Maddi dünyamızı idarə edən fəlsəfi axım – PRAQMATİZM
- Fəlsəfə bəzən o qədər güclü ola bilir ki, hətta maddi inkişafa belə gətirib çıxardır. Bu fəlsəfənin ən bariz örnəyi “Praqmatizm”dir. Praqmatizm Amerikamənşəli bir fəlsəfədir, belə ki, 19-cu əsrin sonları və 20-ci əsrin əvvəlləri üç ünlü Amerikalı filosof – Pirs, Cemsin və Dyu tərəfindən təməli atılıb. Bu fəlsəfə – fikir dünyasında etdiyi inqılabı qoyaq bir kənara – Amerikalıların maddi dünyasına ciddi təsir göstərə bilmişdir. Bu gün Amerika möhtəşəm gözəlliyə, güclü texnologiyaya sahibsə, bunu məhz Praqmatizm fəlsəfəsinə borcludur. Bu fəlsəfi axım təməli atılan gündən bəri, hələ də öz işini görməkdədir. Bu gün Amerikada aparılan bütün elmi tədqiqatlar – istər empirik, istərsə də humanitar elmlər müstəvisində – bunu deməyə əsas verir.
- Bu fəlsəfi cərəyan, axım nə ortaya qoyub ki, bunlar bu qədər inkişaf edə biliblər?
Bu suala qısa və konkret şəkildə belə cavab verə bilərik: Bu fəlsəfi axım deyir ki, o inamlar, müddəalar, nəzəriyyələr, düşüncələr doğru hesab olunur və nəticədə diqqət mərkəzinə alınmalıdır ki, insan üçün əməli müstəvidə faydalı, xeyirli, təsirli, işləyən olsun. Əgər belə deyilsə, onda o inam, müddəa, nəzəriyyə, düşüncə yalnış hesab olunaraq qırağa atılmalıdır.
Bir sözlə, praqmatızm fəlsəfəsi bir çox fəlsəfələr kimi təkcə nəzəriyyə müstəvisində ilişib qalmır, əksinə, bütün gücü, qüvvəsi ilə çalışır ki, nəzəriyyənin tətbiq tərəflərini üzə çıxarsın. Nəzəriyyəyə nəzəriyyə olduğuna görə deyil, əməli tətbiqləri olduğuna görə qiymət verib, onu doğru və ya yalnış əlamətlərlə xarakterizə edir. - Görən, praqmatistlər nədən belə düşünür? Öz görüşlərini nə ilə əsaslandırırlar? Cemsinin bu suala cavabını aşağıdakı şəkildə formulə edə bilərik: a. İnsan hər hansı bir həqiqəti, gerçəyi təsdiqləyərkən, bunu qeydsiz-şərtsiz etmir. Əksinə, tamamilə müəyyən şərt çərçicəsində onu təsdiqləyir. b. İnsan konkret həqiqətləri, gerçəkləri o zaman təsdiqləyir ki, onların təsdiqlənməsi hansısa bir mənfəəti, xeyiri özündə ehtiva etsin.
c. Həqiqət və yalan – hər ikisi vəziyyətlərlə əlaqədar olarsa, bu zaman gərək həmişə həqiqət yalandan üstün tutulmalıdır. Ancaq əgər bunların vəziyyətlərlə heç bir əlaqəsi olmasa, onda yalan adam üçün nə qədər əhəmiyyətsiz olursa, həqiqət də bir o qədər onun üçün əhəmiyyətsiz olur. Məsələn, kimsə məndən saatın neçə olduğunu soruşarsa və mən də cavab olaraq ona məsələn, harada yaşadığımı, hansı mənzildə qeydiyyatda olduğumu, çəkimi, boyumu və s. bu kimi nəsnələr söyləsəm, düzdür, söylənilənlər doğru, həqiqət olsa da, o adam nə üçün mənim belə cavab verdiyimi anlamayacaq. Deməli, sadaladığım bu nəsnələr yalan olduğu təqdirdə nə qədər o adam üçün əhəmiyyətsizdirsə, bu nəsnələr doğru olduğu təqdirdə də bir o qədər o adam üçün əhəmiyyətsiz olacaqdır.
Nəticə olaraq deyə bilərik ki, bir inamın, müddəanın insan həyatında varlığı ilə yoxluğu bərabərdirsə, belə ki, yalan olduğu təqdirdə, necədirsə, doğru olduğu təqdirdə də elədirsə, onda hər ikisi də eyni qiymət daşıyır.
4. Dini mətnlərə də nəzər saldıqda, müəyyən mənada praqmatik yanaşmanın – fəlsəfi anlamda olmasa da- tövsiyə olunduğunu görmək olar. İslam məxəzlərində qeyd olunan duaların birində belə bir ifadə var: “Allahım, fayda, mənfəət verməyən bir bilikdən Sənə sığınıram”.
Məlum olduğu kimi, burada fayda verməyən bilik dedikdə, biliksizlik, nadanlıq nəzərdə tutulmur. Əksinə, məqsəd elə obyektiv reallığa adekvat olan səhih bilikdir. Sadəcə olaraq, burada bildirilir ki, obyektiv reallığa adekvat olan hər bir bilik, idrak faydalı deyil insan həyatında- istər fərdi həyatında, istərsə də ictimai. Demək, biliklərə münasibətdə müəyyən mənada fəlsəfi praqmatik mövqeyi təsdiqləmək olar. Belə ki, o biliklərin, bilgilərin ardınca olmalıyıq ki, bizim üçün faydalı, xeyirli, təsirli, işləyən olsun. Nəticədə bilməmizlə bilməməyimiz arasında heç bir fərq olmayan bilgilərdən uzaq durmalıyıq.
Müəllif: Emin İmanlı