İMTİNA ETMƏK…

Özün olmaq cəsarəti: Şübhə və inancdan güvənə doğruElə an olur ki, imtina etmək məcburiyyətində qalırsan. Və elə an da olur ki, əldə etməyin qaçılmaz olur. Belə bir halda hər iki məhfumun nə qədər həssas və özəl xarakter daşıdığı aydın olur. Bu iki anlayışı bir-biri ilə müqayisə etmək çox çətindir. Məsələ insanın bu anlayışlara yerinə görə, olay və hadisələrin fonunda baxması ilə anlam qazanmasındadır. Yerinə görə qərar vemək, davranmaq hər iki anlayışın ayrılıqda insan həyatı üçün faydalılıq əmsalını təyin edir. Eyni zamanda hər ikisi birlikdə və ya bir-birini izləyərək faydalı ola bilir.
İmtina etmədən ancaq əldə etmək üçün çabalayan insana acgöz deyirik. Nə gəldi udar, mənimsəyər, ağına-bozuna baxmaz. Əldə etməyən və edə biləcəyi halda imtina edən insana isə fərsiz, bacarıqsız deyirik. Dünya aləm vecinə olmaz, əlində-ovcunda bir şey qalmaz, imtina etməsi ilə sanki bir xarakter formalaşdırar. Hər iki tip insanlar ətrafımızda çoxdur və biz də bu insanlara biganə qala bilmirik. Hətta müxtəlif vəziyyətlərdə hər hansı tipə qibtə də edirik. Qazandı, bacardı, mənimsədi deyə. Və ya imtina etdi, dözdü, dik durdu, xarakter nümayiş etdirdi deyə.

Demək ki, bu iki anlayışın həyatda rolu böyükdür. Bu böyüklüyün faydalılığı isə onlar arasında sərhəddin müəyyən olunmasıdır. Sərhəd, hər bir şeyin tərif almasından və özününü aydın ifadə edə bilməsindən başlar. Hər biri hadislərədə, olaylarda təzahür edən anlayışdır. Nədən imtina edəcəyimizi və nəyi əldə edəcəyimizi mövcud olduğumuz vəziyyət təyin edir. Vəziyyəti oxumaq, buna görə də sərhədləri müəyyən etmək lazımdır.
Dahilər, imtina etməklə əldə etməyin sərhədlərini müəyyən etmiş insanlardır. İmtina edə bilmək nemətdir. Nemətlərdən imtina etmək isə sərhədləri bilməkdən keçər. Bir şeyi nemətə çevirmək bu sərhəddin varlığından asılıdır. Bu sərhədləri əldə etmək lazımdır ki, imtina etməyi də bacaraq.

Əldə etməyi cəsarətə, imtina etməyi isə iradəyə bağlayırıq çox zaman. Cəsarət və iradə, müvafiq olaraq əldə etmə və imtina etmənin bazası sayıla bilər bəlkə də. Amma hər əldə edənə cəsarətli, hər imtina edənə iradəli deyə bilərikmi? Vəya, hər cəsarətli olan mütləq əldə etməldirmi? Hər iradə sahibi ancaq imtinamı etməldir? Əslində çox həssas mövzudur. Elə insanlar var ki, sadəcə əldə edə bilmirlər, amma imtina etmiş kimi görünürlər. Bunda diqqətli olmaq lazımdır. Necə ki, danışa bilməyən insanları susan müdriklərlə qarışdırmamalıyıq.

əldə etmək-imtina etməkMəncə, imtina edən insan əldə etməyi bacarıb da bunu edən insandır.  Əldə etmədən, əldə etməni bacarmadan imtinaya qol qoymaq, bunu iradə gücü ilə etmənin nəticəsinə oxşamır. İmtina edə bilmək iradəli bir addım olursa, o zaman bu elə ən böyük cəsarətdir. İnsan üçün ən böyük cəsaqrət elə iradə sahibi olmaqdır. Hələ də bu sahibliyi əldə etmək üçün deyil, imtina etmək üçün istifadə edəsən.

İmtina etməyi bacarmaq lazımdır. İmtina, nəticəsini və həzzini uzun zamanda biruzə verən bir nemətdir. İmtina edənlər, səbr edənlərdir o zaman. Səbr etməyi bacaranlar, imtina edərək qazanmaqdan həzz alanlardır. Müdriklər çox sözlər demişlər bu haqda. Bunun bir məqam olduğuna inanıram mən. Əks halda, əldə etməklə alışıb yanan fərdin imtinadan xoşlanması sadəcə bir özünü aldatmadır. Özünü aldadan insan isə nə əldə edər, nə də imtina etməyi bacarar.

Müəllif: Vüsaləddin Rüstəmov

Beyenmeler
0   15  
VN:F [1.9.16_1159]
Rating: +6 (from 8 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

One comment

  1. Gərək elə əldə edəsən ki, heç vaxt imtina etməyi lazım və ya vacib bilib buna məcbur olmayasan. Zərərli, münasib olmayan, əxlaqa zidd , etikaya sıqmayan, cinayət sayılan, icazə olmayan hər bir şeydən imtina etmək lazımdır. Bəzən imtina etmək nəzakətsizlik sayılır. Başqa bir şeydən imtina etmək isə incikliyə səbəb ola bilər. Borcundan imtina etmək isə qeyri insani hal kimi sayılır.

Bir cavab yazın