MİKELANCELO – “ADƏMİN YARADILIŞI”

Mikelancelo         Mikelancelo Buonarroti (1475-1564) – italyan heykəltaraşı, rəssam, memar. Bu dahi sənətkarın yaradıcılığı ilə daha yaxından tanışlığım ötən il müəllimin tapşırdığı sərbəst iş ilə başladı. Mikelancelo heykəltaraşlığı rəngkarlıqdan üstün tutsa da, onun rəngkarlıq əsərləri ifadə baxımından mənimçün daha maraqlıdır. Xüsusən də, “Adəmin yaradılışı” …

   “Adəmin yaradılışı” əsəri dünyanın incəsənət xəzinələrindən biridir.  Əsər Vatikanda Sikstin kapellasının 9 hissəli  plafonunda verilən sujetli səhnələrdən  (“İşığın zülmətdən ayrılması”, “Günəşin, ayın və bitkilərin yaradılması”, “Torpağın sudan ayrılması”, “Adəmin yaradılması”, “Həvvanın yaradılması”, “Günahkarlıq və cənnətdan qovulma”, “Nuhun qurbanı”, “Dünya daşqını”) dördüncüsüdür.

Mikelancelo "Adəmin Yaradılışı" (1508-1511)
Mikelancelo “Adəmin Yaradılışı” (1508-1511)

Dönək “Adəmin Yaradılışı”na,  əsəri diaqonal boyu iki hissəyə bölək, birinci hissədə güclü bədənə malik olmasına baxmayaraq halsız görünən Adəm və ikinci hissədə ondan azcıq yuxarıda duran Tanrı. Tanrı əlini Adəmə uzatmış , Adəmsə əlini zorla qaldıracaq qədər gücsüzdür. Adəmlə Tanrının barmağının birləşdiyi nöqtə əsərin mərkəzidir  və  yerlə göyün birləşdiyi alandır . Əsərin sujeti Xristianlıqda Kitabi-Müqəddəsin (İncil) Yaradılış bölümündə Tanrının ilk insan Adəmə həyat üfürməsindən götürülmüşdür.
Əsərdə Tanrının örpəyinə fikir versək görərik ki, örpəyin forması insan beyninin formasına bənzəyir. Mikelancelo heykəltaraş olmaqla yanaşı fəlsəfi düşüncəli insan və düşüncələrini rəsmdə  ifadə etməyi ustalıqla bacaran bir rəssam idi. Onun əsərdə verdiyi mesajin detallarına diqqət yetirək: Tanrı insan görkəmində təsvir olunub və örpək şəklindəki beyin fiqurunun daxilindədir,  Adəmlə Tanrının əlinin yaxınlaşdığı nöqtə əsərin mərkəzini təşkil edir və əllər ön plana çəkilir.  Tanrının əli Adəmə toxunmamış Adəm sağdır, rəssam “ruh verməkdən” fərqli bir şey çatdırmaq istəyir.  Tanrının insana düşüncə gücünü, intellekt ötürməsini və bunun insan əlində təzahür etməsinimi?  Tanrının Adəmə öz yaradıcılığından bəxş etməsinimi? Mikelancelo nə demək istəyirdi?  Bu sualı cavablandırmağı sizin xəyal və düşüncə gücünüzə buraxıram.

Müəllif: Naz Ramizqızı

 

VN:F [1.9.16_1159]
Rating: +20 (from 20 votes)

Naz Ramizqızı

Fitret.az yazarı. Tələbə.

- Sayt ünvanı

 
TwitterFacebook

Bir cavab yazın