NİTQİ İNKİŞAF ETDİRMƏNİN YOLLARI I

Nitq, uşağın hərtərəfli inkişafı üçün vacib olan şərtlərdən biridir. Uşaqda olan hər hansı bir nitq qüsuru bu və ya digər dərəcədə uşağın fəaliyyətində və davranışında öz əksini tapır. Nitqində qüsur olan uşaqlar digərlərindən fərqləndiklərini dərk etdikləri andan etibarən səssiz, qərarsız və utancaq olur, tədricən özünə qapıla bilir və ən əsası, yavaş-yavaş ünsiyyətə girməməyə başlayırlar. Nitq və ünsiyyət bacarıqları sonrakı biliklərin əsasını təşkil etdiyindən uşağa vaxtında yardım göstərilməzsə gələcəkdə daha mürəkkəb və arzuolunmaz halların yaranmasına gətirib çıxara bilər.
Loqopediyanin məqsədi uşağın nitqinin normal formalaşmasına və nəticədə, onun təfəkkürünün tam inkişafına kömək etməkdən ibarətdir. Bu məqsədlə, loqopedin qarşısına qoyduğu əsas məsələ – uşağın imkanları, tələbatı və maraqları nəzərə alınmaqla loqopedik işin təşkili olmalıdır.
Uşaqla keçiriləcək məşğələlərin planını hazırlayarkən mütləq onun yaş xüsusiyyətlərinə uyğun olan aparıcı fəaliyyət formasını nəzərə almaq lazımdır.
0-1 yaşında uşağın aparıcı fəaliyyət forması böyüklərlə müsbət emosional ünsiyyətdir. Bu yaş dövründə uşağa kifayət qədər diqqət göstərilməzsə, onunla az ünsiyyət qurularsa, uşağın hər şeydən əvvəl nitqi və psixi inkişafında ləngimələr ola bilər.

0-1 yaş
Uşaqla keçiriləcək məşğələləri nəzərə alarkən, mütləq onun yaş xüsusiyyətlərinə uyğun olan aparıcı fəaliyyət formasını nəzərə almaq lazımdır. 0-1 yaşında uşağın aparıcı fəaliyyət forması böyüklərlə müsbət emosional ünsiyyətdir. Bu yaş dövründə uşağa kifayət qədər diqqət göstərilməzsə, onunla az ünsiyyət qurularsa, uşağın hər şeydən əvvəl nitqi və psixi inkişafında ləngimələr ola bilər.

1. Oyunu və ya hər hansı hərəkəti səslərlə ifadə edin. (məsələn: quş uçdu-prrrrr, am-am, hop-ba və s.)
2. Yatırılma zamanı lay-lay oxuyun.
3. Uşağa baxaraq müxtəlif səslər çıxarın ( a, o, u, e, ə, m) və bunları intonasiya ilə edin.
4. Uşağa səsi takrarlamağı öyrətmək üçün ilk olaraq, onun nitqində istifadə etdiyi səsləri siz özünüz təkrar edin. Sonra yeni səslər təklif edin.
5. Uşaq sait səsləri tələffüz edən zaman, əlinizin içi ilə onun ağzını yavaşca qapayıb açın. Sonra bu hərəkəti özünüz edin. Yenidən uşaqla təkrar edin.
6. Uşaq m, b samit səslərini tələffüz edən zaman şəhadət barmağınızla onun dodaqlarını yuxarıdan aşağıya doğru tez-tez sığallayın. Sonra bu hərəkəti özünüz də edin.
7. Uşaq bir hecanı təkrar edərkən, onun ardınca həmin hecanı 3-4 dəfə təkrar edin. Məs. ma-ma-ma və yenidən təkrar etməsini bir qədər gözləyin.
8. Uşaqla danışdıqca jestlərdən də istifadə edin.
9. Uşağa hər hansı əşyanı verərkən onun adını söyləyin. Uşaq yalnız əlini sizə uzatdiqdan sonra həmin əşyanı ona verin.
10. Uşağın çıxardığı səsləri və hecaları ətrafdakı əşyalarla uyğunlaşdırın və səsləndirin. Məsələn: əgər uşaq “ma” deyirsə “maşın” deyərək ona müvafiq oyuncağı, to-top, ba-baba deyərək onları göstərin.
11. Uşağa müxtəlif tapşırıqlar verin. Topu mənə ver. Kuklanın başını sigalla Ataya “sağ ol” de və s.
12. Uşağa “olmaz” kəliməsinə mütləq əməl etməsini öyrədin. Ancaq bu kəlməni uşağa gün ərzində 7 dəfədən çox işlətmək doğru deyil. Onun yerinə “bunu etmək yaxşı deyil” kimi ifadələr işlətmək və ya başqa fəaliyyətə istiqamətləndirmək olar.

Müəllif: Şahanə Nuriyeva loqoped_shahane

Beyenmeler
0   1  
VN:F [1.9.16_1159]
Rating: +1 (from 1 vote)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın