FƏLSƏFƏDƏ ÜSTİNQİLABÇI – NİTSŞE

nietzsche-nitsşeBəşər tarixində öz fikirləri ilə silinməz iz qoymuş müxtəlif dahilər gəlib keçmişdir. Xüsusilə fəlsəfədə hər dövr üçün keçərli olan söz sahibləri vardır. Bunlardan biri də XIX əsr alman estetik fəlsəfəsinin önəmli siması, bəşərə Fövqəlinsan kimi miras qoyub getmiş, irrasional təbiətli, döyüşkən ruhlu Fridrix Vilhelm Nitsşe (1844 – 1900) olmuşdu. Əvvəla deyək ki, fəlsəfə gündəlik həyatda insanın ən vacib yaşam şərtlərindəndir, halbuki, adi şüur üçün bu, bəlkə də, çox önəmli deyil. Lakin Nitsşe özünəməxsus, orijinal yollar yaratmaqla fəlsəfədə silinməz izlər qoyaraq insanlıq tarixinə və fəlsəfəyə böyük ərmağanlar bəxş etmişdir. Özünün dediyi kimi, “Fəlsəfə – buzlar içində könüllü yaşamaq kimidir”. Nitsşe hər şeydən əvvəl öz keçməkeçli, əzablı həyatı ilə tezislərini doğrultmuşdur. Təbii ki, yaşadıqları düşüncələrinə də təsirsiz ötüşməmişdir. Daim tənha, üstşüura can atan,  əzabkeş Nitsşe… Buna görə də, deyirdi : “Üstinsan əzab çəkərək ucalır yüksəkliklərə!” Amma biz bu məqalədə onun yaşamına ötəri yanaşıb, əsas ideyalarına gözucu toxunacağıq. Əvvəla Nitsşe özünü “yüz il öncə gəlmiş filosof” adlandırırdı, ona görə də onun fikirlərinin dərinliyini indi belə tam anlamaq olmur. Lakin bacardığımız qədər ümumi olaraq fəlsəfi konspepsiyalarını analitik olaraq şərh etməyə çalışacağıq.

F. Nitsşe üç əsas fəlsəfi müddəası ilə iz qoymuşdur :
fövqəlinsan;
dəyərlərin dəyərsizləşib yenidən dəyərləndirilməsi; ( əbədi təkrarlanma )
hakimiyyət əzmi ( güc istənci )

