NAĞIL TERAPİYA: “Küsəyən fil balası”

Psixoterapiyada nağıl terapiya istiqaməti var. Terapiya- müalicə deməkdir. Nağılların müalicəvi xüsusiyyəti  var. Nağıl vasitəsiylə qorxu, fobiya, aqressiya, özgüvən əksikliyi, müxtəlif davranış pozuntuları, ailə daxili münasibətlər, boşanma ilə bağlı yaranan problemləri aradan qaldırmaq mümkündür. Uşaqlara öyüd-nəsihət vermək əksər hallarda nəticə vermir. Nağılda isə toxunduğumuz problem, onun aradan qaldırılması həm şüurlu, həm şüuraltı təsirlə baş verir.

Aşağıdakı nağılı özgüvən korreksiyasında istifadə edə bilərsiniz.

 

Küsəyən fil balası

Biri vardı, biri yoxdu. Balaca, utancaq, ağlağan bir fil balası vardı. Fil balası anası ilə birlikdə gəzər, anası evə dönən kimi də evə gələrdi. Anası həmişə balaca filə deyirdi ki, bir az təklikdə gəzsin, özü kimi balaca heyvanlarla dost olsun, onlarla oyunlar oynasın. Fil balası isə yeni dost tapmağa, onlarla oynamağa utanırdı.

Bir dəfə bala fil həmişəki kimi təklikdə oynayırdı. Yaxınlıqda dovşan, dələ, meymun, çaqqal balaları da oynayırdılar. Fil balası anasının söylədiyi kimi bu heyvanlara yaxınlaşmaq, onlarla dostlaşmaq istəyirdi. Amma çox utanırdı. Cəsarətini toplayıb yaxınlaşmaq istəyirdi ki, çaqqal balası əvvəlcə ona baxdı, sonra da dostlarına baxdı və gülməyə başladı. Çaqqalın dediklərindən belə başa düşdü ki, fil balasının xortumu ona qəribə görünüb. O biri dostları çaqqal balasına deyirdilər:

-Axı niyə gülürsən? Görmürsən, o sənin sözlərini eşitdi, hətta bizə tərəf gəlmək istəyirdi, amma yolunu dəyişdi.

Doğurdan da fil balası çox kövrəlmişdi. Ağlaya-ağlaya evlərinə gəlib çatdı. Güzgünün qarşısında dayandı. Diqqətlə xortumuna baxdı. İndi gözündə ən çirkin heyvan özü idi. “Axı mən niyə belə çirkinəm? Bu xortum mənim nəyimə lazımdır? Gör necə də böyükdür” deyə-deyə ağlayırdı.

Bu vaxt yem dalınca getmiş anası qapıdan içəri girdi. Balaca filin hönkürə-hönkürə ağladığını görüb çox həyəcanlandı. Əlin­dəkiləri bir tərəfə qoyub balasını qucaqladı.

-Sənə nə olub mənim gözəl balam, niyə ağlayırsan?

-Mənə gözəl deyirsən? Axı mən çox çirkinəm. Uzun, eybəcər xortumum var. Mən çox gülməliyəm.

Ana fil hələ də nə baş verdiyini anlamırdı.

-Yaxşı, sakitləş, bax, sənə ən sevdiyin otlardan gətirmişəm deyib, balasını sakitləşdirdi.

Yeməyini yeyib qurtardıqdan sonra anası onun kürəyini sığallaya-sığallaya mahnı oxumağa başladı. Sonra astadan soruş­du:

-Bayaq xətrinə kim dəymişdi, mənim balam?

-Çaqqal balası mənim xortumuma gülürdü. Ancaq onda günah yoxdu, mən çox eybəcərəm.

-Hə, deməli, sən xortumunu bəyənmirsən? Bəs biz nə edə bilərik?

Ana fil balasının gözlərinə baxaraq sözlərinə davam etdi.

-Xortum biz filləri başqa heyvanlardan fərqləndirir. Biz xortumumuzla çox miqdarda  su götürə bilir, qoxuları hiss edirik. Susuz bir yerdə olduqda xortumumuz uzaq məsafədə su qoxusunu alır və bizi ora götürür. İndiyə qədər xortumsuz bir fil də dünyaya gəlməyib. Hər heyvan növünün özünəməxsus olan, onu başqa heyvanlardan fərqləndirən cəhətləri var.

Anasının sözlərii bala fili sakitləşdirmişdi.

-Bəs mən xortumumla hansı yaxşı iş görə bilərəm ?-deyə fil balası soruşdu.

Susuzluqdan yanan gülləri sulaya bilərsən- deyə anası cavab verdi.

Bala filin əhvalı xeyli yaxşılaşmışdı, güzgüyə baxıb, özünə xoş sözlər deyirdi.

Səhəri gün günəş çıxar-çıxmaz bala fil xortumuna su alıb gülləri, ağacları sulamağa başladı. Bu kənardan ona baxan balaca heyvanların çox xoşuna gəldi. İndi onlar da bir xortumları olsun istəyirdilər. Çaqqal balası dünənki hərəkətinə görə çox peşman olmuşdu. Onlar fil balasına yaxınlaşaraq, birllikdə oynamaq istədiklərini bildirdilər. O buna sevinmişdi. Hətta zarafatyana  xortumuna su alıb, balacaları sulamağa başladı. Onlar buna sevinir, atılıb-düşürdülər.

Fil balası artıq anlamışdı ki, fərqli olmaq heç də pis olmaq deyil.

“Hər uşağın öz dünyası” kitabından
Müəllif: R_M

Beyenmeler
4   0  
VN:F [1.9.16_1159]
Rating: +5 (from 7 votes)

Psixoloq

Fitret.az idarəçisi. Psixoloq.

- Sayt ünvanı

Bir cavab yazın