LEV NİKOLAYEVİÇ TOLSTOY – “ETİRAF”

Lev Nikolayeviç Tolstoy ( 1828-1910) rus yazıçısı, publisist və filLev Nikolayeviç Tolstoyosofdur. O, özünün ölməz əsərləri ilə rus ədəbiyyatını 19-cu əsrdə yüksək zirvəyə ucaltmışdır. Yazıçı, uşaqlığından bəri, həqiqətləri incələməyə qarşı maraqlı olmuşdur. Əsərlərində insanlığın cürbəcür məsələlərinə toxunan Tolstoy’un dünya ölçüsündə bir sənət və fikir dəyəri vardır. Yazıçı, “Hərb və sülh”, “Anna Karenina”, “Dirilmə” kimi məşhur əsərlərin müəllifidir. “Etiraf “ əsərinin baş qəhrəmanı, Lev Nikolayeviç Tolstoy özüdür. Müəllif bu kitabda öz həyatı haqqında yazır. Keçirdiyi həyat yolunu, yanlışları və doğruları ilə oxuculara etiraf edir. Görkəmli yazıçı həm də bu kitabda həyat barəsindəki səmimi araşdırmalarını oxucularla paylaşır.

KİTABDAN SEÇMƏLƏR:

İndi o vaxtları xatırlayanda aydın görürəm ki, o zamanlar etiqadım – heyvani duyğulardan başqa mənim həyatımı irəli aparan ikinci şey – əsl həqiqətdə yalnız mükəmməlləşməyə inanmaq olub. Ancaq mükəmməlləşməyin nədən ibarət olduğunu, məqsədinin nəyi ehtiva etdiyini deyə bilməzdim. Mən əqli cəhətdən özümü təkmiləşdirməyə can atırdım – öyrənə bildiyim, həyatın məni sövq etdiyi hər şeyi öyrənir, özüm üçün qaydalar müəyyənləşdirir, onlara riayət etməklə iradəmi mükəmməlləşdirməyə çalışır, müxtəlif məşqlərlə gücümü, cəldliyimi artırır, fiziki cəhətdən özümü təkmilləşdirir, çeşidli məhrumiyyətlərlə özümə dözüm və səbr etməyi aşılayırdım. Bütün bunları mükəmməlləşmə hesab edirdim. Əlbəttə, hər şeydən öndə əxlaqi mükəmməlliyə can atma dayanırdı, ancaq o, tezliklə ümumi mükəmməlləşmə ilə, yəni özüm və Tanrı qarşısında yox, başqalarının yanında mümkün qədər yaxşı olmaq arzusu ilə əvəz olundu. Tezliklə də başqalarının yanında ən yaxşı olmaq istəyi, başqalarından daha güclü olmaq, yəni daha tanınmış, daha vacib, daha varlı adam olmaq istəyinə çevrildi.

Hər dəfə ən səmimi arzularımı açmağa cəhd edəndə – yüksək əxlaqlı olmaq istəyimi aşkar edəndə, həqarət və istehza ilə qarşılaşırdım. Pis, alçaq ehtiraslara təslim olanda isə, əksinə, məni tərifləyir, rəğbət göstərirdilər. Şöhrətpərəstlik, mənsəbsevərlik, hərislik, şəhvət, təkəbbür, qəzəb, intiqam – bütün bunlara hörmət vardı. Bu istəklərimin ardınca düşərək mən əksəriyyətə bənzəyir, ətrafımdakıların məndən razı qaldığını hiss edirdim.

Lakin beş il bundan əvvəl məndə çox qəribə şeylər başladı: əvvəlcə, məni bir neçə dəqiqəliyinə çaşqınlıq tuturdu – sanki, həyat dayanır, necə yaşamalı olduğumu, nə edəcəyimi bilmir, özümü itirib ümidsizliyə qapılırdım. Ancaq bu hal ötəri idi və mən əvvəlki kimi yaşamağa davam edirdim. Sonra isə çaşqınlıq dəqiqələri eynilə əvvəlki şəkildə, lakin daha tez-tez təkrarlanmağa başladı. Belə anlarda həyat durarakən, həmişə eyni suallar peyda olurdu: Nə üçün? Yaxşı, bəs sonra? Əvvəllər, mənə elə gəlirdi ki, bunlar elə – belə, məqsədsiz, yersiz suallardır. Sanırdım ki, bunlar hamısı məlum şeylərdir və bu suallara cavab tapmaq istəsəm, elə də əziyyət çəkmərəm. Sadəcə, indi bunları ayırd etməyə vaxtım yoxdur, həvəsim olanda məşğul olub cavab taparam.Ancaq bu suallar, daha tez-tez məni narahat etməyə, daha təkidlə cavab tələb etməyə başladı. Hamısı da nöqtələr kimi, eyni yerə düşür, cavabsız suallar bir yerə yığılıb qara ləkəyə çevrilirdi.

İnanc həyat qüvvəsidir. Əgər insan yaşayırsa, deməli, o nəyəsə inanır.

Anlayırdım ki, “həyatın mənası nədir?” sualım və ona verdiyim “bədbəxtlik” cavabı tam doğru imiş. Yanlış isə ondan ibarət idi ki, yalnız mənə aid olan bu cavabı, bütün inanlara şamil etmişəm, əlbəttə, yanlış idi. Axı sual bu idi: həyatımın mənası nədir? Cavab: bədbəxtlik və mənasızlıq. Tam doğrudur, mənim şəhvani həyatım, həqiqətən, mənasızlıqdan, bədbəxtlikdən başqa heç nə deyildi. Ona görə də, bu cavab, bütün insanların həyatına deyil, yalnız mənim həyatıma aid ola bilərdi.

Başa düşdüm ki, həyatı, onun mənasını bilmək istəyirəmsə, bir parazit kimi ömür sürmək yox, əsl həyatı yaşamaq, onunla qaynayıb – qarışmış həqiqi insanlığın bu həyata verdiyi mənanı qəbul etmək, onu təcrübədən keçirmək lazımdır.

Xatırladım ki, mən yalnız Tanrıya inandığım zaman yaşamışam. Əvvəllər də belə olub, indi də, dedim: Tanrını yada salan kimi yaşamağa başlayıram, onu unutduqda, inanmadıqda isə ölürəm.

Hazırladı: Fidan Aslanova

Beyenmeler
0   12  
VN:F [1.9.16_1159]
Rating: +15 (from 15 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

Bir cavab yazın