməklə söz yaradıcılığı sahəsində önəmli bir dönüş yaratmalıyıq. Bu proses elə diqqətli aparılmalıdır ki, həm dilimizə xələl gəlməsin, həm də eyni sözlərin qohum türkcələrdə rahat şəkildə anlaşılması təmin olunsun.
Bütün türk xalqları və dilləri üçün ortaq yazı abidələri sayılan Göytürk və uyğur yazılarının, ”Oğuznamə”lərin, “Kitabi-Dədə Qorqud” dastanlarının, Mahmud Kaşğarinin “Divanü-luğat-it-türk”, Yusif Xas Həcibin “Qutadqu-bilik” əsərlərinin leksik tərkibini araşdırsaq bu gün dilimizdə işlənə biləcək onlarla türk mənşəli söz tapa bilərik. Elə sözlər ki, hal-hazırda həmin sözlərin başqa dillərdən alınan sinonimlərini əvəz edə bilsin. Buna misal olaraq bir neçə nümunə göstərmək istərdim:
arı– təmiz
ayğu – məsləhət (öyüd)
öyüdçü– məsləhətçi
öygü– tərif
bilim – elm
Bilgin, bilgə – alim
Buyuruq – əmr, fərman
bitik – kitab
əsən –salamat (sağlam)
görük – müşahidə, kəşfiyyat
ilsirət – yurdsuz-yuvasız
qoşuq –şeir
mar – məktəb
ötük – xahiş, rica
ölüt – meyit, cənazə
sirət – yetim
tanıq –şahid

Qədim Alban mətni
Qədim Alban mətni

Azərbaycan dilinin söz bazasını, tarixi leksikamızın imkanlarını nəzərə alaraq bu siyahıya istənilən qədər söz əlavə etmək olar. Dilimizin təmizlənməsi üçün ayrıca dövlət proqramına da ehtiyac duyulur. İstər dövlət qurumları, istərsə də dilçi alimlərimiz bu problemə biganə qalmamalıdırlar. Dil qorunmalı, yaşadılmalıdır. Dildə qaydalar da elə təyin olunmalıdır ki, yüz il, min il bundan sonra da informasiya gələcək nəsillərə maneəsiz çatdırıla bilsin və bizdən sonrakılar çətinlik çəkmədən onu anlaya bilsinlər.
Ulu babalarımızdan miras qalmış ən qiymətli milli sərvətimiz olan dilimizi hər bir Azərbaycan vətəndaşı göz bəbəyi kimi qorumalı və daim qayğı ilə əhatə etməlidir.

Müəllif: Nərmin Heydərova

VN:F [1.9.16_1159]
Rating: +27 (from 31 votes)

Nərmin Heydərova

Fitret.az yazarı. Müəllim.

 
Facebook

Bir cavab yazın