İÇİMİZDƏKİ CANAVARLAR…

fitret-içimizdeki canavarAnimasiya filmlərin birində əhliləşdirilmiş aslan dostları ilə birgə zooparkdan qaçıb meşəyə gəlir. Zamanla düşdüyü ortama uyğun olaraq yaradılışı, təbiəti etibarilə vəhşiləşir, heyvanlara, hətta ən yaxın dostlarına hücum etməyə başlayır. Vəziyyəti düzəldə bilmədiyini görüb meşənin dərinliklərinə, kimsəyə zərər verə bilməyəcəyi uzaqlıqlara qaçır.

Filmin bu kiçik hissəsi mənə sanki insanı və onun təbiətini anlatır. Doğrudur bu aslan insanlara baxdıqda biraz daha insaflıdır. “Yaradılışım budur, nə edim beləyəm” deyib vəhşiliyinə haqq qazandırmır. Yalnışın özündə olduğunu dərk edir və özünü zərərsizləşdirmək üçün yalnızlığa çəkilir. Çox zaman bu personaj qədər insaflı və dürüst davrana bilməsək belə, həyatda daima bu cür hallarla üzləşməli oluruq. Daxilimizdəki canavarla tanış olma məqamlarını nəzərdə tuturam. Hər birimizin daxilində çölə çıxmaq üçün öz şərait və vaxtını gözləyən müxtəlif canavarlar gizlənməkdədir. Eqo, şəhvət, yekəxanalıq, hirs, özünü göstərmək, intiqam almaq daxildəki bu cür yırtıcılardan bir neçəsidir. Hətta onlar üzə çıxarkən özümüzü belə heyrətə gətirə bilirlər. Ən yaxşı halda “sən bunu necə etdin, sən axı əvvəl belə deyildin” deyə özümüzü qınayır, pis halda isə içimizdəki canavara boyun əyir, canavarlaşır və bu halımıza bəraət qazandırırıq.

Əslində daxilimizdəki canavarların varlığı və müxtəlif məqamlarda üzə çıxması yaradılışımız baxımından normal haldır. Hər birimiz vəziyyətdən asılı olaraq pis fikirlərə düşə, hətta bəzən böyük səhvlər də edə bilərik. Həyat davam etdikcə şəraitlər yaradacaq, bizi içimizdəki canavarlarla, digər üzlərimizlə, qısacası bizi özümüzlə tanış edəcək. Önəmli olan bu üzləşmə zamanı hisslərimizin bizi əsarəti altına almasına mane olmaq, üzsüzləşməyə macal tapmadan xətalarımızla üzləşmək, özümüzü tərbiyə etməkdir.

eqo-iç dünyamızYaşadıqca həyatın hər üzünü görəcəyik. Hər üzümüzü də. Müxtəlif situasiyalara düşməkdən, özümüzlə tanış olmaqdan qorxmamalı, əksinə bu durumda hisslərimizi ələ alaraq şəxsiyyətimizi bir addım daha ucaltmalıyıq. Filmin davamında rejissor bunu gözəl anlatıb. Dostu aslanın yanına gələrək ona özünü xatırladır. Xatırladır ki, əslində sən ilk yaradıldığın halında olan sən deyilsən. Özünü tərbiyə etdiyin kəssən. Sən, sonradan qazandıqlarınsan.

Özümüzdən nifrət etmək, “mən adam olmadım” demək əvəzinə səhvlərlə yoğrulmaq, yalnışlardan nəticə çıxararaq olğunlaşmaq. Beşikdən məzara qədər tərbiyələnmək. Yaşam boyunca bəşərlik əlamətlərindən qurtulub adəmləşmək. Bir ömür insanlığı inkişaf etdirmək, adamlaşmaq. Bir sözlə həyatı qayəsi ilə yaşamaq…

Müəllif: Cavid Şirinov

VN:F [1.9.16_1159]
Rating: +16 (from 16 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

İzlə:
TwitterFacebookGoogle Plus

Bir cavab yazın