DİQQƏT- ÇOXCƏHƏTLİ PSİXİ PROSES KİMİ

Gündəlik həyatda insana yüzlərlə qıcıqlayıcılar təsir göstərir. Lakin insan onların hamısını əks etdirmir, ən vaciblərini seçib ayırır, fəaliyyətinin icrasına kömək edənləri saxlayır. Bunlar diqqətin fəaiyyəti ilə bağlıdır. Diqqət, idrak proseslərindən biridir. Başlıca xüsusiyyətlərinə görə diqqət digər idrak proseslərindən (duyğu, qavrayış, təfəkkür, hafizə və s.) fərqlənir.
Diqqət psixi fəaliyyət obyektinin aşkar əks etdirməsini təmin edir. İş nə qədər çətin və mürəkkəb olarsa, o qədər artıq diqqət tələb edir. Deməli, diqqət fəaliyyət prosesi zamanı insanın idrak proseslərinə qoşulur, onların daha müvəffəqiyyətli cərəyan etməsini təmin edir.

Diqqət – şüurun müəyyən bir obyekt üzərinə yönəlməsi və mərkəzləşməsindən ibarət psixi hadisədir.

Bu halda fərdin həm sensor, həm də intellektual hərəki fəallığının səviyyəsi yüksəlir, bu cisim və hadisələrə seçici münasibət bəsləməyə başlayır. Seçicilik təkcə müəyyən fəaliyyətin təsirinin ayırd edilməsində deyil, eyni zamanda onların hifz olunmasında (onların uzun müddət şüurda saxlanılmasında) təzahür edir. Demək ki, diqqət, şüurun müəyyən bir obyekt üzərinə yönəlməsində, onun üzərində mərkəzləşməsində və nəticədə cism və hadisələrə seçici münasibət bəsləməsində təzahür edir. Diqqətin əmələ gəlməsi üçün ilk növbədə onun obyekti ayırd edilməlidir. Diqqətin obyekti həm xarici aləm, cisimlər, həm də insanın rəftarı və davranışı ola bilər.

diqqət haqqındaDiqqətin funksiyaları

İlk olaraq seçmə funksiyası tələbatlarla bağlı mövcud fəaliyyətə uyğun gələn təsirləri seçməkdən təzahür edir. Bu funksiyayla yanaşı olaraq, idrak fəaliyyəti və ya davranış aktı başa çatana qədər diqqətin onların üzərində saxlanması funksiyası da vardır. Diqqətin mühüm funksiyalarından biri də fəaliyyətin gedişini tənzim etmək və ona nəzarət etməkdən ibarətdir.
Bu funksiyalar iki mühüm nəticə çıxarmağa imkan verir:
1. Diqqət mürəkkəb psixi proses kimi bütün hadisələrə sensor fikrı və hərəki proseslərə nüfuz edir, onların fəaliyyətinin daha səmərəli olmasını şərtləndirir.
2. Diqqət hadisəsi mühüm idrak prosesi olan hafizənin nəinki bir sıra ixtiyari proseslərinin mahiyyətini düzgün başa düşməyə, həm də onları məqsədə uyğun surətdə təşkil etməyə imkan verir.

Diqqətin növləri

Fəaliyyətin məqsədindən asılı olaraq, eləcə də diqqətin ixtiyarı şəkildə tənzim edilmə səviyyəsindən asılı olaraq bu psixi hadısənin 3 növünü fərqləndirmək olar :

1. Qeyri-ixtiyarı diqqət
2. İxtiyari diqqət
3.İxtiyari diqqətdən sonrakı diqqət

Qabaqcadan qarşıya qoyulmuş məqsədlə, heç bir xüsusi niyyətlə bağlı olmayan və iradi cəhd etməyən diqqətə qeyri-ixtiyari diqqət deyilir. Qeyri-ixtiyari diqqət zamanı insandan xüsusi səy tələb olunmur. Bu diqqət növü insanın hazırlığı olmadan qıcıqlandırıcının bilavasitə təsiri ilə əmələ gəlir və yalnız qıcıqlandırıcının təsir etdiyi müddətdə mövcud olur. Qeyd etmək lazımdır ki, hər bir hadısə və ya qıcıqlandırıcı qeyri-ixtiyarı diqqət yaratmır, bunun üçün qıcıqlandırıcının bəzi xüsusiyyətləri olmalıdır:

1. Qıcıqlandırıcının qüvvəsi və gözlənilmədən təsiri
2. Qıcıqlandırıcının yeniliyi və qeyri-adiliyi
3. Obyektin hərəkətdə olması

İxtiyarı diqqətin yaranması insanın xüsusi niyyəti və məqsədi ilə bağlıdır. Qarşıya qoyulmuş şüurlu məqsədlə bağlı əmələ gəlib və müəyyən iradi səy tələb edən diqqətə ixtiyari diqqət deyilir.
İxtiyarı diqqət zamanı cisim və hadisələr insan üzərində deyil, əksinə insan onların üzərində hakim olur. İxtiyari diqqət prosesində biz heç də təsir edən bütün qıcıqlandırıcıları deyil, yalnız məqsədimizə müvafiq olanları seçirik. İxtiyari diqqətin əmələ gəlməsi üçün bir sıra şərtlər vardır :

1. Fəaliyyətin yüksək səviyyədə yerinə yetirilməsi üçün borc və məsuliyyəti aydın dərk etmək
2.İcra edilən işin və ya fəaliyyətin məqsədini tam dərk etmək
3. Adəti iş şəraitinin olması 
4. Əlavə maraqların yaranması

Diqqət onunla xarakterizə olunur ki, o nə dərəcədə bu və ya digər obyekt üzərində mərkəzləşə bilir. Diqqətin nə qədər obyekti əhatə edə bilməsi, bir obyektdən digərinə nə dərəcədə asanlıqla, ya da çətinliklə keçə bilməsi və s bu kimi cəhətlər isə diqqətin xüsusiyyətləri ilə bağlıdır.

