İşçi! Milli sərvətin tək və gerçək yaradıcısı. Ən dahi alim beyninin layihəsi belə sənin əməyin tətbiq edilmədiyi müddətcə dəyərsiz kağız parçasıdır. Yalnız sənin əməyin ölüyə can verən dirilik suyu kimi sirayət etdiyi hər yerdə sərvət və gerçək dəyər yaradır. Bütün ölkə, bəşəriyyət ancaq sənin əməyinin hesabına tərəqqi və inkişaf edir. Bu o əməkdir ki, sən onun hesabına sosializim dövründə pulsuz səhiyyə, pulsuz təhsil, pulsuz mənzil və saysız hesabsız güzəştlər almışdın. Bu günsə sənin bu hüquqların əlindən alınmış və bir parça çörəyə, əzələni satacaq bir işə və ən dəhşətlisi isə kimlərinsə mərhəmətinə möhtacsan. İndi sənin əlindən alınmış hüquqların (mənzil fondun, təhsil fondun, səhiyyə fondun) sərvət şəklində harın sahibkarların cibinə axır. İndi sən özünü, övladını müalicə etdirmək üçün televiziya ekranlarından göz yaşları içərisində mərhəmət dilənirsən. Sənin əməyini mənimsəyib şişənlər isə sənin hesabına sərvət gölündə üzürlər. Sən qan qusanda onlar bank hesablarına yığın-yığın sərvət «qusurlar». Məhkum edildiyin daxmadan başını çıxarıb ətrafında ucalan göydələnlərə, villalara bax. Onlar sənin oğurlanmış hüquq və azadlıqlarındır. Onlar nə qədər böyük və dəb-dəbəlidirsə, sən bu dəb-dəbənin fonunda bir o qədər cılız, təhqir olunmuş və hüquqsuzsan. Bu hüquqsuz və miskin həyatına baxıb dəhşətə gəl.
Hər cür sərvətin yeganə mənbəyi – işçi! Sənin əməyin qul əməyi kimi istismar olunur. Hər şey sənin əməyinlə yaranır, amma sən bunun müqabilində heç bir təminat almırsan. Bax! Mövcud rejimin «sütun»larına, bax onların dəb-dəbəli həyatına. Onlar sənin zəhmətinin nəticəsini yeyir. Bax! Vəkillərə, polisə, orduya, onlar da sənin əməyindən bəhrələnir. Bax! Şou-biznes təlxəklərinə, bir gecədə göbək atıb avtomobil qazananlara, bax onların göbəyinə dollar basanlara. Zənginlərin iti-pişiyi belə səndən daha yaxşı həyat sürür. Bu quruluşun, bu rejimin nəzərində sənin it qədər də dəyərin yoxdur. Universitetlərdə «qaz» kimi yolunub ütülən tələbə! Universitet sənin cibini qırxandan sonra sənə əl boyda bir karton parçası verib ardından da bir təpik vurub tullayacaq təminatsız həyatın ağuşuna. Darvazanın kandarından sənin ümidsiz, sabahı məchul acı taleyin başlayacaq. Həyatın acı zərbələri addımbaşı hər tində sənin mənliyini əzib, ayaqlayıb, mənəviyyatını eybəcərləşdirəcək. Simasızlaşmış, daxilən eybəcərləşmiş, mənən sınmış həyat sənin alın yazın olacaq. Təminatsız həyatın sərt sillələri; işsizlik, yoxsuzluq, ehtiyac, xəstə mühit sabahkı günə olan ümidlərini aşındırıb yox edəcək. Cəmiyyətin 5-10% zəngin təbəqəsi lüks içərisində yaşasın deyə, hansısa biznesmen milyonlarla dollarlıq villada, 100-150 min dollarlıq avtomobillərdə qudurğan bir həyat yaşasın deyə sən istismar olunursan. Gəncliyini cəmiyyətin tərəqqisinə qurban vermiş təqaüdçü, bütün mənalı ömrünü cəmiyyətin maariflənməsinə həsr etmiş müəllim, ömrü boyu insanların sağlamlığı keşiyində duran həkim, bilik və bacarığını quruculuğa sərf etmiş mühəndis, bu deyilən acı həqiqətlər sənin də aqibətindir. Problemlər çox, onların qurbanları daha çox, çıxış yolu isə təkdir:
Hər kəsi kapitalizmin «oğru qanunlarına» YOX deməyə çağıraq!
Mənbə: “Çağırış” qəzeti