MƏN YƏMƏNLİ BİR QIZAM…

Mən ona yaxınlaşanda o otağın küncündə bardaş qurub oturmuşdu; sadəcə gözlərini görürdüm (niqabda olduğu üçün). Məni görən kimi pəncərəyə doğru getdi və heç bir neçə saniyə çəkmədi ki, mənə tərəf dönüb danışmağa başladı…

Ən son nə zaman pəncərədən ətrafa baxdığımı unutmuşam. Nəinki baxmağı, hətta deyərdim ki, qız olduğum üçün varlığımı belə unutmuşam. Yəməndə qız olmaq heç bilirsən necədir?! Düşüncəsi belə sənin ruhuna və ağlına ağırlıq edər, elə ağırlıq ki, onu ya göz yaşlarınla çıxarmalısan, ya da oturub dərin-dərin nəfəs almalısan…  Amma sən də hamı kimi edəcəksən. Bilirəm… Sadəcə mənim üçün bir neçə dəqiqə, yaxud bir neçə saat üzülüb unudacaqsan… Mən isə yenə bu həyatı yaşamağa davam edəcəyəm. Əslində, heç “davam edəcəyəm” sözünün mənasını dərk edə bilmirəm, çünki davamlılıq üçün varlığımın və var olmağımın qəbul olunması lazımdır. Bəs mən qəbul edilirəmmi bu cəmiyyətdə?! Mən qız doğulduğum üçün mənə insan hüquqlarını tanıyırlarmı bu ölkədə?! Nə edim, qadın olduğum üçün utanımmı?! Gülümsəmək istəyirəm bu kəlməni deyərkən amma… Yenə amma… Yəqin ki, artıq bu “amma” kəlmələri ilə yordum səni. Sənə deyim ki, mən heç zaman qadın olmaqdan utanmadım, usanmadım… Bəlkə bunu söyləməm üçün yaşımın az olduğunu deyəcəksən… Yanılırsan! Mən yaşımla deyil, mənə yaşadılanlarla, gördüklərimlə böyümüşəm. Mənim üçün gülmək, danışmaq, düşüncələrimi dilə islam-qadın-örtügətirmək günaha çevrilibdir. Bilirəm heç 18-i görmədən məni də bir kişiyə satacaqlar, elə başqa yəmənli qızlar kimi… Bunun adına evlənmək deyə bilmərəm, biz burada satılırıq, nə fikrimizi soruşan var, nə qəlbimizə qulaq verən. Mən ağlasam, mən qarşı çıxsam, nə dəyişəcək?! Çox uzağa getsəm, amansız şəkildə məni öldürəcəklər, necə ki, qonşu ölkədə- İranda təcavüz edildiyi üçün iffətini qorumaqdan ötrü öldürdüyü adama görə edam edilən 19 yaşlı Reyhanə kimi. Tez-tez divarın bir küncünə sıxılıb qadın olduğu üçün əzab çəkən, ağlayan, saçlarına zamanından öncə dən düşmüş anama baxıram, həyatını düşünürəm və “məgər məni dəmi o sonluq gözləyir?!”- sualını ağlımdan keçirmək belə ruhumu ürpərdir. Bilirsən, burda qadınların oxumaq hüququ yoxdur, işləyib özünə baxmaq hüquqları da artıq sıradan çıxıb. Bir qadın bir kişi ilə eyni işdə çalışırsa, kişi 100 alanda, qadına 30 verirlər. Düşün, burada qadınların kimlik almaq haqları belə yoxdur; ancaq ya atalarının, ya da ərlərinin icazəsindən sonra ala bilərlər. Hər 4 qadından biri aclıq, yoxsulluq çəkir, onlar ehtiyaclarını ödəmək üçün hətta bədənlərini satmaq məcburiyyətində qalırlar. Bir qadının öz iffətini satışa çıxarması bilirsən nə deməkdir?! Özünü məcbur et buna, düşünməyə məcbur et, özünü o qadınların yerində hiss et! Yum gözlərini, yum, canlandır beynində hiss edərək… Məcbur et, özünü. Səni alçaltmaq deyil niyyətim, məni yanlış anlama, məqsədim var sadəcə. Sənin də bunu hiss etməyini istəyirəm ki, bəlkə, ruhunun ən dərinliyində sənə çata bildim, vicdanına toxuna bildim. Bu, mənim üçün və bütün yəmənli qızlar üçün nə qədər önəmlidir, bir bilsən. Sən ordasan, bir başqa ölkədə, başqa şərtlər altında, rahat  həyatın var və hətta mənə, bizə yardım edə bilmək gücün var. Mənim üçün dünyaya səslənə bilərsənmi? Yəməndə qız doğulmağın nə qədər acı olduğunu, nə qədər arxa planda qaldığını, dəyərsizləşdiyini, insani hüquqlardan məhrum edildiyini deyə bilərsənmi?! Bir qadının şiddət görməsini düşün, dilənçiliyə, fahişəliyə, hətta narkotik satıcısı olmağa məcbur edilməsini düşün, dinləmə (oxuma) sadəcə, bu dediklərimi düşün… İndi isə sənə çıxış yolunu anladacağam. Ya bizə xilaskar olacaqsan, ya da bizə bu həyatda: “Həyatına davam elə”, -deyənlərdən. Hansı ki, biz davam etməyin nə olduğunu belə hələ dərk edə bilmirik.  Çoxları zənn edir ki, bu həyatı yaşamağımıza səbəb bizim dinimizdir. Yox, bu, belə deyil. Düzdür, mən oxumağı və yazmağı bacarmıram, amma mənim babam mənə həmişə dinimizin mükəmməl olduğunu izah edərdi, mənə Quran oxuyardı, əslində, dinimizdə qadınların nə qədər dəyərli olduğunu deyərdi. Hətta o, mənə bəzi ayələri əzbərlətmişdi: “Allah`ın onlardan birini digərindən üstün etdiyinə və öz mallarından xərclədiklərinə görə kişilər qadınlar üzərində himayəçidirlər…” (Nisa Surəsi, 34). Babam mənə deyirdi ki, kişiyə qadını qorumaq vəzifəsi verilmişdir. Hətta bu ayədə keçən “kavvam” kəlməsi ərəbcədən “qoruyan, göz-qulaq olan” demək imiş. Əslində, demək istəyirəm ki, əsl Quranda əmr edilən din yaşansaydı, nə mən, nə anam, nə də başqa yəmənli qadınlar bu həyatı yaşayardı. islam-qadın-örtüYəməndə kişi və qadın bərabərsizliyi çox üstün səviyyədədir, ancaq Quranda Allah əmr edir ki: “Mənim qatımda ən üstün olanınız irqiniz, cinsiniz deyil, təqvaca üstün olanınızdır”. Bax, əslində, mən bu həyatın arzusundayam, cinsiyyətin fərq qoyulmadığı, eyni hüquqlara sahib cəmiyyət istəyirəm. Bəlkə də bir çox yerdə əsl islam yaşanmır, elə buradakı kimi. Amma biz daha acınacaqlı vəziyyətdəyik. Sizdən istəyim bizim üçün birləşməyinizdir… Əgər dünyada əsl İslami birlik yaradılarsa, heç kimsə müsəlman bir qardaşının , bacısının zülmünə, əziyyətinə göz yummaz və mütləq bizləri bu vəziyyətdən, çətinlikdən xilas edər. Bax, mən bu örpəyimi çıxarsam, mənim üz cizgilərimə diqqət etsən, vicdanın titrəyər. Ona görə yox ki, mən döyülmüşəm. Üzümün yaralarından deyil, sadəcə üz cizgilərim o qədər dərinləşib ki, ruhumdakı yaralar üzümə əks olunub. Ağlamıram, ağlamayacağam, səbirlə məni dinləyən dünyanı, müsəlmanları gözləyirəm, sən də məni dinlədin və bunları yazmağını, səsimi hər kəsə duyurmağını istəyirəm. Unutma, mən qadınam və mənim yerimdə hər hansı bir qadın ola bilərdi. Biz mədəni şəkildə zindan həyatı yaşayırıq. Yardım üçün son dəfə hər müsəlmana səslənirəm, bizim üçün İslamı yaşayın və bizi də xilas edin.