Diqqətin xüsusiyyətləri

1. Diqqətin mərkəzləşməsi
2. Diqqətın həcmi
3.Diqqətin paylanması
4. Diqqətin davamlılığı
5. Diqqətin keçirilməsi
6. Diqqətin tərəddüdü
7. Diqqətin yayınması

Diqqətin mərkəzləşməsi zamanı şüurumuz bir obyekt və ya fəaliyyətə yönəlir, başqalarından uzaqlaşır. Diqqətin mərkəzləşməsi obyektə olan dərin, fəal maraqla bağlıdır.
Diqqətin həcmi eyni vaxtda əhatə olunan, aydın dərk olunan obyektlərin miqdarı ilə müəyyən edilir. Əgər eyni vaxtda təsir edən 10 obyektdən 5-i aydın qavranılırsa, deməli, diqqətin həcmi 5 obyektə bərabərdir. Diqqətin həcminin böyük olması bir sıra fəaliyyət sahələrində çox əhəmiyyətlidir. Məsələn, kəşfiyyatçı eyni zaman içərisində nə qədər çox obyekti əhatə etsə, kəşfiyyat işi bir o qədər səmərəli olar.

diqqət.1Diqqətin paylanması eyni vaxtda iki müxtəlif və daha artıq işi yerinə yetirmək bacarığı ilə xarakterizə olunur. Əgər eyni vaxtda 2 və ya 3 işlə məşğul olursunuzsa, deməli, diqqətiniz 2 və ya 3 iş üzərində paylanır. Avtomobil idarə edən insanın diqqətini bir neçə yerə paylaması vacibdir. Bir sahədə lazımı vərdiş toplamış insanlarda diqqətin paylanması müvəffəqiyyətlə baş verir.


Diqqətin davamlılığı onun ümumi bir məqsədə tabe olan obyektlər üzərində uzun müddət və fasiləsiz olaraq saxlanılmasında ifadə olunur. Burada diqqət bir obyektdən başqasına keçirsə də onlar ümumi məqsədə tabe olan fəaliyyət obyektləri kimi qalır. Şagird misal həll edərkən, onun diqqəti dərsliyə, oradakı misallara, rəqəmlərə,işarələrə, keçmiş təcrübəyə yönəlsə də, əgər misal həlli davam edərsə, deməli, diqqət davamlıdır. Çünki burda bütün bu obyektlər ümumi məqsədə- misal həll etmək məqsədinə tabedir.

Diqqətin keçirilməsi  onun şüurlu surətdə bir obyektdən başqa obyektə və ya bir fəaliyyətədən başqa fəaliyyətə yönəldilməsidir. Bu, fəaliyyətin ümumi istiqamətinin dəyişməsi ilə əlaqədardır.
Diqqətin keçirilməsi onun yayınmasına çox oxşayır, lakin onlar arasında keyfiyyətcə fərq var.

Diqqətin yayınması onun hazırda qarşıda duran məqsədlə əlaqədar olmayan cisim və hadisə üzərinə yönəlməsində ifadə olunur. Müəllimin dərs izah edərkən şagirdin küçəyə baxması onun diqqətinin yayınmasını göstərir.
Diqqətin tərəddüdü, adətən, 2-3 saniyədən bir baş verir. Buna görə o yalnız çox sürətli hərəkətlərin icrasına müəyyən dərəcədə mane ola bilir. Lakin adam diqqətin nəzərə çarpan tərəddüdü olmadan 20-25 dəqiqə, bəzən daha çox müddətdə gərgin diqqətlə eyni iş üzərində çalışa bilər.

Diqqətlilik və ya diqqətsizlik şəxsiyyətin xarakter əlamətinə çevrilə bilir, insanlara münasibətdə də təzahür edir. Bu cəhət şəxsiyyətin aldığı tərbiyədən, öz üzərində işləmək, özünütəkmilləşdirmək cəhdindən, onun sərvət meyllərindən, dünyagörüşü və əqidəsindən və s. asılıdır.
Unutmaq olmaz ki, insanlara diqqətli olmaq şəxsiyyətin mənəvi aləmini xarakterizə etmək üçün ən vacib göstəricidir.

Mənbə:  Ə. Əlizadə, Ə. Bayramov “Psixologiya”
Hazırladı : Psixoloq R_M

 

Beyenmeler
0   15  
VN:F [1.9.16_1159]
Rating: +28 (from 36 votes)

Psixoloq

Fitret.az idarəçisi. Psixoloq.

- Sayt ünvanı

Bir cavab yazın