NİFRƏT EDƏN İNSANIN PSİXOLOJİ DURUMU

Hansısa üstünlüyə sahib insanların həyatında, onları davamlı şəkildə izləyən iki növ insanlar olar bilir:

1. Onları xoşlayanlar.
2. Onlara nifrət edənlər.

Biz indi nifrət edən şəxslərdən və onların psixoloji durumlarından söhbət açacağıq.
Üstün insanların həyatında çox zaman onu izləyib, onun davranışlarına baxaraq, haqqında yersiz müzakirələr açan və özü-özlüyündə guya onu lağa qoyub ittiham edən “özgüvəni” zəif insanlar mövcud olmuşdur. Və ya belə insanlar ancaq zəif və aydınlanmamış insanlardan təşkil olunur. İnsanlara yersiz şəkildə lağ və paxıllıq etməkdə və ya nifrət bəsləməkdə israr edən bu insanların əsil xarakterlərini və xarakter çeşidlərini sadə şəkildə belə sıralayacam:

1) Üstünlüyünə görə.

Bir insanın edə bildiklərini edə bilməyən, çata bildikərinə çata bilməyən və ya qazandıqlarını qazana bilməyən bir şəxs, həmin insanda qüsur axtarmağa başlayır və özünün onunla müqaisədə ortaya çıxan zəifliyini şüurunda netrallaşdırmaq üçün onu həmin qüsuruna görə tənqid edir. Beləcə gücünün çatdığı tək şey olan qüsur axtarışı onun köməyinə gəlir və özünün hansısa sahədə qismən üstün cəhətlərini şişirdib əsas gətirərək, həmin şəxsin həmin nöqtəsi ilə müqaisə edir. Bununla da natamam mənliyini doyurur. Bu paxıllıqdır. Belə insanlar başqalarını da həmin insanın pis olduğuna inandırmaq istəyərlər.

2) Zəifliyinə görə.

Belə şəxslər özlərindən üstünlərin aşağılayıcı təsirindən və ya üstünlər tərəfindən aşağılanmaya məruz qaldıqdan sonra, ortaya çıxan aşağılıq komplekslərini və ya “dışlanma” duyğularını şüurlarında ört-basdır etmək üçün, özlərindən hansısa bir işdə zəif olanları qurban olaraq seçərlər. Həmin şəxslərə ancaq zəifliklərinə görə nifrət edər, onlara yersiz kin bəsləyər (özlərindən üstünlərə olan paxıllığın nəticəsində yaranmış kinlərini zəiflərin üstünə tökər) və bununla da zəifliklərinin və komplekslərinin qəzəbini onlardan çıxmağa və özlərini onlardan güclü kimi hiss etməyə çalışarlar. Bəzən heç onların yanında olmasalar belə hər dəfə israrlı şəkildə etdikləri qeybət, tənqid nəticəsində özləri də bilmədən tədricən nifrətə fokuslanar və həmin şəxsləri hər gün daha çox öz gözlərindən salarlar. Bunun üçün isə onların davranışlarındakı hansısa qüsurları şişirdərək bəhanə gətirərlər.

3) Əldə edə bilmədikdə.

Məlumdur ki, paxıl şəxslər özlərindən güclü şəxslərin varlığının onları narahat etməsindən iki yolla qurtula bilirlər:
a) Öz tərəflərinə çəkməklə.
b) Mübarizə aparmaqla.
Biz indi B planından söhbət açacağıq ki, bu da çox zaman A planı baş tutmayanda dövrəyə keçir. Belə bir insan, qarşı tərəfi onun yanında olmadığı və onu seçmədiyi üçün və ya onu özündən təcrid edib uzaqlaşdırdığı üçün yersiz şəkildə tənqid edər, onun qüsurlarını tapıb lağ etməklə ondan qisas almağa çalışar. Hətta onun gələnəklərinə, dini inanclarına, siyasi baxışına analiz etmədən tənqidi fikirlər söyləyib özünü ondan üstün göstərməyə çalışa bilər və uzaqlaşdırılmaya layiq olmadığını sübut etmək istəyər.

4) Qisas ala bilmədikdə.

Belə bir şəxs onu nə vaxtsa incitmiş, ya da ona qarşı bilmədən hansısa kobudluğu etmiş insandan qisas ala bilmədikdə, natamam qalır. Bu zaman o, qarşı tərəfə nifrət bəsləyə bilir. O, qarşı tərəfin hər uğurunu, hər üstünlüyünü aşağılamağa çalışmaqla, qismən də olsa öz qisas hissini gerçəkləşdirmiş olur. Lakin bu kin-kidurət uzun müddət davam etdikdə, məsələ xarakterik pozuntunun varlığını -aşağılıq kompleksini- önə çəkir. Belə insanlar qarşı tərəflə tam barışmayınca sakitləşə bilmirlər. Bəzən barışsalar da belə, sonra tək qalanda olub-bitənləri yenidın düşünür və yenidən nifrətə geri qayıda bilirlər.

5) Öz gizli işləri bəlli olduqda.

Bəzi şəxslər etdikləri pis işləri bəlli olan və onların yanında olmayan insanlara böyük kin bəsləyərlər. Hətta o insanlara qarşı iftiralar atar, onlar barəsində çox pis fikirlər söyləyər, sui-zənnə qapılıb həmin şəxsləri öz ətraflarındakı şəxslərə pis kimi göstərər və guya əksinə, həmin şəxslərin onun özünə iftira ata biləcəyi görkəmini yaradarlar. Beləcə başqa insanları onlardan uzaqlaşdırarlar ki, sirrləri onlara bəlli olmasın. Belə insanlar böyük yalanlar danışmağa, hər cür iyrənc və namərd işlər görməyə hər zaman hazır ola bilirlər.

Bunlar nifrətli şəxslərin mümkün psixoloji hallarıdır. Sadaladığım hallar sizdə də varsa, tez bir zamanda onlardan qurtulmağa çalışın. Amma əgər bu halların hədəfi siz olmusunuzsa, o zaman üzülməyinizə gərək yoxdur. Əgər siz təmiz insansınızsa, yersiz tənqid olunmağınız başqa insanların sizə qarşı edilən ittihamları araşdırmalarına səbəb ola bilər. Əgər özləri də dürüstdürlərsə, çıxarılan nəticədə sizə olan rəğbəti daha da artıracaqdır. Necə deyərlər, həqiqi insanlıq və sevgi vəfalıdır, sadiqdir. Məsafələr, əngəllər, fitnələr, böhtanlar sevgini və dostluğu tükətməz, onu daha da gücləndirər. Heç vaxt pislik etmədiyiniz halda qeyri-normal insanlardan başqa heç kimin gözündə pis adam ola bilməzsiniz. Bu mümkün deyildir. Əgər sizə qarşı yersiz kin bəsləyənlər israrlıdırlarsa, yenə də üzülməyin. Lazım olduqca özünüzü müdafiə edin, amma buna ciddi gərək yoxdursa, şübhələnib durmayın, sadəcə o insanlara yoxluğunuzu göstərin. Mahatma Qandinin dediyi kimi: “İlk öncə sizi sanki görməzlər, sonra sizə gülərlər, sonra sizinlə mübarizə apararlar və sonda siz qələbə qazanarsınız.”

Unutmayın ki, aşağılayıcı gülüşün, məsğərənin və ya yersiz tənqidin, nifrətin arxasında taptalanmış bir şəxsiyyətin və dışlanmanın qisası gizlənə bilir. Bu qisas illərlə yığılır, insanı saxtalaşdırır və şəxsiyyətini darmadağın edərək, onu aidiyyatı olmayan şəxslərə qarşı belə paxıl və eqoist bir varlığa çevirə bilir. Belə durumlarda bizim vəzifəmiz isə nə olursa-olsun təmkinli olmaq və bacardığlmız qədər bunlara cavab verməməkdir.

Müəllif: Coşqu İsmayılzadə

VN:F [1.9.16_1159]
Rating: +9 (from 9 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

İzlə:
TwitterFacebookGoogle Plus

Bir cavab yazın