Son zamanlar çox geniş yayılmış problemlərdən biri də uşaqlarda nitq ləngiməsidir. Bunun da bir çox səbəbləri var. Pedaqoji baxımsızlıq, ailədə iki dilin olması, telefon və televizora həddən artıq bağlılıq, bətndaxili, doğuş və doğuşdan sonra yaranmış hər hansı bir travma, xəstəlik, uşağın yıxılması və nitq mərkəzinin zədələnməsi və s. bu siyahını çox artırmaq olar. Bəzən də, bu səbəblərin heç biri olmadan uşaqda nitq ləngiməsi olur. Artıq, bunun bir təcrübəsi formalaşıb məndə. Bunu bölüşmək istəyirəm.
Adətən bu səbəblərin heç biri olmadan nitq ləngiməsi olan uşaqlar evdə əl üstündə saxlanılan, həddən artıq ərköyün böyüdülmüş uşaqlardır. Uşağa su istəməmiş su, acmamış yemək verilir. Uşağın valideyinə istək bildirməyə ehtiyacı qalmır. Barmağını uzatdığı hər şey əlinə verilir. Hər kəs onun əmrində olur. İstədiyi hər şey edilir. Yerə atdığı oyuncağı belə valideyn götürüb verir əlinə. Valideyn təbii ki, uşağa olan sevgisindən, qayğısından belə edir. Hətta, bəzən düşünür mən çətinlik çəkmişəm, uşağım çəkməsin. Hər şeyin ən yaxşısını etməyə çalışır övladı üçün. Amma burda valideyinin özünün hiss etmədiyi bir problem yaranır. Uşağa özünü ifadə etməyə imkan vermir. Uşaqda artıq bir tənbəllik yaranır və təəssüf ki, nitqinə də yansıyır. İstədiyi hər şeyi rahat əldə edən uşaq əziyyət çəkib danışmaq istəmir. Çünki buna ehtiyacı yoxdur.
Mümkün qədər imkan yaradın uşaqlar özləri istəsinlər, və ya istəmədiklərini desinlər. Onlara sual verin: istəyirsən? verim ?
Başqa bir halda hər zaman onlara seçim şansı yaradın: Nə istəyirsən? Hansını verim və s.
Uşağın hər ehtiyacının təcili qarşılanması onun nitqini passivləşdirir. İmkan yaradın uşaqlar nə istədiklərini, nə istəmədiklərini, nə üçün istəyib istəmədiklərini özləri ifadə etsinlər. Onlara yemək, su, oyuncaq verməzdən əvvəl sual verin, əziz valideynlər!
Müəllif: Şahanə Nuriyeva loqoped_shahane
salam 2-ci dərəcəli nitqin ləngiməsi nə deməkdir