LİDER VƏ LİDERLİK

lider funksiyaCəmiyyətimizdə lider(lər)in olmadığından gileylənən çoxdur. Gileyin təməlində yanlış qavrama var. Lider – insan deyil, funksiyadır (oynanılan roldur). Bu funksiyaya ehtiyac olmayanda, lider də olmur. Daha doğrusu, heç kəs lider ola bilmir. Liderlik “bugündən mən sizin lideriniz olacağam” sayağı iddialarla gerçəkləşmir. Bəzən liderlik iddiasız bir adamın əlinə keçə bilir. Liderlik funksiya olduğuna görə, şəraitdən doğan məqsədə çatmaq gözləntisindən asılıdır. Elə bir gözlənti (şərait) yoxdursa, lider də olmur.

Örnək:
Sürücülər bilir, Bakı’da yaranan böyük tıxaclarda, hərəkət işıqlarının işləmədiyi və ya onlara önəm verilmədiyi, ortada polisin görünmədiyi hallarda, bir də görürsən, sözün əsl mənasında yoldankeçən bir nəfər, çıxır yolun ortasına və başlayır sürücülərə göstəriş verməyə. Ona qədər sürücülər aramsız siqnal verir, pəncərələrdən bir-birinə söyüş söyürdü, amma bir adamın ortaya çıxıb hərəkəti nizamlamağa başlamasından sonra, hər kəs onun göstərişlərinə əməl etməyə çalışır. Nə ondan kim olduğunu soruşan olur, nə də səlahiyyətini yoxlayan. Niyə? Necə olur ki, heç kəsin tanımadığı, heç maşını da olmayan (bəlkə heç maşın sürməyi bacarmayan, yol hərəkəti qaydalarını bilməyən), heç bir səlahiyyəti belə olmayan bir adamın göstərişlərinə tıxacda olan sürücülər əməl edir, üstəlik, yanından keçəndə, həmin adama ‘çox sağ ol’ da deyirlər? Məsələ şəraitdədir! Tıxac hamını bir yöndə düşünməyə vadar edir – tıxacdan çıxmaq. Yoldankeçən adam olur həmin şəraitin (məqsədə aparan yolun) lideri – yəni, öndəri, yolgöstərəni.

Siyasətdə çox şey daha mürəkkəb olsa da, mahiyyət etibarilə eynidir. Lideri konkret bir adam kimi düşünməyin heç bir anlamı yoxdur. Lider – funksiyadır, onu şərait doğurur. Liderlik – şəraitin doğduğu məqsədə doğru getməyə girişməkdir. Liderin etdiyi heç də hər bir şey, dediyi heç də hər bir söz doğru olmur. Məsələ ondadır ki, ‘doğru’ sözü burada haqqı deyil, yönü ifadə edir. Liderdən gözlənilən tək bir şey var – məqsədə doğru gedən yolda azmamaq.

Odur ki, cəmiyyətimizdə lider(lər)in olmadığını düşünməyi buraxın, bu gileyləri başınızdan atın, ürəyinizə yaxın qoymayın. Şərait yetişəndə, hamının çatmaq istədiyi eyni məqsəd yarananda (tıxacdan çıxmaq örnəyində olduğu kimi) bir də gördünüz, heç tanımadığınız, amma daha yüksək ehtimalla tanıdığınız, amma əvəllər önəm vermədiyiniz (lider kimi təsəvvür etmədiyiniz) bir adam(lar) çıxacaq ortaya.

Müəllif: Erkin Qədirli

VN:F [1.9.16_1159]
Rating: +7 (from 7 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın