MÜASİR MƏNALANDIRMA PROBLEMİ

Qurğulanmış bir dünya təsəvvür edək. Fərz edək elə bir dünyada yaşayırıq ki, insanlar bir birilə ünsiyyət qurarkən istifadə etdiyi sözlərə hər kəs fərqli bir məna yükləyir. Məsələn: “sənin neçə yaşın var?” sualını qarşı tərəf“sabah dərsə gedəcəksənmi?” (vəya sonsuz ehtimaldan biri) olaraq qəbul edir və buna görə cavab verir. Gələn cavabı da, sualı verənin necə qəbul edəcəyinin sonsuz ehtimal daxilində olacağını da nəzərə alsaq, belə bir dünyanın ünsiyyət adına faydalılığını təsəvvür etmək çətin deyil.

müasir-mənalandırma-ünsiyyət
Anlaşıla bilməsi üçün “sözün mənası dil içində istifadəsidir” qaydasına riayət edilir.

Şükr ki, yaşadığımız dünya tam olaraq belə deyil. Yəni insanlar gündəlik danışıqda istifadə edilən sözlərə demək olar ki, eyni mənaları yükləyir. Lakin mücərrəd olanlara doğru keçdikcə insandan-insana sözə yüklənən məna da dəyişir. Məsələn əxlaq, nifrət, şəfqət, sevgi və s. Ümumən insanlar bu sözlərə də eyni mənaları yükləsə də, əslində bu sözlərin içərisini həyat yolumuzda doldururuq. Belə ki, bir insan sevgi dedikdə təsəvvüründə bir ananın körpəsinə olan nəvazişini canlandırsa da, başqa biri üçünsə bu hansısa romanda oxuduğu bir səhnədir.
Bu səbəbdən anlaşıla bilməsi üçün “SÖZÜN MƏNASI DİL İÇƏRİSINDƏ İSTİFADƏSİDİR” qaydasına riayət edilir. Bu dil fəlsəfəsində bir qayda olaraq əsasa alınmaqla birgə, insanlar tərəfindən ünsiyyət əsasında formalaşmış, yazılmamış bir qanundur. Belə ki, bir insan mağazaya girib satıcıdan çörək istədikdə, satıcı ona makaron verib də “mənə görə yeyilə bilən hər nemət çörəkdir” desə, ya yeni bir işə ya da yeni bir dişə ehtiyacı olar.

Və ya bir insana ünsiyyət əsnasında idiot deyilsə, yəqin ki, heç kəs qarşıdakının bunu, qədim yunancadakı kimi tənbəl mənasında qəbul edəcəyini zənn etməz. Yada qədim yunancadan bir mətn tərcümə edərkən orda keçən idiot kəlməsini dilimizə tənbəl deyildə, axmaq olaraq tərcümə etməkdə eyni tutarsızlığın başqa bir nümunəsidir. (bu misallar Afina dövlətində idiot sözünün tənbəl, günümüzdə isə axmaq mənasında işlədilməsi qəbuluna dayanır)

Bəs eyni qanunlar dini mətnlərdə niyə keçərli hesab edilmir bəzi şəxslər tərəfindən?) Məsələn, bəzən bir sual verilir, İslamda filan məsələyə necə baxılır. Cavab gəlir: – mənə görə İslam yaxşı olan hər şeydir… Bəh bəh bəh. Necə də gözəl zinətli bir cavab, amma yuxarıda verdiyim çörək misalından nə qədər fərqləndi bu?

Və ya, Quranda deyilən qul, 4 arvad, huri, cariyə, döymək, öldürmək, əl kəsmək və s kimi ifadələr əslində elə demək deyil belə deməkdir (7-ci əsrdə işlədildiyi mənadan çıxardılaraq günümüzə uyğun mənalandırılır) deyilməsi. Yuxarida verdiyim idiot misalı ilə uygunluq hər halda görsənir.

tolerantlıq-ünsiyyət
Bütün xırda marjinal qrupların, postmodern alimlərin və s. hədəfi sözlər və onların dövrə uyğun yenidən mənalandırmasıdır.

Nə üçün tarix gözardı edilir vəya günümüzün düşüncəsi ilə anlaşılmağa çalışılır? Tarix fəlsəfəsində bir dövrdə baş verən hadisə, həmin dövrün şüuru, mədəniyyəti, dili, düşüncə tərzi, və başqa onlarla amili nəzərə alaraq izah edildikdə, doğru izaha yaxınlaşılmış olur. Eynisi bizim dövr üçün də keçərlidir. Bizlər də müəyyən mənada dövrümüzə məhkumuq. Əgər modern dünya kişi qadın bərabərliyinə diqqət cəkməsə idi, ehtimal ki, kişi qadın bərabərliyi Quranda tapılmağa çalışılmazdı və s. Əgər Quranı 23 il ərzində hissə-hissə nazil olmuş bir kitab kimi qəbul etsək, kitabın öz dövrünün insanına (həmin insanın şüuruna, kültürünə, düşüncə və anlayış dünyasına) xitabı daha aydın olar. Məsələn, kitabda açıq bir şəkildə kvant fizikası haqqında (özüm uclarda olan bir misal verdim, daha asanları da var. yerin günəş ətrafında fırlandığı, yerin kürə şəklində olması və s.) deyilsə idi, dövrün insanın bundan xəbəri olmadığı üçün bu inanılmaz bir şey olacaq və inanmayanların kitabı inkarı üçün əlverişli şərait yaranmış olacaqdı. Yox əgər ərəbin belə bir düşüncəsi vəya məlumatı olsa, bu halda da bu yeni bir məlumat olmayacaqdı.

Əksər hallarda bəzi günümüz insanı, kıtabı istədiyi bir şəkildə anlama və izah etmə haqqını özündə görür. Bir insanın özlüyündə qaraya sarı, ağa qırmızı, yaşıla boz deməsi özünün biləcəyi bir məsələ olsa da, bunu doğruymuş kimi cəmiyyətə təqdim (əslində diqtə) etməsi ağlasığmazdır.

Nəzərə alaq ki, bütün xırda marjinal qrupların, postmodern alimlərin və s. hədəfi sözlər və onların dövrə uyğun yenidən mənalandırmasıdır. (bunu nə niyyətlə etmələri ayrı bir mövzudur) Bu niyə problemdir? Göydə bir buludu göstərib də nəyə bənzədiyini soruşsaq, ehtimal ki, hər kəs fərqli bir şey deyər (pareidolia). Əgər bir şeydə məna, baxanlara görə formalaşırsa deməli həmin şeyin özündə bir məna yoxdur, bu buludlar üçün keçərli olduğu kimi kitabdakı sözlər üçündə keçərlidir.

Müəllif: Bəhruz Nurməmmədov

Beyenmeler
0   15  
VN:F [1.9.16_1159]
Rating: +15 (from 15 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın