İNSAN. BİLDİKLƏRİMİZ VƏ BİLMƏDİKLƏRİMİZ…

fizik və metafizik. elm və dinMetafizika bilinməyən fizikadır. Yəni, bildiyimiz fizikanın izah edə bilmədikləridir. İnsan, həyatı bilinən və bilinməyənlərlə birgə qavrayır. İnsan anladığı ilk gündən həyatına iki qovluq əlavə edir: bildikləri (fizika) və bilmədikləri (metafizika).
İnsan bildiklərini də bilmədiyindən dolayı qazanmışdır, sual etməklə. İnsanın bilmədiyini və bilmək istədiyini ortaya qoyan ilk şey sualdır. İnsan bilmədiyi sürəcə sual edəcək. Sual etdikcə ya cavab tapacaq, ya da cavab tapa bilməyəcək. Məhz tapa bilmədikləri cavabları metafizika qovluğuna yerləşdirəcəkdir. Həyat təcrübəsindən bilirik ki, insanın bilmədikləri bildiklərindən çoxdur, demək ki, metafizika qovluğu daha çox doludur. Bu azmış kimi, tapa bildiyi cavablar da yeni suallar doğurmaqdadır. Və hər yeni sual özü ilə yeni-yeni tapılmayan cavab gətirəcək və bütün bu tapılmayan cavablar isə metafizika qovluğuna yüklənəcəkdir. Bu minvalla insan, həyat boyu yüklənmiş və dolmağa davam edən metafizika qovluğuna daha çox güvənməyə və inanmağa başlayacaq. Çünki cavabsızlıq olsa belə sərmayə olaraq yüklü qovluğu daha çox hesaba alacaq, onu daha dəyərli biləcəkdir. Ən azından buna görə, yəni bilmədiklərinə görə məsuliyyət daşımır.
Demək, bilmədiklərimiz çox olduqca suallar çoxalır, sual çox olduqca isə tapılmayan cavablar da çoxalır.  Tapılmayan cavablar isə özlüyündə metafizik izahların çoxluğunu, metafizik izahların çoxluğu isə inanc və qorxunu formalaşdırır. Çünki hər ikisinin, inanc və qorxunun ən təməl kökləri bilinməzlikdir. İnsan çox şeyi bilmədiyinə görə inanmaq zorunda qalır və bilmədiyi sürəcə qorxur. Bütün bu proseslər, insan həyatının təcrübəsi olaraq böyük bir təkamül yaşayaraq formalaşmış və bunun əsasında insan leksikasına DİN qavramı düşmüşdür. Dinin təməli metafizikadır. Bəli, din metafizika var olduqca olacaqdır. Metafizika isə öz növbəsində tapılmayan cavablardan, tapılmayan cavablar isə suallardan doğmaqdadır. Tapılan cavablara da fizik, yəni elm dediyimizi nəzərə alarsaq, o zaman DİN və ELM ilkin olaraq sualdan yaranır deyə bilərik.

fərqindəlik, sualİnsan kainatla üz-üzədir və bir şeylərin fərqinə varar. Fərqinə vardıqca anlamğa çalışar. İlk cəhddə suallar yaranar beynində. İnsan sual istehsal edər.  Bu suallara qarşılıq aldığı cavablara elm, ala bilmədiklərinə isə din deyər. İnsan sual istahsal edir dedik, elə isə elm və dini də isthsal edən sualdır. Dolayısı ilə hər ikisini istehsal edən elə insan özüdür.
İnsan istehsal etdikcə özü ilə tanış olur. Bu həm elmin verdiyi əmək və insan təkamülü baxımından, həm də dinin verdiyi özünü kəşf, yəni kamilləşmə baxımından təsdiqini tapmış tezisdir. O zaman deyə bilərik ki, insanı insan edən də sualdır. Bütün bunları qavradıqca bütün bunlar üzərinə bir sual doğur: Bəs bu istehsalın xammalı nədir, hardandır? İnsan necə sual verir, suallar nə üzərinə formalaşır? İnsanın çıxdığı yol, yoldakı işarətlər, işarətlərdən dolayı kəşf etmək istədiyini nədir? İnsan nəyi maraq edir?
Bütün suallar beyində yaransa da, xammalı ətraf aləm, kainat və bütün varlıq üzərə insanın oxuduqları işarətlərdir. İnsan fərqinə varır ki, üz-üzə dayandığı böyük bir varlıq aləmi həm möhtəşəm düzən üzrədir, həm də ziddiyyətlərlə dolu bir meydandır. Bu düzən insanın beynində, ziddiyət ətrafdadır mı, yoxsa əskinə? İnsanın iç dünyasındakı ilə çöl dünyasının qarşılıqlı əlaqəsi nədir ki? Ümumiyyətlə insanın içində olan nədir? İnsan niyə anlamaq, uzlaşmaq və formalaşdırmaq zorundadır?
Gördüyümüz kimi, bütün bu suallar və sualları ortaya çıxaran bütün fenomenlər arxasında böyük bir numen dayanır. İnsanın can atdığı da odur. Elmin də, dinin də varmaq istədiyi nöqtə də odur. Bu yolda insanın ən çox anlamağa ehtiyac duyduğu özüdür. Çünki yol da, yoldakı da elə özüdür.O nə elmdir, nə də din. İnsan sual edən, cavab tapan və tapmayan bir istehsalçıdır. Tapdığı cavablarla, cavablar toplusu olan elmi ilə öyündüyü bir dönəmdə yenidən üz-üzə qaldığı fakt budur:

“İnsan, bütün elmlərin onun haqqında deyə biləcəklərindən daha artığıdır.” Aliya İzzətbeqoviç

Müəllif: Vüsaləddin Rüstəmov

VN:F [1.9.16_1159]
Rating: +18 (from 20 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın