OŞODAN SEÇMƏLƏR

Sevgi

“Üsyankar ruh” ya da “provokativ mistik” kimi də bilnən Oşo, 1931-ci ildə Hindistanda dünyaya gəlmişdir. Uşaqlıq yaşlarından etibarən, başqaları tərəfindən verilən bilgilər və inancları qəbul etməkdənsə, gerçəkliyi özü təcrübə etməkdə israrçı olan üsyankar bir ruhu vardı. Bu vəziyyəti özü belə dilə gətirir: “Uşaqlığımdan xatırlaya bildiyim qədəriylə sadəcə tək bir oyunu sevdim: Müzakirə etməyi, hər şey haqqında müzakirə etməyi… Çox az yetkin insan  mənə dözə bilirdi. Məni qətiyyən anlamırdılar. Məktəbə getmək heç marağımda deyildi. Ora, ola biləcək ən pis yer idi. Sonda getməyə məcbur oldum, amma əlimdən gəldiyi qədər müqavimət göstərdim, çünki orada sadəcə mənim maraqlandığım şeylərlə maraqlanmayan uşaqlar var idi və mən də onların maraqlandığı şeylərlə maraqlanmırdım. Buna görə də hər zaman qrup xaricində qaldım.”

1990-cı ilə qədər davam edən həyat yolçuluğu müdəttində bütün dünyayı yerindən oynadacaq ifadələri və inkişaf etdirdiyi meditasiyaları ilə günümüzdə hələ də aktuallığını qoruyan qeyri-adi bir şəxsiyyət olan və Bhagwan Shree Rajneesh adıyla da bilinən Oşo, din, fəlsəfə, psixologiya, siyasət və insanı maraqlandıran bir çox sahədə hər cür ənənəni təməldən sarsıdan şərhləriylə böyük maraq və  reaksiyalar toplamışdır. İyirmi bir yaşında universitet təhsilini tamamlayan Oşo, Jabalpur Universitetində illərlə fəlsəfə dərsləri vermişdir. Eyni zamanda da bütün Hindistanı gəzib söhbətlər etmiş, xalqa açıq müzakirələrdə mühafizəkar dini liderlərə meydan oxumuş, ənənəvi inancları sorğulamış və həyatın bütün sahələrindən insanlarla bir araya gəlmişdir.

SEÇMƏLƏR: 

Çıx bayıra! Dünya çox gözəldir, macəra doludur… Bu bir dəvətdir, sənə dəyər qatar. Qorxusuzca çıx bayıra… İtirəcək bir şey yoxdur. Hər şey qazanmaq üçündür… Və qətiyyən soruşma: “Kim mənim gerçək dostumdur” deyə… “Mən kiminsə gerçək dostuyammı” deyə soruş. Doğru sual budur. Daima özünlə əlaqəli ol. Kəşf et, özünü… Əks halda, hələ özünü belə bilməyən başqa insanların fikirlərinə bağlı qalacaqsan. Bu həyatda, səni maraqlandırmalı olan tək fikir, öz haqqındakı fikrin olmalıdır.

Qapını aç. Təzə hava içəri girəndə, təhlükələrin də içəriyə girməyi üçün hər cür ehtimal mövcuddur.  Dost gəldiyi zaman düşmən də gələr, çünki, gündüz və gecə birlikdə içəriyə girər, acı və zövq birlikdə içəriyə girər, yaşam və ölüm birlikdə içəriyə girər. Acıdan qorxma, əks təqdirdə anesteziya altında yaşayacaqsan.

Zehnində bir çox insanla rastlaşarsan: “Din adamı, müəllimlər, dostlar, qonşular, qohumlar…”  Onlarla dalaşmağına ehtiyac yoxdur. Sadəcə bu səsin, sənin səsin olmadığını bilməyin kifayətdir. Başqa  birinin səsidir, o… Hər kimindirsə, o, başqa biridir. Nəticəsi hər nə olursa, olsun: “Yaxşı ya da pis” onu təqib etməməlisən. Onu dinləmədiyin zaman özün qərar verərək hərəkət edirsən. Yetkinləşməyə qərar verirsən. Bir uşaq olaraq qaldığın, bəsdir ! Bu qədər asılı qaldığın, bəsdir! Bəsdir, bütün bu səsləri dinləyib durduğun…

Uşaqlığından bəri davamlı olaraq,  “qızıl gül çox gözəl bir çiçəkdir, əla bir çiçəkdir” sözlərini eşidirsən. Buna görə də bir qızıl gül gördüyün zaman, dərhal düyməsinə basılmış bir kompüter kimi, “bu çox gözəldir”, deyirsən. Bunu həqiqətən hiss edirsənmi? Bu sənin içindən gələn duyğulardırmı? Əgər deyilsə, söyləmə. Bir şeyi hiss etmirsənsə, qətiyyən söyləmə.

Yetkin bir zehnin tək bir sualı var : “ Kiməm mən?”

Savaş problem deyil, problem, fərdi təcavüzkarlıqdır. Savaş, sadəcə, fərdi təcavüzkarlığın toplamıdır. Sən etiraz yürüşləri etməkdə ol və savaş dayandırılmaycaq.  Əyləncəni sevən bir neçə insan var, onları hər hansı bir etiraz yürüşündə tapa bilərsən.

Zehin, sadəcə bir aynadır, xəzinəni yansıtmaqdadır, amma öz içində bir xəzinə deyil. Xəzinə, zehnin arxasındadır, sənin öz mənliyindir.

Beyin yumaq, cinayət deyil. Cinayət, insanların zehnini kirlətməkdir.

Hiyləgərlik, qorxudan qaynaqlanır. Buna görə də, insan nə qədər qorxu içində olarsa, o qədər hiyləgər olduğunu görəcəksən. Cəsur bir insan, hiyləgər deyil, cəsarətinə söykənə bilər, lakin qorxan bir insan ancaq hiyləgərliyinə bel bağlaya bilər. İnsan nə qədər aşağıdırsa, o qədər hiyləgərdir- nə qədər üstündürsə, o qədər məsumdur.

Müsəlman, xristian, hindu maskasının altındakı  “gerçək insan” eynidir.

Unutma ki, həyatda sadəcə tək bir yalnış var, o da heç hərəkət etməməkdir, sadəcə qorxaraq oturmaqdır, sadəcə hərəkət etdiyin zaman bir şeylərin düzgün getməyəcəyindən qorxmaq, yəni gözləmənin və oturmağın daha yaxşı olduğunu düşünməkdir. Tək yalnış budur. Təhlükədə olmazsan, amma böyümə də olmayacaqdır.

Bir şeyi böyütməmək istədiyin zaman onu sadəcə özünə saxla və o, öz-özünə ölər. Eynilə, laqeyd qalınmış , sulanmamış bir bitki kimi o, durmadan solar və ölər. Elə isə nə zaman gözünə saxta bir şey dəysə, sadəcə onu bir kənara qoy…

Dərinlərdə bir yerdə sevilmək istədiyimi fərq edirəm, deyirsən. Sevilmək istəyirsənsə, sev! Çünki verdiyin hər şey sənə geri qayıdar. Sevilmək istəyirsənsə, sevilmək istəyini unut, sevgi min bir yoldan sənə gələcəkdir. Həyat yansıdar, həyat əks edər, həyat sənin həyata verdiyin hər şeyi geri gətirər. Buna görə də sevilmək istəyirsənsə, istəməyi və sevilməyi unut- o zaman problem bu deyildir. Qayda sadədir: Sev.

Mənim Tanrım xristian deyil, bir hindu, ya da yəhudi də deyil. Mənim tanrım bir fərd deyil, yalnız varoluşdur. O, çiçəkdən çox qoxuya bənzəyər. Qoxunu duyarsan, amma yaxalaya bilməzsən. Onunla dolub daşarsan amma sahiblənə bilməzsən. Mənim təsəvvürüm və təcrübəmdəki Tanrı, sinaqoqlarda, məbədlərdə , məscidlərdə, kilsələrdə, Himalaylarda, monastrlarda axtarılmaz. O, oralarda deyil. O, daima buradadır. Və sən davamlı olaraq, başqa bir yerlərdə Onu axtarırsan. Tanrı, həyat ilə eyni anlamdadır. Tanrıdan başqa bir şey yoxdur.

Siyasətçilər, uğurlu cinayətkarlar, cinayətkarlar isə uğursuz siyasətçilərdir. Cinayətkarlar da güc və etibar sahibi olamq istəmiş lakin uğursuz olmuşlardır. Lakin, siyasətçinin onlardan yeganə fərqi, uğurlu olmasıdır.

Özünü, öz şüurunu, öz varlığını yaratmağın yanında, şeir yazmaq, musiqi bəstələmək bir heçdir.

Bir dəfə yaşamın nə olduğunu bildiyin zaman, ölümün var ola bilməz. Ölüm, sadəcə, sən yaşamın nə olduğunu bilmədiyin zaman var, çünki, hələ yaşamın, onun ölümsüzlüyünün fərqində deyilsən. Yaşama toxunmamısan, bu səbəbdən  ölüm qorxusu mövcuduur. Bir dəfə həyatın nə olduğunu bildiyin zaman, tam da o zaman, ölüm, varoluşsal olmayan bir hala gəlmişdir.

Daha çox yaşa və daha intensiv  bir biçimdə yaşa. Təhlükəli yaşa. Onu sənə öyrədilmiş olan heç bir axmaq şey üçün fəda etmə. Bu sənin həyatındır: Yaşa onu! Onu kəlmələr, nəzəriyyələr, ölkələr və siyasətçilər üçün fəda etmə. Onu heç kim üçün fəda etmə. Yaşa onu! Ölməyin cəsur bir hərəkət olduğunu düşünmə. Tək cəsarət, həyatı bütünüylə yaşmaqdır, başqa cəsarət yoxdur.

Əgər sən fərqindəliklə yaşasan, hər gün sənin üçün qızıl bir  fürsətə çevriləcək. Hər şey sənin fərqindəliyinə bağlıdır.

Həyatı bütünüylə yaşa.  Və dünyada yaşamaq onun bir parçası olmaq deyildir. Su zanbağı kimi yaşa. O suda yaşayar amma su ona toxunmaz.

Həyatın hər bir anı önəmlidir. Və heç bir an, digərindən daha az ya da daha çox dəyərli sayılmaz. Xoşbəxtliyi tapmaq üçün müəyyən bir anı gözləmək boş yerədir. Bunun fərqində olanlar, hər anı xoşbəxtliyə çevirə bilərlər. Doğru fürsət üçün gözləyənlər isə o fürsətin özünü itirərlər. Yaşamın tamamlanması tək bir dəfəyə əldə edilə bilməz, bu böyük bir yığın deyildir. Əksinə, hər bir anın içində kiçik parçalar halında kəşf ediləcəkdir..

Özünə güvənən insan, bunun gözəlliyini anlayar və görər ki, özünə nə qədər güvənsən, o qədər böyüyərsən. Özünü nə qədər azad edər və rahatlasan, o qədər sakitləşərsən, o qədər soyuqqanlı, səssiz və dinc olarsan. Bu elə gözəldir ki, getdikcə daha çox insana güvənərsən; çünki sən nə qədər güvənsən, dincliyin o qədər dərinləşər; sükunətin varlığının ən dərinlərinə, özünə qədər çatar. Və nə qədər güvənsən, o qədər yüksəklərə çıxarsan. Güvənə bilən insan tez ya da gec, güvənin məntiqini anlayar. Və bir gün bilinməyənə güvənməyi sınamağı qaçınılmazdır.

İnsanları sevə bilsən, demək ki, ilk  addımı atmısan. Lakin bu zavallı dünyada tam əksi gerçəkləşməkdədir. İnsanlar Tanrını sevər və insanları öldürər. Əslində, onlar Tanrını  çox sevdikləri üçün öldürmək məcburiyyətində olduqlarını söyləyərlər. Xristianlar müsəlmanları öldürər, müsəlmanlar xristianları öldürər, hindular müsəlmanları öldürər, müsəlmanlar hinduları öldürər, çünki hamısı Tanrını sevir. Tanrı adına insanları öldürürlər. Onların tanrıları saxtadır. Çünki əgər sənin tanrıların həqiqidirsə, əgər sən Tanrısallığın nə olduğunu həqiqətən bilsən, əgər bir azca da olsa, fərq etmisənsə, Tanrısallığın nə olduğunu bir an olsa belə, anlamısansa, insanları sevəcəksən.

Şəfqət və mərhəmətdən doğan arzunu yerinə yetirmək üçün bütün evren hərəkətə keçər.

Yaşam bir sənətdir. Və insanoğlu, yaşamın həm sənətçisi, həm də alətidir. Özünü tam olaraq necə yaratdısa, elə olacaqdır. İnsanoğlunun hazır olaraq doğulmadığını unutmayın; nə zaman doğuluruqsa, doğulaq.. bizlər, yontulmamış daşlar kimiyik. Və o daşların çevriləcəyi heykəllərin gözəl ya da çirkin olacağını müəyyən edəcək, onları yaradacaq olan da bizlərik.

Özünə yaxşı təsir etmək istəyirsənsə, bir başlanğıc et. Bitmiş hər hansı bir yerdən. Yeni bir başlanğıc.

İnsan başqalarına gülə bilər amma əsla özünə gülə bilməz. Əgər özünə gülə bilirsənsə, ciddiliyin çoxdan yox olmuşdur. Özünə gülmək, eqonu ortadan qaldırar və dünyəvi həyatında səni daha şəffaf, daha qayğısız bir hala gətirər. Əgər özünə gülə bilirsənsə, o zaman başqalarının sənə qarşı gülüşləri səni narahat etməyəcək. Özünə gülməyi öyrən…

Mən sənə cahillik öyrədirəm. Və mən sənə, bir uşaq kimi ol, deyərkən, hər zaman öyrənməyə davam et, heç bir zaman bilgili olma, demək istəyirəm. Bilgi, ölü bir şeydir..öyrənmə, canlı bir prosesdir.

Əgər dünyanı dəyişmək istəsən, öncə özünü dəyişmək məcburiyyətindəsən… İnqilab, ilk öncə sənə gəlməlidir… Sadəcə ondan sonra onu başqalarının qəlbinə yaya bilərsən… İlk öncə sən rəqs etməlisən və ondan sonra bir möcüzə görəcəksən, digərəri də rəqs etməyə başlayıb…

Eşq, ikinizin də eyni sürətlə inkişaf etməyinizi, eyni yüksəkliklərə çatmağınızı və günəş işığında, küləklərin önündə, yağmurların altında birlikdə rəqs etməyinizi istəyər. Bilrikdəliyinizin bir sənət halına çevrilməsi gərəkdir. Eşq, varoluşun içndə yer alan ən gözəl sənətdir.

Sənə çiçəyi verə bilərəm, amma qoxunu necə verə bilərəm. Burnunu təmziləmək və daha duyarlı olmaq məcburiyyətindəsən.

Yaxınlıq yaxşıdır və tək həyat yoldaşına bağlılıq gözəldir. Əgər mümkünsə, tək bir insanı sevirsənsə və bütün həyatını onunla keçirirsənsə, arada böyük bir yaxınlıq doğular və eşq sənə yepyeni üzlərini göstərər. Çox tez-tez partnyor dəyişdirsən, bu mümkün olmaz. Eynilə, bir ağacın yerini tez-tez dəyişdirməyə bənzəyər. O zaman heç bir yerdə kök sala bilməz. Kök salmağı üçün eyni yerdə qalmağı gərəkdir. O zaman dərinlərə enər, güclənər.

Gülə bilməsən, sağlam olsan belə, əvvəl-axır sağlamlığını itirərsən. Gülmək, hər zaman dərmandır.

Qısqanclıq, sadə bir gerçəyi görə bilməməkdir. Sənə, özünü başqalarından aşağı və ya başqalarından üstün bir yerə qoymağın öyrədildi. Və sən, hardasa, bu olan bitənə şüursuz hala gəldin və davamlı olaraq, insanları üstün, alçaq; yaxşı, pis; doğru, yalnış olaraq mühakimə etdin. Mühakimə etmə. Hər kəs sadəcə özüdür. Hər kəsi olduğu kimi qəbul et. Amma bu vəziyyət, yalnız sən özünü olduğun kimi, utanmadan, dəyərsizlik hissi olmadan qəbul etsən, mümkündür. Müqayisə ilə hər iki yöndən də çox uzaqlara getmiş olarsan. Birinci yön, səndən üstün olan insanların bitməyən sırası; digəri isə səndən aşağıda olan insanların sırasıdır. Və sən, ikisinin arasındasan. Sənin, özünü anlayacaq zamanın yoxdur. Sən, önündəki insanın yerini almaq üçün davamlı olaraq bir mübarizə içindəsən və eyni zamanda arxandakı insanı da itələməkdəsən. Rəqabəti burax, qısqanclığı burax. Bu vəziyyət tamamilə anlamsızdır. Buna görə əsla özün ola bilmirsən.

İnsanlar, eşqi bilmədiklərinin fərqində deyillər. Eşq əsla şübhə duymaz, əsla qısqanclıq hiss etməz. Eşq əsla digərinin azadlığına müdaxilə etməz. Eşq əsla digərinə bir şeylər dirəməz. Eşq, azadlıq verər və bu azadlıq, sadəcə birlikdəliyin içində boşluqlar varsa, mümkün ola bilər.

Müqəddəs savaş imiş… Əgər savaşa müqəddəs desən, müqəddəs olmayan nə qalar ki, daha? Heç bir savaş müqəddəs deyil. Din adına savaşa bilərsən amma savaşmanın özü dinin əleyhinədir. Savaş çıxarmaq insan həyatındakı ən çirkin şeydir. Və bu müqəddəs savaş adı arxasında hər şey edilə bilər.. təcavüz, canlı-canlı insan yandırmaq, məsum uşaqları öldürmək, hər şey… Müqəddəs savaş, bütün bunları ört-basdır edən bir termindir…

Bu cür pərişan olmağı necə bacara billirsən? Hər yerdə yağış yağır, sən susamaqdasan. İmkansız olanı bacarırsan. Hər yer aydınlıqdır və sən qaranlıqlarda yaşayırsan. Ölüm bir yerlərdə deyil amma sən davamlı olaraq ölüb durmaqdasan. Həyat bir rəhmətdir, sən isə fəlakətlərdəsən. Daha yaxşı bir yer olmağı üçün dünyaya kömək et. Dünyanı tapdığın kimi tərk etmə… Bir az daha yaxşı, bir az daha gözəl bir yer halına gətirməyə çalış…

Yaşam, qorxunun sona çatdığı yerdə başlayar.
Yaşam, addım atdığın an başlayar.
Yaşam, özünə güvəndiyin an başlayar.

Mən sadəcə bir dostam. Səninlə bir yolda qarşılaşdıq, bir-birimizə yadıq. Səninlə yol getməyimi istəsən, yol gedərəm səninlə… Mən də istəyərəm, mənimlə yol getməyini, birlikdə əylənərik. Amma nə zaman ki sən: “İndi ayrılmaq vaxtıdır” desən, göz yaşı tökmədən, sevinc ilə ayrılmağımızda sənə kömək edərəm. Çünki sən müstəqil biri, özün olacaqsan…

Mən sənə heç bir əxlaq təlimindən bəhs etmirəm. Əxlaq, öz-özünə ortaya çıxan bir şey olmalıdır. Mənim sənə öyrətdiyim şey, birbaşa öz varlığının təcrübə edilməsidir. Daha səssiz, daha hüzurlu, daha sakit olduğun zaman, öz şüurunu anlamağa başladığın zaman, daxili varlığın getdikcə daha mərkəzləndiyi zaman, hərəkətlərin əxlaqını yansıtmağa başlayar.

Əgər eşq yoxdursa, eqo var ola bilər; Əgər eşq varsa, eqo var ola bilməz.

Mən, “Tanrı yoxdur” dediyim zaman, deyirəm ki, “Tanrı kimi bir şəxs yoxdur. Bütün şəxsiyyətlər insan modelidir.” Mən bütün şəxsiyyətləri ortadan qaldırmağını və Tanrını azad buraxmağını istəyirəm. Onu, onun üzərinə yüklədiyin şəxsiyyət əsarətlərindən azad et..

Daha yaradıcı hala gəldikcə daha ilahi bir alarasan.

Bəzən insanlar özlərini bilmək istəyərlər. Bu zaman dərhal kəlmələrin, teoriyaların və ideologiyaların qurbanı olarlar. Əsl olan təcrübədir, ancaq təcrübə etdiyiniz şeyləri həqiqətən qavramış olarsınız.  Bilməklə, bilgi toplamağın ayrı şeylər olduğunu görün. Bilgi toplama, hafizədə yığıb saxlamaqdan başqa bir şey deyildir. Bir kompüter də bunu edə bilər. Bunda, insan olmağın gətirdiyi özəl bir hal yoxdur.

Tələsmə. Çox vaxt tələsmək, gecikməyə səbəb olur.

Biri ilə birlikdə olduğunuz hər anın son ola biləcəyini ağlınızdan çıxarmayın. Bunu önəmsiz detallarla xərcləməyin; gərəksiz problemlər ya da anlaşmazlıqlar yaratmayın. Ölüm yaxınlaşarkən heç bir şeyin önəmi qalmaz. Biri bir şey edər, bir şey söyləyər və hirslənərsiniz; o zaman sadəcə ölümü düşünün, onun nə söylədiyinin nə önəmi qalar? Bəlkə də elə demək istəməmişdir, onu siz elə şərh etmisiniz. Yüz hadisədən doxsan doqquzu fərdin öz şərhidir.

Unutmayın, biri ilə birlikdə olduğunuz zaman o heç də yaşlı biri deyil, çünki, hər şey dəyişməyə davam edər. Eyni çaya iki dəfə rast gələ bilməzsiniz.  Ananızı, atanızı, qardaşınızı, bacınızı, dostlarınızı görməyə gedərsiniz amma onlar dəyişmiş ola bilərlər. Heç bir şey eyni qalmaz. Siz də dəyişdiniz, siz də eyni deyilsiz və onları eyni görə bilməzsiniz.
Əgər bu iki şey yaddan çıxarılmasa, sevgi, ikisi arasında tumurcuqlanar.
Biri ilə görüəşərkən, hər zaman onunla ilk dəfə qarşılaşırmış kimi davranın.
Əslində olan da budur.
O zaman kiçik görüşmə anı çox böyük bir xoşbəxtlik verər.

Bayağı sevgi çox uşaqcadır, o yeniyetmələr üçün yaxşı bir oyundur. Nə qədər sürətlə onun xaricinə çıxa bilsən, o qədər yaxşıdır, çünki sənin sevgin, kor bir bioloji gücdür. Onun, sənin mənəvi inkişafınla heç bir əlaqəsi yoxdur. Buna görə də də bütün sevgi münasibətləri, qəribə bir şeyə çevrilir, çox acı bir hal alar. Son dərəcə cazibədar, son dərəcə həyəcan verici, son dərəcə meydan oxuyucu olan, uğrunda ölə biləcəyin şey… İndi, yenə ölə bilərsən.. lakin onun üçün yox, ondan qurtulmaq üçün!

Eşq, sadəcə azadlıq gətirdiyi zaman doğrudur. Əsarət gətirərsə, zəncirlər yaradıb səni həbs edərsə, eşq deyildir. O tam olaraq eşqin ziddidir. Eşq kimi görünər amma nifrətdir.

Səhər, günün sənə bir fürsət də verdiyini an, minnətdar ol..

Qorxuların, sən onları qoruduğun üçün vardırlar.

Hazırladı: Fidan Aslanova

VN:F [1.9.16_1159]
Rating: +19 (from 19 votes)

Fidan Aslanova

Fitret.az idarəçısı.

İzlə:
Facebook

4 comments

Bir cavab yazın