KAMİLLİK PAFOSU

kamillik pafosu-ortaq dəyərlərDeyirik ki, biz kamilliyə doğru gedirik. Mən bu fikirlə razı deyiləm. Məncə, biz sadəcə gedirik. Hara getdiyimizdən daha çox necə getdiyimizi araşdırmalıyıq. Çünki fərqində olmamız lazım olan yeganə şey hərəkətlilik halımızın vacibliyidir. Biz getməliyik, dursaq tarazlığımızı itirəcəyik. Və bu gedişatımızın ümumi mənzərəsinə baxaraq, müqayisələrimizi edərək KAMİLLİK deyə bir süjet hazırlayırıq. Hansı ki, tam olaraq heç bir saf tutarlılığa əsaslanmır. Çünki ən kamil hesab etdiyimiz kainatın ümumi gedişinə baxdıqda, sanki daha da “kamil” olan insan daha çox elə kamil bildiyi kainatı dağıdır. Paradoksdur, bu.

Kamilləşirik fikri, sadəcə bir ön qəbuldur. Real olan bizim yaşamaq uğrunda mübarizəmizdir. Kamillik, buralara qədər formalaşdığımız bir təkamülə anlam qatma çabamızdır. Bu təzahürdür. Bunu təməl fikir olaraq təqdim etmək yanlışdır, mənə görə. Çünki bu, bir prosesi oxuma ola bilər, yorumlama ola bilər, amma prosesin özü deyil. Əksinə, prosesin özünə möhtacdır. Kamillik pafosu ilə baxdıqda, prosesin özündə tutarsızlıq görürük. Çünki insan onsuz da hər dəfə hal-hazırkı durumuna, durduğu nöqtəyə kamil demir. Deyə də bilməz. O sadəcə müqayisə edərək bu qənaətə gəlir. Və bu onun bütün bioloji tərəflərini arxa plana ataraq etdiklərinə pərdə salır və onu arxayın edir, haqlı çıxarır. Bunun təməli isə insanın özünü ÜSTÜN saymasıdır. O düşünür ki, təbiətdə hər şeydən üstündür. Amma eyni məntiqlə, sabah bu boyda kamil saydığımız kainatdan bizim düşüncəmizin də üstündə bir varlıq ortaya çıxsa, bizim özümüzdən aşağı saydığmız meymuna olan münasibətimizi bizə sərgiləsə, o zaman kamillik, dolayısı ilə DƏYƏR VƏ ƏXLAQ nəzəriyyəmiz darmadağın olur. Demək, bizim bütün bu əxlaq, dəyər pafoslarımıza söykənməmiz, sadəcə özümüzü üstün saymamız və buna anlam qazandırmamız çabasından başqa bir şey deyildir.

Ayrıca, daha böyük tutarsızlıq bir də bunu Tanrıya bağlamaqdır. Çünki bütün tanrı mərkəzli düşüncənin əsas prinsipi budur ki, kainatı Tanrı yaradıb və o hər şeyi kamil yaradıb. Kainat böyük bir əxlaq üzərə bərqərardır və davam etməkdədir. Elə isə nədən bunu qəbul edən zehniyyətin dəyər və əxlaq dediyi bütün bu sistem, az qala kainatın gedişinə tamamına zidd işləyir? İnsan özünü üstün sayır, təbiət qanunları ilə barışmır, güclü olmağı mərhəmətlə əvəzləyir, təbii seçməni şəvqətə qurban verir və bu kimi minlərlə ziddiyət. Əcaba, Tanrının kamil yaratdıqlarına niyə uymuruq? Və uymamamız bir yana, bu uymamamğımızı da kamillik adlandırırıq. Nədən?

kamillik pafosu-ortaq dəyərlərDeyirik ki, ortaq dəyərlər var. Bəli, var. Amma bu necə olur, əvvəldən vardı, yoxsa formalaşdı? Ortaq dəyərlərin var olması da nisbidir, çünki özünün də bağlı olduğu bir qanun var – ORTAQ olmaq. Dəyərlər dediyimiz ancaq ortaq yaşamda -sosial fonda aşkarlanır. Fərd üçün isə bu həmişə nisbi olaraq qalacaqdır. O üzdən, insan bu dəyərləri bir araya gəldikdə formalaşdıra bilər. Ən böyük dəyərimiz ortaq ola bilməkdir.
Əxlaq da belədir. Əxlaq da sosial və ictimai fonda özünə anlam qazanır. İnsanlar sadəcə bir qanunu ortaq götürərək onun üzərinə hər şeyini formalaşdırmışdır, pisini də yaxşısını da. Bu qanun məhz bir araya gəlmək, ortaq olmaq ehtiyacıdır, sosiallaşmadır. Ortaq olmağı öyrənmədikcə, sosial yaşam genlərimizi araşdırıb anlamadıqca ortaq dəyərlərdən danışmaq sadəcə hay-küy olaraq qalacaqdır.

Müəllif: Vüsaləddin Rüstəmov

VN:F [1.9.16_1159]
Rating: +8 (from 8 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın