“Qadına şiddət” mövzusu bir az dərinə vardıqca başqa mətləbləri göz önünə qoyur. Bəli, əsrlərdir, hətta minilliklərdir bu fərq və bu fərqin fonunda ədalətsizlik, şiddət hər zaman olub. Ən qədim miflərdə, ən yayğın dinlərdə belə bunun birbaşa və bilavasitə izlərinə rast gəlmək mümkündür. Bu gün qadınların bu fərqi azaldaraq azacıq azadlıq qarşılığında hayqırmaları çox təbiidir əslində. Minilliklərdir boğazlarına keçmiş kobud əllərdən qurtular-qurtulmaz, xırıltı ilə hayqırmağa macal tapıblar…
Qadına şiddətin kişi sancısı:
Mən əks tərəfin nümayəndəsi olaraq, öz içimə, özüm kimi bütün kişilərin içinə və içində olduqları dərin və qaranlıq bir quyuya boylanmaq istəyirəm. Hə, kişilər qadınları öz mülkü kimi, öz seksual obyektləri kimi mənimsəyib və bu səbəbdən də ətrafdan qorumaq ehtirası ilə formalaşan minillik bir mübarizə içindədirlər. