İSLAMIN ŞƏXSİYYƏT BÖHRANI

islamın böhranıYAŞADIĞIMIZ COĞRAFİYA

Əslində nə qədər mənfi cəhətlərin çoxluğunu görsək də, sosial problemlərlə dolub daşsa da, biz İslam dinin hakim olduğu bir coğrafiyada yaşayırıq. Böyük bir İslam kültürünün daşıyıcılarıyıq. Bu ərazilərdə baş verən hər bir mədəni, iqtisadi, siyası olay birbaş bizim həyatla münasibətimizə təsir edir. Bizim mövqemiz bunların təsiri ilə formalaşır. Yanıldığımız yerlər də çox olur. O üzdən İslam dini, onun böhranı və bizim bütün bu keçməkeçlərin içində olmamız bizi də münasibət bildirməyə, susmamağa sövq edir. Bəli, dərdimiz var. İnanclı və ya inancsız, hər kəsi narahat edən hadisələr baş verir. Nədir bu din böhranı?

Dinlərin yaranma tarixini, hər kültürün insanın din psixologiyasını öyrənmək lazımdır. Boşluqlar nədir? Nədən insan yaşamını sürdürmək üçün cavab verə bilmədiyi sualları obrazlaşdırır? İnsan nədən olmaq istədiyi ilə olduğunun arasında qalır? Bizim bu boşluqlarımızın tarixi, ənənəvi məlhəmi İslam dinidir. Bu şüur içində göz açdıq, bu şüur içində formalaşdıq. Axtardıqlarımız, tapdıqlarımız, leyhinə və ya əleyhinə, bu müstəvidə toplanaraq bir bazaya çevrildi. Nədir müsəlmanların problemi? İslamın böhranı nə ilə bağlıdır?

islam böhranı-şəxsiyyətƏDƏBİYYAT, YOXSA ŞƏXSİYYƏT?

Əsrlərdir müsəlmanlar, əsasən Məhəmməd Peyğəmbərin nəyə inandığına maraq göstərir, inanmağa, öyrənməyə və öyrətməyə çalışırlar. Amma onların həsrətində olduğu şey peyğəmbərin NECƏ inandığı məsələsidir. Edə bilmədikləri, ola bilmədikləri budur. Hal məsələsi. İslamın böhranı ədəbiyyat deyil, şəxsiyyət çatışmazlığıdır. Yəni nə yox, necə olmaq. Çünki Quran özü də Allahın NƏ (zat) olmasını deyil, NECƏ (təzahür) olmasını öyrənməyi əmr edir.
Şəxsiyyət Tanrının necəliyinin böyük hissəsini özündə təcəssüm etdirən biridir. Elçilərdir, sadiqlərdir, salehlərdir. O üzdən Quranda İbrahimin Rəbbi, Musanın Rəbbi müracət olunması yer alır. İnsanlar Rəbblərini şəxsiyyətin simasında görməyə çalışırdılar. Hər kəs öz içindəki şəxsiyyat bazası ilə Allah arasında olan əlaqəni daha üst bir şəxsiyyətin necəliyi üzərindən qurmağa çalışır. Kimiləri bu necəliyi zahiri görkəmdə, kimiləri isə daxili zənginlikdə axtarır.
İnsanlar nəyə inanmalıdırlar? Vəya insanlar necə inanmalıdırlar? “Nə” demək, bir şəxsin maraqlandığı nəsnənin (şeyin) müstəqil olaraq özünü ifadə etməsidir. Həmin nəsnə özünə aiddir və öz zamanı, öz məkanı var. O orda aktualdır və özünü o cür ifadə edir. “Necə”lik məsələsi isə bir şəxsin maraqlandığı şeylə qurduğu ünsiyyət fonunda aşkarlanır. Necədir, yəni sənin üçün hansı keyfiyyətləri əks etdirir. Bu minvalla, ola bilsin bir insan Məhəmməd Peyğəmbərin inandığına inanmasın, amma öz inandığına Məhəmməd Peyğəmbərin öz inancına yanaşdığı qədər yanaşsın. Yəni Məhəmməd Peyğəmbərin gətirdiyinə (nə) inanmaya bilər, amma onun kimi (necə) inanar. Şəxsiyyətin formalaşması da bu cür baş verir.

Müəllif: Vüsaləddin Rüstəmov

VN:F [1.9.16_1159]
Rating: +12 (from 14 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın