KÜTLƏ PSİXOLOGİYASI

Kitty Genovese1964-də Nyu-Yorkda baş vermiş bir hadisə geniş, davamlı müzakirələrə səbəb oldu və ardınca psixologiya sahəsində böyük kəşflərdən birinin edilməsiylə nəticələndi. Kitty Genovese adlı qadın gecə saatlarında işdən çıxıb evinə gəlir, maşını həyəti qarşısında saxlayıb düşəndə bir kişi ona hücum edib bıçaqla zərbələr vurmağa başlayır. Kitti var gücüylə qışqırıb qonşuları köməyə çağırır, bu zaman qonşulardan biri pəncərəni açıb “əl çək qızdan” deyə qışqırır. Cinayətkar qaçır amma az keçmiş yenə qayıdıb Kittini bıçaqalamağa davam edir. Kitti xeyli müddət (proses ümumilikdə 35 dəqiqə davam edib) ağlayıb qışqırdı, müqavimət göstərdi, insanları köməyə çağırdı lakin heç kim reaksiya vermədi, köməyə gəlmədi, nəhayət kimsə polisə zəng etdi, polis özünü çatdıranda isə Kitti keçinmişdi.

Polis təhqiqatı göstərdi ki, Kittinin qəsdə məruz qalmasına 38 qonşu birbaşa şahid olmuşdu, lakin onlardan heç biri nə real köməyə tələsmiş, nə də vaxtında polisə zəng etmişdilər. Onlardan nə üçün polisə dərhal zəng etmədiklərinin səbəbi soruşulanda isə cavablar yekdilliklə belə oldu ki, hər kəs başqa birinin artıq zəng etmiş olduğunu hesab edib. Düşünüblər ki, bu cür səs-küy hamını yuxudan oyadıb, kimsə dərhal polisə zəng edib, polis xəbərdardır, yoldadır, buna görə də polisə təkrar zəng etməyə ehtiyac yoxdur.

Elmi ədəbiyyatda bəzən “Genoveze sindromu” adlanan bu təzahür cavabdehliyin səpələnməsindən (diffusion of responsibility) irəli gəlir. Şəhər mühiti üçün bu sindrom xüsusən aktualdır, çünki şəhərdə qonşuların əksəriyyəti bir-birini qiyabi tanıyır, yaxın tanşlıq olmur. Əlbətdə, həmin 38 adamdan bircə nəfər Kittinin şəxsi tanışı olsaydı, ya köməyə gələr, ya da ən azından dərhal polisə zəng edərdi. Başqalarının onadək polisə zəng edib-etməməsi onu maraqlandırmazdı, çünki şəxsi tanışlıq şəxsi cavabdehlik hissi deməkdir və belə olan hallarda adamlar başqalarını gözləmir, özləri şəxsən bir şeylər etməyə çalışırlar. Yad bir adama kömək etmə hallarında isə şahidlərin çoxluğu cavabdehliyi (məsuliyyəti) səpələyir. Məsuliyyət diffuziya olunur.

Misal: xəstəyə hansısa qrupdan qan lazım olması barədə KİV-də elan verilir, insanlardan yardım istənilir. Belə xəbərləri eşidən adamlar ola bilsin ki şəfqət hissi keçirir, yardım etmək istəyirlər. Amma fikirləşirlər ki, elandan çox adam xəbər tutur, yəqin onlardan kimlərsə artıq kömək etmişdir. Çoxluq belə fikirləşdiyi üçün bəzən xəstə üçün lazım olan 2-3 litr qanı toplamaq mümkün olmur. Halbuki, əksər insanlara kiminsə həyatını xilas etmək üçün şəxsən müraciət olunsa, 100-200 qram qan verməkdən imtina etməzlər.

sürü psixologiyasıMisal: hər kəsin rastlaşdığı başqa bir hal, yollarda törənən avtoqəza yerlərinin yanından keçməyimiz. Əksər hallarda müşahidə etdiyimiz bu ki, orda bir neçə maşın saxlayıb, adamlar toplaşıb, yəqin artıq təcili yardım çağırmışlar. Yaralılara ilikn kömək göstərmişlər. Ona görə sadəcə baxıb keçirik. İndi başqa hal təsəvvür edin, yoldan keçərkən bir maşının dirəyə çırpıldığını görürük, ətrafda heç kim yoxdur, maşındakılara yardım edəsi tək bir adam varsa o da bizik. Nə edəcəyik? Əlbəttə maşını saxlayıb köməyə gedəcəyik. Çünki bizdən başqa birinin bunu edəcək olduğunu görmürük. Məsuliyyət, insanlıq hissi səpələnmir bu halda, bütövdür və şəxsən mənə (sənə) aiddir.

Sosial psixoloqlar John Darley və Bibb Latane bu hadisənin (Genoveze hadisəsini) öyrənməyə başladılar və eksperimentlər yolu iə sübut etdilər ki, qonşuların Kittiyə kömək etməməsi təsadüfi bir hal deyil, ümumi qanunauyğunluqdur. Hadisə şahidlərinin çox olması və hər kəsin çox sayda şahid olduğunu bilməsi (görməsi) ona səbəb olur ki, onların hər biri köməyin başqa birisi tərəfindən olunacağını (yaxud artıq edilmiş olduğunu) düşünür və nəticədə, köməyə ehtiyacı olan adam köməksiz qala bilir.

Bu təzahür başqa bir cəhətdən Ringelmann’ın tədqiqatları ilə sübut edilib Ringelmanın təsərrüfat prosesi ilə bağlı araşdırmaları əyani sübut etdi ki, bir işin görülməsinə bir neçə adamın cavadah olması ona səbəb ola bilir ki, bunlardan hər biri lazımi işin başqa birisi tərəfindən ediləcəyini düşünür və nəticədə iş görülməmiş qalır. Sonradan günahı bir-birini boynuna atırlar. Ona görə də, bir işə tək bir adam cavabdeh olmalıdır.

sürü psixologiyasıMəsuliyyətin səpələnməsi bizim kimi cəmiyyətlərin misalında daha bir amillə gücləndirilir. Amil ondan ibarətdir ki, başqalarına kömək etməyə görə başağrısına tuş gəlmək təcrübəsi var.
Misal: yolda maşına vurulub qalmış piyadanı öz maşınınıza qoyub xəstəxanaya çatdırdığınız halda buna görə sizə “çox sağ ol” deyən, mükafatlandıran olmayacaq, əksinə, polis sorğu-sualına, get-gələ salınmaqla başağrısı veriləcək. Bu kimi anti-stimullar cəmiyyət üzvlərini başqalarına kömək etməkdən çəkindirir. Zibilə düşmək istəmirlər. Xüsusən də, kiməsə kömək göstərmək, hansısa ictimai aksiyada həmrəylik nümayiş etdirmək üstündə cəzalanacağımız şübhəsizdirsə, ciddi şəkildə demotivasiya olunuruq.

Mənbə: “Psixologiya ilə bağlı hər şey” ; Xəyyam Ağa

VN:F [1.9.16_1159]
Rating: +22 (from 22 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

İzlə:
TwitterFacebookGoogle Plus

Bir cavab yazın