Nitsşe ideyalarının hamısı zəncirvari olaraq bir-biri ilə əlaqəlidir. Bu yazıda daha çox Fövqəlinsan və dəyərlər anlayışına toxunacağıq. Nitsşenin Fövqəlinsan ideyası onun fikirlərinin kamillik dərəcəsinə çatmış “Zərdüşt belə deyirdi” (1883-1885) əsərində ifadə olunub. Bu əsər zəngin poetikliyi baxımından fəlsəfi axarda iz buraxmış 10 dərin əsərdən biri hesab edilir. Əsərdə Nitsşe təmsilçi olaraq qədim İran peyğəmbəri Zərdüştü seçmişdir. Amma Nitsşenin Zərdüştü burada sadəcə simvolik xarakter daşıyır. O, tarixi Zərdüşt kimi din yaymır, əksinə, müəyyən anlamda ona qarşı çıxır, güclü insanın yaşamında nə Zərdüştə, nə dinə, nə heç bir ilahi və metafizik qüvvələrə ehtiyac olmadığı ideyasını yayır. Nitsşe insanın yaşamında özündən güclü heç nəyə ehtiyac olmadığını, insanların qanunları özləri yaradıb, yalnız özləri özlərini mühakimə edib, qiymətləndirməyi tələb edirdi. Təbii ki, topluma belə buyruqlar uyğun ola bilməz, kütlələri idarə etmək  və cəmiyyətdə normanı qorumaq üçün inanc vacib məsələlərdəndir. Buna görə də, Nitsşeyə seçmə – üstinsana can atan fərdlər lazımdır. Bunun üçün də fərdin azad olması üçün toplum düşüncəsindən  ayrılma əsasdır.
nitsşe-üstinsanO, üstün insanın hər şeyə ilk növbədə öz gücü ilə çatmasını tələb edirdi bununla da digər ideyası “hakimiyyət əzmi” ( güc istənci ) nə bir növ keçid etmiş olur. Nitsşe deyirdi ki, “İnsanın həyatda məqsədi sağ qalmaq – yaşamaq yox, qalib gəlmək, güc qazanmaq olmalıdır. “Bunun üçün də insan ilk növbədə özünü, istəklərini aşmalıdır.” Özün öz külünə yanmalısan, özünü məhv etmədən öncə necə yenilənə bilərsən”, “İnsan daim özünü aşmalı, özündən böyük bir şey yaratmalıdır” Burada həmçinin digər ideyası “dəyərlərin yenidən dəyərləndirilməsi”, bir sözlə Nitsşe nihilizmi də özünü göstərir. Erix Fromm kimi sənətkarlara görə Nitsşe nihilist olmayıb. Amma bu özü də Nitsşenin dəyişkən fikirli, plüralist olması, daim düşüncə yeniliyinə cəhdi sübut edir. “Dərisini dəyişdirməyən ilan ölümə məhkumdur, bu eyni zamanda düşüncəsini dəyişdirməyən beyinlərə də aiddir.” Nihilizm hərfi mənada “heçnəsizlik” anlamı verdiyindən, Nitsşe bu ideyanı məhz “özündənqurtulma” və “özündənyüksək nəsə yaratma” kimi bizlərə çatdırır. Və “Tanrı öldü!” ideyası… Burada da qeyd etməliyəm ki, Nitsşe ateist olmayıb, o məhz fərdiyyətçi nihilist kimi bütün dəyərlər – Tanrı, eşq, borc, vicdan, əxlaq kimi kütləyə məxsus anlayışları rədd edir və insanın yeni dəyərləri özünün yaratmasını tələb edir. Güclü insan toplumdan uzaq,öz istəyi ilə yaşaya biləndir, Ona görə də deyir: “Fərdin əxlaqlı olması üçün toplum əxlaqından ayrılması lazımdır.”
Göründüyü kimi, Nitsşe ideyaları bir-birindən nə qədər fərqli, orijinal olsa da, eyni zamanda bir-biri ilə əlaqəli şəkildədir. Və ən əsası Nitsşe ifrat fərdiyyətçi olaraq çoxluğun əxlaqı ilə kəllə-kəlləyə gəlməyi sevir və bundan həzz alaraq özünü “döyüşçü ruhlu” adlandırırdı. Hətta daha irəli gedərək “Kölələr onlardan ayrılıb azad olana, tək qalana nifrət edirlər” deyimi ilə bir növ ideyasının qalibiyyət zərbəsini endirmiş olur. Nitsşe fərdin bütün mübarizəsinin yalnız öz azadlığı uğrunda olduğunu vurğulayırdı, bütün səylərinin azad olmaq istəyi üzərində qərarlaşdığını,amma buna heç zaman çata bilməyəcəyini