Ağıl ilə təbiət düzəni arasındakı razılaşma və ağlın təbiətlə əlaqə quraraq özünü elə ordaca kəşf etməsi, Qərb düşüncəsinin, Yunan-Avropa mədəniyyətinin dəyişməz iki ünsürünü formalaşdırır:
İnsan və təbiət.
Şərq ağlından söz etməyə başladığımızda, onu Yunan-Avropa ağlından fərqləndirən ən önəmli özəlliyini xatırlayaq. Şərq ağlı, İslam mədəniyyətinin ağlı olmaqla 3 qütb arasında qurulan əlaqələri formalaşdırır:
Allah, insan və təbiət.
Qərb ağlında olduğu kimi qütbləri ikiyə endirmək istədiyimizdə Allahı bunlardan birinin yerinə qoymamız və qarşı tərəfdə insanı buraxmamız gərəkdir. Təbiətin bəlli bir nisbətdə səhnə xaricində qaldığına işarə etməmiz lazımdır.
Qərb ağlında Tanrı necə ikinci dərəcəli pozisiyadadırsa, Şərq ağlında da təbiət eyni nisbətdəki pozisiyadadır. Yunan-Avropa düşüncəsində Tanrı təsəvvürünün oynadığı rolun bənzərini İslam düşüncəsində təbiət oynayır. Təbiət, İslam düşüncəsində bir növ vasitəçi və körpü rolunu oynayır.Tanrı isə, Qərb mədəniyyətində ağıl qanunları ilə təbiət qanunları arasındakı razılaşmanı gerçəkləşdirməkdə istifadə olunur. Buna görə də Tanrı təsəvvürü bilgiyə müqəddəslik verərək onu yaxını etmişdir. Digər bir ifadə ilə Qərb düşüncəsində Allah fikri, insan ağlının təbiət sirlərini kəşf etməsində bəlli bir vasitəçi rol oynayır. Halbuki, Şərq düşüncəsində təbiətin özü yardımçı olur və insanın Allahı tapması rolunu oynayır. Buna görə də İslam mədəniyyətində ağlın vəzifəsi təbiət üzərində düşünərək onun yaradıcısına varmaqdır. Qərb mədəniyyətində isə ağıl, təbiəti kəşf etmək və ya ən azından təbiətlə bağlı anlayışının doğru olduğuna əmin olmaq üçün Tanrını bir vasitə olaraq görməkdədir.
Müəllif: Prof.Dr. Muhamməd Abid Əl-Cabiri
Hazırladı: Vüsaləddin Rüstəmov