OYUN TERAPİYA: “BƏDƏNİMDƏ DUYĞULAR XƏRİTƏSİ”

Xüsusi

Uşaqlıq dövrünün əsas fəaliyyət növü oyundur. Oyun prosesində uşaq ətraf aləmi tanıyır, təcrübə toplayır. Hələ körpəlik dövründə körpələrin yaşlılarla ünsiyyət prosesində artıq rollu oyunların əsası qoyulur. Oyun təkcə maraqlı olduğu üçün deyil, eyni zamanda uşağın psixi inkişafında keyfiyyətli dəyişikliklər yaratdığı üçün əsas fəaliyyət növüdür. 
Uşaqlar öz qurduqları oyunları yaşıdlarıyla, bəzən valideyn­ləri ilə, bəzən də tək oynayırlar. Aşağıda qeyd etdiyim oyun isə valideyn–övlad münasibətlərini mərkəzdə tutan, uşaq psixoterapiyası, oyun terapiyası texnikaları ilə zəngin, hər bir valideynin övladı ilə rahat şəkildə keçirəbiləcəyi və müsbət nəticəsi olan oyundur.

Bu tip oyunlar mənlik şüuru, şüurlu olaraq fərqində olmaq, özgüvən, hislərin inkişafı, ünsiyyət bacarıqları, ümumiyyətlə, bacarıqların inkişafı üçün olduqca faydalıdır.

“Bədənimdə duyğular xəritəsi”

 Yaş qrupu: 5-10 yaş

Materiallar: Böyük bir divar kağızı, rəngli qələmlər, duyğu stikerləri, ulduzlar, rəngli duymələr

Uşağınızı oyun üçün yanınıza dəvət edin.

Böyük kağızı yerə sərin və uşaqdan kağızın üzərinə uzanmasını istəyin. Kağızın üzərində kənarlardan uşağın bədən şəklini çəkin. Uşaq qalxdıqda böyük boy bir kağızda onun şəklini görəcəksiniz.

Uşağa aşağıdakı açıqlamanı verin.

“İndi səninlə duyğularımız və bədənimiz haqqında bir söhbət edəcəyik. Hər birimizin daxilində duyğular var. Bəzən xoşbəxtlik, bəzən kədər, bəzən əsəb, bəzən qorxu yaşayırıq. Həm xoş, həm də bizi narahat edən duyğuların olması normaldır. İndi mən sənə bir hadisə söyləyəcəyəm və sən o anda nə hiss etdiyini, hansı duyğunu yaşadığını tapacaqsan” cümləsiylə aşağıdakı dialoqa bənzəyən söhbətlərlə uşaq yönləndirilir.

Valideyn: Atan gələrkən sənə çox sevdiyin bir hədiyyə aldı (onun ən sevdiyi şeyin adını deyin)

Uşaq:  Sevinc, xoşbəxtlik

Valideyn:  Afərin! İndi bu xoşbəxtlik duyğusu bədənində hardadır, onu tapaq.

Uşaq: Mənə elə gəlir ki, ürəyimin ətrafında

Valideyn: Səncə hansı rəngdədir?

Uşaq: Çəhrayı

Valideyn: Gəl indi qəlbinə xoşbəxtlik anladan stikerlər yapışdıraq, sonra onları çəhrayı ilə rəngləyək.

Aşağıdakı fərqli vəziyyətlər yenə eyni şəkildə uşağa söylənilir və duyğunu tapmaq uşağa tapşırılır.

*Ən sevdiyin oyuncağın qırıldı.

*Atan bir həftəlik iş üçün uzaq şəhərə gedir.

*Qardaşın oyununu pozdu.

*Dostların səni oyundan çıxardılar.

*Ən sevdiyin cizgi filmini izləyərkən işıqlar söndü.

*Anan və atan dalaşırlar.

*Gecə oyandın və qulağına taqqıltı səsi gəldi.

*Məktəbdə elə gözəl davranış etdin ki, başqalarının incitdiyi bir dostunu qorudun və müəllim bu davranışını çox bəyəndi.

Uşaq öz bədəninin üzərində  duyğularını tanıyıb, aşkara çıxarıb yerləşdirdikcə daxildəki duyğular xaricə çıxır. Və valideyn övladının duyğuları haqqında danışması üçün şərait yaradır. Hər bir vəziyyət söyləndikdən sonra uşağın duyğularını, ağlından keçənləri söyləməsinə imkan verilir.

Bu çalışmanı normal A4 ölçüsündə bir kağızda, bir bədən fiquru üzərində də çalışa bilərsiniz.

Çalışmanın sonunda duyğularınızı paylaşmanız çox vacibdir.

“Bütün duyğularımız bizim bir parçamız, hamısı bizə daxilimizdə nələr baş verdiyini söyləyir. Nələrə sıxıldığımızı, nələrə kədərləndiyimizi fərqləndirməmizə şərait yaradır. Duyğularımızı fərq etdikcə, bədənimizdə nələr baş verdiyinin fərqinə varırıq. Qorxduğumuzda bədənimizdə harda qorxunu yaşadığımızın fərqində olduqca, qorxu axıb gedəcəkdir”.

“Hər uşağın öz dünyası” kitabından
Müəllif: Rübabə Mərdanova

Beyenmeler
0   1  
VN:F [1.9.16_1159]
Rating: +1 (from 1 vote)

Psixoloq Rübabə

Fitret.az idarəçisi. Psixoloq.

- Sayt ünvanı

Bir cavab yazın