deyirdi. Misal üçün Zərdüştə müraciət edək,orada deyilir: “Yüksəkliyə can atarkən müxtəlif pillələri adlayıram,amma onların heç biri həmin pillələri mənə bağışlamır” davamında “İnsanlar da ağaclar kimidir, onlar nə qədər yüksəyə qalxırsa ,kökləri də bir o qədər aşağı, qaranlığa,şərə bir o qədər işləyir”. Dolaysı ilə Nitsşe yalnız istəklərdən qurtulanda azadlığa çatacağımızı deyir, nə qədər çox istəyin olursa o qədər aslılığın,həyata bağlılığın artır. “Nəsnələrimin azlığı mənim üstünlüyümdür” deyirdi və “Xoşbəxt olmaq istəyirsinizsə gedib sürünün bir hissəsi ola bilərsiniz” deyə tövsiyyə edir. Məhz buna görə də özünün şah fikrini “Böyük uğurlar xoşbəxtliklə tanış deyil” i yaratmış oldu.
nitsşe-turin atıNitsşe üstinsanı hər şeyə özü çatan, hər şeyini – pisini və yaxşısını özü qiymətləndirən biri olmalı idi. O, həyati məsələdə heç nəyi ilahi qüvvənin yardımına buraxacaq qədər təvəzökar olmamağı tələb edir, pisləri də,yaxşıları da məhz həyatda qiymətləndirilməsini istəyirdi. Üstinsan qismətə, taleyə boyun əymir, o məhz döyüşərək özü nail olur. Təbii ki, bu yolda tək də irəliləmək olmaz,onun üçün də “Dünya yeni dəyər yaradanların başı üzərinə fırlanır, yaradan olmaq istəyən məhv etməlidir! Zərdüşt yaradan olmaq istəyir, bu yolda isə ona ardıcıllar lazımdır” deyirdi. Nitsşeyə görə, insanlıq durmadan özündən güclü şey – fövqəlinsanlar yaratmalıdır. Bundan başqa insanlığın ideal məqsədi olmamalıdır. Ancaq o, özü də bilirdi ki, bu tam alınmayacaq. Ona görə də deyirdi “İnsanda seviləsi bir şey varsa, o da onun əbədiliyi deyil, gəldi gedərliyidir. Mən məhvə doğru gedən adamları sevirəm, çünki o həyatdan beş əlli yapışmır, onun ötəri olduğunu anlayır. Onun ürəyi onun evidir, onun ürəyi isə onu məhvə doğru mübarizəyə çağırır, çünki yalnız o axirət yolunu keçməyə qadirdir.” Göründüyü kimi, Nitsşe yalnız şeçilmiş fərdləri fövqəlinsana səsləyir, burada isə əsas məna fövqəlinsana gedən yoldur, fərqi yoxdur, ona çatacaq ya yox, ən əsası uğura gedən yol daha həzzvericidir, çünki ideallar onun uğrunda mübarizə aparıldığı vaxt mövcuddur. Nəyəsə çatdıqda isə bütün məna itir. Bununla da Nitsşe həyatın mübarizədən ibarət olduğunu və buradan ancaq güc istəncli Fövqəlinsanların qalib gələcəyini deyir. Buna görə də xristianlığın “xeyirxahlığına” da qarşı gəlir; “İnsanlara qollarınızı çox da açmayın, yoxsa sizi də çarmıxa çəkərlər” (Antixrist) deməklə “xeyirxahlıq etməyin” demir, qədərindən artıq təvazökar olmayın deyə tələb edir. Çünki bəşər onsuz da çox “xeyirxahlıqlara” qurban olub. Və nəhayət, Nitsşeni “faşizmin atası” damağasıyla kirlədənlər bir məqamı unudur ki, Nitsşe fövqəlbəşəri ideyaların daşıyıcısı olmuş, millitarist düşüncələrə əks “Bəşəriyyətin hələ məqsədi yoxdur” deməklə insanlığın, bəşərin keçdiyi əzablı yolların, müharibə, qırğınların, bir sözlə həm keçmiş, həm də gələcəyin bəlkə də sonsuzadək yaddan çıxarmayacağı qanunları yazmışdır. İdeyalar heç bir zaman ölmür, ələlxüsus da üstideyalar!

“Düşüncələriniz uğrunda vuruşun, düşüncələriniz məğlub olsa belə, qürurunuz zəfər bağırtıları ilə qalib gəlməlidir!”

Müəllif: Eyvaz Usubov
Mənbə: ibtidaivehsi.blogspot.com

VN:F [1.9.16_1159]
Rating: +5 (from 5 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın