QƏFƏSDƏ

Dünya uzun zamandan bəri karantini yeni dadmışdı. O isə çoxdan  bu rejimdə yaşayırdı. Əvvəllər ad qoya bilmirdi. Nə idi bu yaşayışın adı? Həbsxanamı? İnsanı hansısa cinayət səbəbindən həbsə atırlar. Günahsız olduğuna adı kimi əmin idi. Amma nə vaxtsa cinayət edəcəyi (səhv, günah) düşünülərək əvvəlcədən tədbir görülmüşdü. Çətin idi belə yaşamaq, lakin günlər keçdikcə alışırdı. Hətta maraqlı məqamlar yaşanırdı. Bayırdan gələn səslərə xəyali surətlər çizir, insan səsləriylə ayaq səslərini uyğunlaşdirir, beləcə bu dünyada mövcud olmayan, əslində mövcud olan, amma onun xəyalındakı kimi olmayan insanlar yaradırdı. Pəncərədən oğrun-oğrun küçədən keçən insanları müşahidə edir, evindən çıxıb sərbəst şəkildə harasa gedə bilməyin azadlıq olduğunu düşünürdü. Bu qədər bəsit. Bir zamanlar o da azad idi, heyif ki, anlamamışdı.
Karantini maraqlı etmək olardı. Kitab oxumaq sevimli məşğuliyyəti idi, əlindən alınırdı. Musiqi dinləməkdən zövq alırdı, dinlədiyi musiqilərə görə sorğu-sual olunurdu. Niyə kədərli musiqilərə qulaq asır? Yoxsa bir dərdimi var? Əlbəttə, nə dərdi ola bilər, günü dörd divar arasında keçən adamın nə dərdi olsun? Bu vasitələr onu azadlığa yaxınlaşdıra bilərdi, ona görə qarşısı alınmalıydı.
Yaxşı ki, insanın xəyal dünyası var, ruhu azaddı. Xəyalında gizlicə dağı arana, aranı dağa apara bilir. Bircə gizlin qurduğu xəyalları əlindən almaq mümkün deyildi. Amma yenə də diqqətli olmalıydı. Üz ifadələri, jestləri onu ələ verə, “uzaqlarda” olduğu hiss olunardı. Fikir cinayətindən fikir polisinə yaxalana bilərdi (!)
Arabir icazəylə evdən çıxa bilərdi. Müəyyən şərtlərlə; tək olmamalıydı, qısa müddətdə, sağa-sola baxmadan gedib-qayıtmalıydı. Yalnız bir nöqtəyə baxmaq da əvvəl çətin görünsə də, zamanla dünyanı bu bir nöqtəyə köçürə bilmişdi. O bir nöqtəyə sığan dünyada o özü idi. Ətrafındakı insanlar onun özüylə danışırdılar. Bəzən xəyaldan geri dönər güzgüdə əksinə  baxardı. Sima doğmadı, odur, amma bu həyat onundurmu? Güzgüdəki adama ünvanladığı suallar ona özünü axtarmağa, kəşf etməyə, nə istədiyini müəyyən etməyə kömək edirdi. İndi daha aydın məqsəd və hədəfi vardı. Əvvəlki itaətkar adamdan fərqlənirdi, içində bir mübarizlik, cəsarət formalaşmışdı. Bu kölə həyatının onun formalaşmasına böyük təsiri vardı, hətta azadlıq üçün özünə bir hədd çizə bilirdi. Bu fərqində olmadığı azadlıqdan çox fərqlənirdi.

Bircə qurtula bilsə, çox şey dəyişəcəkdi. Çox çırpındı, özünü qəfəsin dəmir barmaqlıqlarına çox çırpdı. Bacarmadı. Sadəcə müəyyən qaydaların yumşaldılmasına nail ola bildi. Əvvəl buna da şükr edirdi. Xəyalındakıların müəyyən qismini reallaşdıra bilmişdi, məmnun idi. Lakin böyük hədəflərə doğru irəlilədikcə, onu nəyinsə geriyə çəkdiyini hiss edirdi. İlişmişdi… Bir tərəfi gedirdisə də, bir tərəfi möhkəm ilişmişdi. Uzağa gedə bilməzdi. Sürəti həddən artıq olsa, ilişən yerdən buraxıla, zərblə yerə, bəlkə də göydən yerə çırpılacaqdı. Addımlarını yavaşıtsa, ilişən yer asta-asta onu özünə çəkəcəkdi. Neyləməli? Azadlıq oduna yanmaqmı, kölə kimi yaşamaqmı?
Bu çək-çevir içində dünya da onunla bərabər karantinə girmişdi. Mübarizə ruhu zəifləmiş, sustalmışdı. Daşı ölmüş saat kimiydi. Arabir çıqqıldayır, tərpənir, ancaq zamanı tuta bilmirdi.

İçindəysə bir səs ” Məgər biz sənin köksünü açıb genişləndirmədik?! Və yükünü çiynindən qaldırmadıqmı? O yük ki belini iki büklüm etmişdi? Əlbəttə hər çətinliklə bərabər mütləq bir asanlıq vardır”-deyirdi. (Şərh surəsi)

Müəllif:  SEVƏR

Beyenmeler
0   0  
VN:F [1.9.16_1159]
Rating: +2 (from 2 votes)

Psixoloq Rübabə

Fitret.az idarəçisi. Psixoloq.

- Sayt ünvanı

Bir cavab yazın