ETİRAF

Mənimçün fərqi yoxdur, sən pulu hardan qazanırsan. Mən bilmək istəyirəm, sənin ürəyin nədən ağrıyır? Ən gizli istəyinin həyata keçməsini arzulamaq gücündəsənmi?
Mənimçün fərqi yoxdur, sənin neçə yaşın var. Mən bilmək istəyirəm, riskə gedə və həyatın özündən başqa bir şey olmayan sevgin, arzun, macəran naminə gülünc görünə bilərsənmi?
Mənimçün fərqi yoxdur, sənin ulduz cədvəlində ay hansı zodiak işarəsində yerləşir və onu hansı planetlər əhatələyir. Mən bilmək istəyirəm, ağrını dərk edə bildinmi, kədərin ən dərin yerinə endinmi? Xəyanət qarşısında davam gətirib dünyaya daha açıq olmağımı öyrəndin, yoxsa yeni ağrı qarşısında qorxudan titrədinmi? Mən bilmək istəyirəm, özünün və ya mənim ağrımı onu gizlətmədən, yumşaltmadan və hər şeyi düzəltməyə çalışmadan daşımaq gücündəsənmi? Mən bilmək istəyirəm, özünün və ya mənim sevincimlə yaşaya bilərsənmi, yabanı ola və dəli kimi rəqs edə bilərsənmi? Elə vəcdə gələ bilərsənmi ki, xoşbəxtlik kənarlarından süzülsün? Dünyadakı hər şeyi, hətta insan olduğunu və yür üzərində gəzməli olduğunu belə unuda bilərsənmi? Uça bilərsənmi?..
Mənimçün fərqi yoxdur, sözlərin nə dərəcədə doğrudur. Mən bilmək istəyirəm, öz həqiqətinə sadiq qalmaq, özünlə düz olmaq naminə başqasını xəyal qırıqlığına uğratmağa hazırsanmı? Xəyanətkar ittihamını qəbul edə və öz ruhuna xəyanət etməyə bilərsənmi? Haqsız görünüb, haqlı qala bilərsənmi? Mən bilmək istəyirəm, gözəl olmayan şeylərdə hər gün gözəllik görməyə qadirsənmi? Ondan güc almağı bacarırsanmı? Mən bilmək istəyirəm, özünün və ya mənim məğlubiyyətimi dərk edib yaşaya bilərsənmi, bu hisslə gölün kənarında dayanıb böyük gümüşü aya “HƏ!!!” deyə qışqıra bilərsənmi?
Mənimçün fərqi yoxdur, sən harda yaşayırsan və sənin nə qədər pulun var. Mən bilmək istəyirəm, kədərli və ümidsiz gecədən sonra, göz yaşlarından və dözülməz ağrıdan üzülmüş vəziyyətdə ayağa durub uşaqlarımızın ehtiyacı olan şeyləri edə bilərsənmi?
Mənimçün fərqi yoxdur, tanışların kimlərdir və bura necə düşmüsən. Mən bilmək istəyirəm, mənimlə odun ortasında səndələmədən dayana bilərsənmi?
Mənimçün fərqi yoxdur, sən nə bilirsən və bildiklərini sənə kim öyrədib. Mən bilmək istəyirəm, daxildə səni təşkil edən şey nədir? Heç nə qalmayanda, orda nə qalacaq? Mən bilmək istəyirəm, özünlə tək qala bilirsənmi və bu boşluq güzgüsündə özünü bəyənirsənmi?

Oriah Mountain Dreamer “Etirafa dəvət”
Tərcümə: Günay İsrafilova
Hazırladı: Vüsaləddin Rüstəmov

Beyenmeler
0   10  
VN:F [1.9.16_1159]
Rating: +10 (from 16 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın