KORONAVİRUS QORXUSU, YAXUD KORONAFOBİYA

Koronafobiya nədir?

Bu gün dünyada ən çox işlənən söz, ən çox təşviş yaradan xəstəlik “koronavirus” dur. Gün ərzində beynimiz dəfələrlə bu sözü qəbul edir, artıq bir “koronafobiya” termini də yaranıb. Türk professor dr. Nevzat Tarhan koronavirus qorxusuyla bağlı “Hal-hazırda koronavirusla bağlı yeni bir xəstəlik yaranıb desək yanılmarıq. Bu koronafobiyadır. Bunun mütləq bir psixoloji və sosial nəticələri olacaq” dedi. Virus sürətlə yayıldıqca, onunla bağlı təşviş, idarə olunmayan stress, depressiv vəziyyət, sosial təcrid halları yaranır. D.Defonun “Təhlükə qorxusu təhlükənin özündən on dəfə qorxuludur” ifadəsi indiki duruma da şamil edilə bilər.
Hər bir sağlam insan həyati təhlükələrə müəyyən reaksiya verir, yaşamını təhlükə qarşısında qoyan hər bir hadisəylə bağlı qorxu hissi yaşayır.  Hətta bugünkü şəraitdə vəziyyətə tam laqeyd yanaşan insanları anlamaq çətindir.
Bütün rəsmi orqanlar vəziyyətin ciddiliyi ilə bağlı məlumatlar verir, insanların tədbirli olmasını, gigiyenik qaydalara əməl etməsini tövsiyyə edir. Bunlara əməl etmək şəxsi sağlamlığımızı qorumaq üçün çox vacibdir.
Lakin son illərdə dünya informasiya bolluğundan “əziyyət çəkir”. Heç bir senzuradan keçməyən, sırf panika yaratmaq məqsədiylə yazılan yazılar, video, səs yazmalar insanları təşvişə salır. Xüsusilə, təşviş pozuntusu olan, panik atak, həyəcan yaşayan insanlar bu əsassız məlumatlara inanaraq ciddi problemlər yaşayırlar. Fobiya təşviş pozuntuları içərisində yer alır. Qorxu ilə fobiyanın fərqi isə, qorxunu insanın idarə edə bildiyi halda, fobiyanın insanı idarə etməyə başlamasıdır.

Bununla bağlı psixiatriyada müxtəlif nəzəriyyələr var. C.Uatson(öyrənmə nəzəriyyəsi) fobiyanın şərtləndirilmiş  refleks davranışların nəticəsi olaraq yarandığını irəli sürür. Bu nəzəriyyəyə əsasən, əvvəllər təşviş yaratmayan bir obyekt, yaxud hadisə, təşviş yaradan bir hadisəylə birləşərək, öyrənmə yolu ilə təşviş yaratmağa başlayır. Misal üçün, metrodan rahatlıqla istifadə edən biri, elektrikin kəsilməsi səbəbindən tuneldə qalan qatarda olur. Nəticədə ya qapalı yer qorxusu (klaustrofobiya) yaşayır, əsla metroya minmir, ya da metrodan istifadə etsə belə qorxu hissi yaşayır, qatarın ani dayanması təkrar təşviş hissinin yaşanmasına səbəb olur.
Bu nəzəriyyə onu deməyə əsas verir ki, beynimiz artıq koronavirus qorxusunu öyrəndi və gələcəkdə buna bənzər hallarda biz daha ciddi psixoloji travmalar yaşaya bilərik. Dünya yarandığı gündən bu günə müxtəlif xəstəliklər yaranmış, ilk yarandığı dövrlərdə çox canlar almış, lakin zamanla insan orqanizmi bu xəstəliklərə dayana bilmə gücü qazanmışdır. I dünya müharibəsi illərində (1918-1920) yaranmış və hətta müharibəni bitirməyə müvəffəq olmuş “İspan qripi” milyonlarla insanların ölümünə səbəb oldu, amma dünya yenə yaşamağa, inkişafa davam elədi. O zamanla indinin fərqi ondan ibarətdir ki, o vaxt insanlar xəstəlik onlara çatanda mübarizəyə başlayırdılar, indi isə zərərli informasiyalar bizim “psixoloji immunitetimizi” məhv edir.

Bəs özümüzü necə qoruyaq?

