MARAQ DAİRƏSİ

 

İnsanları yaxınlaşdıran, həm də uzaqlaşdıran səbəblərdən biri də onların maraq dairələridir. Marağımız olan sahələr diqqətimizi çəkdiyi halda, maraq dairəmizə daxil olmayan sahələrə qarşı diqqətsiz qalırıq. Heç düşündünüzmü, bəzi insanları özümüzə çox yaxın hiss etdiyimiz halda, bəzilərindən uzaq durmamızın səbəbini? Bir insanla söhbətə başlayan kimi maraqlarımızın ortaq olub-olmadığını anlayırıq. Maraqlarımız üst-üstə düşürsə, birlikdə olmaqdan zövq alırıq.
Ümumilikdə, insanların maraq duyduqları sahələri ( mərkəzləşmə nöqtələrini) aşağıdakı kimi qruplaşdırmaq olar;
5% insan- məlumat mərkəzli
30% insan- hərəkət, fəaliyyət mərkəzli
5% insan- yer, məkan mərkəzli
30% insan- insan mərkəzli
30% insan- əşya mərkəzli

Məlumat mərkəzli insan

Bu insanlar üçün mövzuları ən xırda detallarına qədər bilmək vacibdir. Kim?, Nə?, Nə zaman?, Necə?, Niyə?, Hara? suallarıyla maraqlanırlar. Evlərində mütləq bir kitabxana var, özləri də yeriyən kitabxana kimidirlər. Məlumat ala biləcəkləri ortamları sevir və xüsusilə, maraq duyduqları mövzularda dərin araşdırma aparmağı sevirlər.

Hərəkət mərkəzli insan

Bu insanlar hərəkətin olduğu hər yerdədirlər. Tətillərdə dağa çıxmağı, aktiv fəaliyyətdə olmağı tərcih edirlər. Düşüncələrini anında hərəkətə çevirməyə çalışırlar. Masa arxasında olan işləri sevmirlər. Necə?, Nə zaman? sualları ilə maraqlanırlar.

Yer mərkəzli insan

Bu insanlar yerə görə dəyərləndirmə aparırlar. Hara?, Harada? suallarıyla maraqlanırlar. Harada, hansı restoranda yemək yedikləri, hansı tətil bölgəsinə getdikləri onlar üçün önəmlidir.

İnsan mərkəzli insan

Bu insanlar harada olursa olsun insanlarla birlikdə olmağı tərcih edir. Söhbətləri əsasən insanlar haqqındadır. İnsanlarla bərabər olmaqdan zövq alırlar. Bir yerə getdikdə yeni yerlər kəşf etmək, məkanı gəzməkdənsə, yeni insanlar tanımaq, ünsiyyət qurmaq daha maraqlıdır. Əsasən, Kim? sualını verirlər.

Əşya mərkəzli insan

Bu insanları tanımaq çətin deyil. Nə ilə maraqlandıqlarını soruşduqda, sizə mütləq nə isə topladıqlarını və bunu çox sevdiklərini deyəcəklər. Məsələn, pul kolleksiyası, köhnə əşyalar yığmaq və s. Əşyalara görə dəyərləndirmə apardıqları üçün Nə? sualının cavabını gözləyirlər. Maraqlı olan əşyalara ehtiyacları olmasa da, əldə etməyə çalışırlar.

Təsəvvür edin ki, mötəbər bir tədbirə dəvət olunmusunuz və bunu beş dostunuza bildirirsiniz.
İnsan mərkəzli olan dostunuzun ilk sualı tədbiri kimlərin təşkil etdiyi olacaq. Sonra kimlərin olacağını, kimin kimlə gələcəyini soruşacaq.
Yer mərkəzli dost tədbirin harada, hansı məkanda olacağıyla maraqlanacaq.
Əşya mərkəzli dostun ilk sualı nə geyinəcəyinizlə bağlı olacaq.
Hərəkət mərkəzli dostun tək maraqlandığı tədbirdə nələrin baş verəcəyidir.
Məlumat mərkəzli dost yuxarıda verilən sualların hər birinin cavabıyla maraqlanacaq, eyni zamanda tədbirin niyə təşkil olunduğunu da soruşacaq.

Təbii ki, insanları yalnız bir kateqoriyaya görə dəyərləndirmək doğru olmaz. Hər birimiz bu sualların hamısının cavabıyla maraqlana bilərik, lakin öncəlik fərqli ola bilər.
Qarşımızdakı insanın maraq dairəsi mövzusunda tez-tələsik qərar vermək yanılmamıza səbəb ola bilər.

TEST

Aşağıdakı maraq dairələri qruplarında hansı cümlə sizə uyğundursa işarələyin və ən çox işarələdiyiniz bölümə daha çox uyğun olduğunuzu təsdiq edin.

Məlumat mərkəzli

1.Kitabxanalar mənim üçün cənnətdir.
2.Maraq duyduğum nə olursa olsun onunla bağlı detallı məlimat toplayıram.
3.İnsanlar haqqında danışmaq mənim üçün boşa gedən zamandır, amma saatlarca kitab oxumaq həm dəyərli, həm də əyləncəlidir.
4.Əgər bir şeyə zaman ayırıramsa, ya bilik almalıyam, ya da bilik verməliyəm.
5.Əgər bir tədbirlə maraqlanıramsa, kimlərin gələcəyini, harada keçiriləcəyini, nələrin olacağını, niyə keçirildiyini, kimlərin təşkil etdiyini bilməliyəm.

Hərəkət mərkəzli

  1. Mənimi üçün hər şeydən vacib olan hərəkətin özüdür.
  2. Davamlı hərəkət halında olduğum üçün dostlarım məni qınayır.
  3. Masa arxası işlər mənə görə deyil.
  4. Etdiklərimdən danışmağı sevirəm və bir şeyi edərək öyrənməyi tərcih edirəm.
  5. Bəzən düşünmədən hərəkətə keçmək başıma dərd aça bilir.

Yer mərkəzli

1. Mənim üçün hər zaman ən vacib mövzu, olduğum və ya gedəcəyim məkanlardır.
2.İşim, evim, getdiyim restoran, olduğum mühit mənim üçün çox önəmlidir.
3. Əgər bir tədbirə dəvət edilmişəmsə, ilk maraqlandığım şey harada olacağıdır.
4. “İnsanın evi kimisi yoxdur” sözü mənim üçün söylənmişdir.
5. Getdiyim, ya da getmək istədiyim məkanların şəkillərini divarımdan asıram.

İnsan mərkəzli

  1. Harada oluramsa olum, ilk maraqlandığım şey orada olan insanların kim olduğudur.
  2. İnsanlar haqqında olan hər şeylə maraqlanıram.
  3. Medyadan kimin kim ilə bir yerdə olduğunu izləyirəm.
  4. Lotareyanı kimin udduğu ilə maraqlanıram.
  5. Bir tədbirdə öncə kimlərin olduğuyla maraqlanır, insanların təqdim edilməsini istəyirəm.

Əşya mərkəzli

  1. Ehtiyacım olmasa da, sadəcə bir şeylərə “sahib olmaq” üçün alış-veriş etmək xoşuma gəlir.
  2. Sahib olduğum şeyləri göstərmək xoşuma gəlir.
  3. Mənim üçün satın aldığım şeylərin markası önəmlidir.
  4. Ən çox xoşlandığım şeylər; alış-veriş etmək, əldə etmək, toplamaq, mübadilə etməkdir.
  5. Yeni bir yerə getdikdə ətrafı və insanları gözdən keçirər, nəyə sahib olduqları, hansı marka geyindikləri ilə maraqlanıram.

 

Mənbə:   Oğuz Sayqın “Etkili iletişimin 6 yolu” kitabı
Tərcümə etdi və hazırladı:  Psixoloq R_M

 

Beyenmeler
1   7  
VN:F [1.9.16_1159]
Rating: +12 (from 12 votes)

Psixoloq

Fitret.az idarəçisi. Psixoloq.

- Sayt ünvanı

4 comments

Bir cavab yazın