KƏLİLƏ VƏ DİMNƏ

 

Kəlilə və Dimnədən qızıl tövsiyyələr:

Kifayət qədər əxlaq və siyasətdən bəhs edən bu kitabı indi oxumağıma təəssüf edirəm. Bir-birindən maraqlı, ibrətli, düşündürücü, mən deyərdim bütün insani münasibətləri hər tərəfli, anlaşıqlı dildə daha çox təmsillər formasında çatdıran bu kitab cəmiyyətin əsl güzgüsüdür.

İnsanı bütün heyvanlardan ayıran, onu dünyanın bütün sirlərinə vaqif edən dörd şey var:
– Hikmət, ağıl, təmkin və ədalət.

Alimlik, savad və hər şeyi ətraflı düşünə bilmək – hikmətə;
Tədbir, səbr, nəzakət, mərhəmət – ağıla;
Həya, alicənablıq, özünü ələ almaq və özünü dərk etmək – təmkinə;
Doğruluq, vədi yerinə yetirmək, yaxşı işlər görmək və xoşxasiyyətli olmaq – ədalətə daxildir.

Bu sifətlər gözəldir, ona əks olanlar isə – çirkin. Bu sifətlərin hamısı kamil bir şəkildə bir adamda toplandıqda dünyanın ən böyük xoşbəxtliyi belə onun başını gicəlləndirə bilməz, ən böyük bədbəxtlik onu sarsıda bilməz. Belə bir adam onu təmin etməyən şeylərin varlığından qəmlənməz, taleyin onun əlindən qoparıb aldığı şeyləri itirməsindən kədərlənməz və baş verə biləcək bütün fəlakətlərdən özünü itirməz.

Hikmət – bitməz, tükənməz bir dövlətdir, xərclənməklə qurtarmaz, paylanmaqla azalmaz. Hikmət – elə bir paltardır ki, geydikcə köhnəlməz, elə bir xəzinədir ki, ardı kəsilməz.
Atalar deyiblər ki, dilini saxla, başın salamat olar, yersiz danışmağın nəticəsi peşmanlıqdır.

Nəql edirlər ki, bir padşah məsləhət üçün yanına dörd alim çağırıb deyir:
– Hərəniz elə bir hikmətli söz deyin ki, o gözəl bir tərbiyənin əsası olsun.
Birinci deyir:
– Ağıllı adamın ən layiqli cəhəti danışmamaqdır.
İkinci deyir:
– Dünyada ən faydalı şey odur ki, insan öz ağlı ilə məsləhətləşməmiş sözə başlamasın.
Üçüncü deyir:
– İnsan üçün ən xeyirli iş odur ki, fikirləşməmiş dinməsin.
Dördüncü deyir:
– İnsan üçün ən rahatı odur ki, özünü taleyin ixtiyarına versin.

Deyirlər ki, bir gün Çin, Hind, İran və Rum padşahları bir yerə toplaşıb şərt qoyurlar: onlardan hər biri elə bir söz desin ki, dünya durduqca dursun.
Çin şahı deyir:
– Mən demədiyim sözü ağzımda saxlamağa, dediyim sözü ağzıma qaytarmaqdan daha çox qadirəm.
Hind şahı deyir:
– Mən o adama təəccüb edirəm ki, dediyi söz özünün xeyrinə olduqda fayda verməsin, zərərinə olduqda onu məhv etsin.
İran şahı deyir:
– Sözü nə qədər ki, deməmişəm o mənim qulumdur, elə ki, dedim, oldu ağam.
Rum şahı deyir:
– Mən demədiyim sözdən heç vaxt peşman olmamışam, dediyimdən isə çox tez-tez peşmanlıq çəkmişəm.

Təxminən iki min il yaşı olan kitabdakı ifadələr, hadisələr, rəvayətlər günümüzdə də öz əksini tapmaqdadır.

Hazırladı: Adil Xantəmirov

Beyenmeler
14   0  
VN:F [1.9.16_1159]
Rating: +12 (from 12 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın