NİKBİN OLAQ!

nikbin

FAKTLAR PROBLEMLƏRƏ, PROBLEMLƏR İSƏ ÜMİDSİZLİYƏ DÖNMƏSİN.

Ətrafda fərqli hadisələr baş verir. Hər bir hadisə bizi yeni bir baxış açısına, hikmətə və bu yolda səbrə dəvət edir. Səbr isə qəzəbdən dodaqlarını gəmirib durmaq deyil, haqlı bildiyin yolda daim irəliləmək, mübariz olmaqdır. İnsanlar hadisələr, olaylar içində fərqli addımlar atmaqdadırlar. Biz bir çoxunu yalnış, bəzilərini doğru bilib tez qərar veririk. Amma üzərində çox da düşünmürük.

Ümid deyirsən – ümid edib nə ortaya qoymuşuq, camaat qaz vurub qazan doldurur -deyir
Sevgi deyirsən – sevdiklərimdən ancaq xəyanət gördüm -deyir
Barış deyirsən – qılınc olmadan bu cəmiyyət düzəlməz -deyir
Gözəllik deyirsən – bundan istifadə edirlər -deyir.

Hamı bu işə çətin deyir, biz də desək kim qalacaq? “Bəs gözəl baxmaq nədir?” sualına kimin timsalında nəzər salacağıq?

Allah eşqinə, bu qədər pessimist olmayaq. Böyük çağırışları kiçik ehtiyatsızlıqlarda boğmayaq. Həyat insanın BAXIŞ BUCAĞINI düzəltməyə dəvət edir. İnsan ən azından buna cəhd etməlidir. İlk duracaqdan xırda uğursuzluqları düstur edərək böyük çağırışları göz ardı etməyək. Bizə düşən hüsnü-zənndir. Bəlkə bizim gözəl toplumsal baxışımız insanları daha da dəyişər. Çünki gözəl baxmaq, gözəlləşdirər. Əgər biri bizim baxışımızı istifadə edirsə, demək gözəl baxmırıq hələ. Gözəl baxmaq tərifləmək deyil,göz yummaq deyil,sadəcə hamının ümidsizlik püskürdüyü yerdən ümidli tumurcuqlar cücərtməkdir.
Ətrafda baş verənləri fakt olaraq qarşımızda sipər etməmiz doğru deyil. Fakt dediklərimiz bizi qorxuzmasın. Fakt, hələ həqiqət demək deyil. Əgər belə rahatlıqla faktlara boyun əyiriksə, onda həqiqət deyə çağırışımız öz qulaqlarımıza da yetməz.
Problemlərimiz və faktlarımız baxış açımıza çevrilib üfüqümüzü zəbt etməsin, əziz dostlar. Çalışaq üfüqümüzü o qədər geniş tutaq ki,faktlar həqiqətlərin əlində əriyərək yeni ümid fidanlarının yetişməsi üçün gübrəyə çevrilsin.

Müəllif: Vüsaləddin Rüstəmov

VN:F [1.9.16_1159]
Rating: +19 (from 19 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

One comment

  1. Baxış açısı, elmdə belə maddi dəyişikliklər meydana gətirir. Eynşteynin nisbilik nəzəriyyəsi bunu deyir. Fəlsəfə də ictimai elmlərdə bu baxış açısını izah edir. Hadisələrə necə baxdığımız onu anlayışımıza təsir edir. Məsələn dostum Vüsaleddin mənə nə etdi yerinə, Vüsaleddin’in bu davranışı nəyə gətirib çıxardı deyə düşünə bilərik. Bəlkə davranışda görə bilmədiyimiz erdemi, davranışın nəticələrində görərik.

Doğuhan Murat Yücel üçün bir cavab yazın Cavabı ləğv et