Vaxtımızı ancaq yenilənən statistikalara ayırmayaq, bu panika yaradır və panika virusdan daha qorxuludur. Yalnız rəsmi xəbərlərə diqqət yetirək;

Aldığımız informasiyalar mənfi təsir göstərirsə, izləməyək, dinləməyək. Hətta yaxın adamlarınızdan kimsə, daim neqativ xəbərlər verir və bu sizi panikaya salırsa, ünsiyyət qurmamağa çalışın. O insanlarla söhbət edin ki, söhbətdən sonra rahatlıq hissi duyursunuz, həyata ümidləriniz artır;

Gigiyenik qaydalara əməl edirsinizsə, rahat olun, “çox tədbirli” olmağa çalışdıqca vəziyyət kontrolunuzdan çıxacaq. Davamlı nəyisə etmədiyiniz düşüncəsinə qapılacaqsınız (obsessiya), sonra bu düşüncəni reallaşdırmağa çalışacaqsınız (kompulsiya). “deyəsən əlimi bu dəfə spirtləmədim” düşüncəsi təkrarlandıqca, siz təkrar spirtlənəcəksiniz. Zamanla vəziyyət nəzarətinizdən çıxmağa başlayacaq. Bu isə OKP( obsessiv-komppulsiv pozuntu) əlamətlərini yaradacaq;

NLP-nin prinsiplərindən  biri ” Hər problem bir fürsətdir” prinsipidir. Virus problemini çoxdandır istirahət edə bilmədiyiniz  fürsətinə çevirin. Yazın gəldiyini nəzərə alaraq, təmiz hava qəbul edin, çoxdandır vaxt tapıb oxuya bilmədiyiniz kitabları oxuyun, musiqi dinləyin, xobbilərinizlə məşğul olun və s;

Yuxu rejiminə diqqət edin. Evdə olduğunuz üçün bütün gün yataqdan çıxmamaq, sizi əzgin, həvəssiz edəcək ki, bu onsuz da bu gün üçün xarakterik ola biləcək bir vəziyyətdir. Çalışın rejimi pozmamaq üçün iş vaxtına uyğun saatlarda müəyyən məşğuliyyətləriniz olsun;

Qida rejiminə əməl edin. İmmuniteti gücləndirən qidalardan istifadə edin. Lakin xəstəliklə mübarizə üçün orqanizminizi həddən artıq yükləməyin. Həmçinin, virusla mübarizə üçün məsləhət görülən qidalar, sizin orqanizminizə mənfi təsir göstərə bilər. “Ancaq sarımsaq, soğan yeyin” məsləhətləri verilir. Mədə problemi olan insanların mütəmadi bu qidalardan istifadəsi düzgündürmü? Bununla bağlı tanış həkimlərinizdən məsləhət alın;

Dünyanın hələ ki əlində aciz qaldığı koronavirusdan qorxmanız, yaxınlarınızın həyatı üçün əndişə duymanız normaldır və başa düşüləndir. Lakin bu əndişə artıq normanı keçib və fobiya əlamətləri hiss edirsinizsə (ürəkdöyüntüsü, əl-ayaq keyiməsi, nəfəs darlığı, ağız quruma, titrəmə, tərləmə və s.), eyni zamanda yuxarıda qeyd  etdiyim OKP əlamətləri( əgər marketdən evə qayıdarkən gigiyenik qaydalara əməl edirsinizsə, bu normaldır, amma ehtiyac olmadan hər 5-10 dəqiqədən bir hər yeri dezinfeksiya etməyə çalışırsınızsa, etmədikcə narahat hiss edirsinizsə) özünü göstərirsə vəziyyəti idarə olunan hala gətirməyə çalışın.
Qeyd etdiyim stressdən uzaqlaşdıran işlərlə yanaşı, meditasiya və nəfəs çalışmasından istifadə edə bilərsiniz. Nəfəs çalışması zamanı sakit şəkildə otura və ya uzana bilərsiniz. Gözlərinizi yumun, burundan dərindən nəfəs alaraq fikrinizdə 7-yə qədər sayın, Özünüzü rahat buraxın. Sonra 10-a qədər sayaraq havanı ağzınızdan buraxın. Əgər həyəcanlısınızsa, burundan nəfəs aldıqdan sonra nəfəsi fikrən 4-ə qədər sayaraq saxlayın, daha sonra ağızdan buraxın. Nəfəs çalışması zamanı diqqətiniz alıb-verdiyiniz nəfəsinizdə olsun, heç bir şey haqqında düşünməyin.
Bu günlərdə xüsusilə uşaqların həyəcanlanmaması üçün özünüzü sakitləşdirməlisiniz. Onlar sizin daim təşviş keçirdiyinizi hiss edir və eyni hisləri yaşamağa başlayırlar. Uşaqlara daha çox vaxt ayırın, oyunlar oynayın, onlara kitablar oxuyun. Hər problemin bir fürsət olmasını uşaqlarla keçirdiyiniz vaxt ərzində daha çox anlayacaqsınız.

Müəllif:  Psixoloq Rübabə

 

Beyenmeler
1   1  
VN:F [1.9.16_1159]
Rating: +10 (from 10 votes)

Psixoloq Rübabə

Fitret.az idarəçisi. Psixoloq.

- Sayt ünvanı

Bir cavab yazın