Mən bu yazını, əslində, öz düşüncələrim əsasında yazdım, amma bunu yazmağıma vadar edən yəmənli qadınların həyatını araşdırmağım oldu. Yəni həqiqətdə mən Yəmənli bir qızdan müsahibə almamışam, sadəcə onlar haqqında oxuyub öyrəndiklərim mənə o qədər təsir etdi ki, onu ancaq ən gözəl bu şəkildə izah edə bilərdim. Düşündüm ki, bu şəkildə qələmə alsam, insanlar daha çox diqqət edər. Əslində, sadəcə diqqət etmələrini istəmirəm, yuxarıda deyildiyi kimi, həll yolu üçün müsəlmanların birləşərək əziyyət görən hər müsəlman qadını, hər bir müsəlmanı zülmdən xilas etməsini istəyirəm. Nəinki şiddət və əzab görən müsəlman qadınlar, hətta dinindən və irqindən asılı olmayaraq, hər qadının, hər insanın gözəl həyat yaşamağa haqqı var və kimsənin də bu haqqı onun əlindən almaq hüququ yoxdur! Mənim üçün tək çıxış yolunun təkcə müsəlmanların deyil, bu həyatı yaşayan hər kəs üçün həll yolunun məhz əsl İslam, əsl Quran olduğunu düşünürəm.

Müəllif: Züleyxa Sultan

Beyenmeler
15   0  
VN:F [1.9.16_1159]
Rating: +6 (from 6 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın