Gümanlı düşüncəni arzulu düşüncədən ayırd etməyi bacarmalıyıq:
1. gümanlı düşüncə həm keçmişə, həm də gələcəyə yönələ bilir, arzulu düşüncə – ancaq gələcəyə;
2. gümanlı düşüncə məlumatsızlıqdan doğur, arzulu düşüncə – məmnuniyyətsizlikdən;
3. gümanlı düşüncə durumu anlamağa, gedişatı anlatmağa çalışır, arzulu düşüncə – durumu dəyişməyə, gedişata yön verməyə;
4. gümanlı düşüncənin faktlara ehtiyacı ola bilir, arzulu düşüncənin – yox;
5. gümanlı düşüncəni yalanlamaq olur, arzulu düşüncəni – yox (arzularda yanılmaq ayrı məsələdir);
6. gümanlı düşüncə izahat tələb edir, arzulu düşüncə – təbliğat.
Bu iki düşüncə arasında fərqi görmək asan olmur. Düşünənin özü də güman-arzu qarşılaşdırılmasında aza bilər. Mənim yazılarımda ikisi də olur. Gümanlara daha çox yer verirəm, amma arzulu düşüncələrimi də gizlətmirəm (onları təbliğat şəklinə salmasam da).
Düşüncə mətnə çevriləndən sonra obyektivləşir və müəllifdən asılılığını itirir. Oxucu ancaq mətni görür və ona öz mənasını verməyə çalışır. Problem ondadır ki, oxucu çox zaman müəllifin niyyətini güman etməyə girişir, bununla da öz gümanlarını müəllifin arzularının yerinə qoyur. Müəllif sağdırsa və onun özündən aydınlaşdırmaq imkanı varsa, müəllif öz izahını verə bilər. Hərçənd, onun izahı da əlavə gümanlar doğuracaq. Müəllif sağ deyilsə, izah mümkünsüz olacaq, onun yerini şərh tutacaq. Şərh, öz növbəsində, müəllifin özünə aid olmayan gümanlar üzərində qurulacaq. Bu, çözümsüz bir problemdir.
Müəllif: Erkin Qədirli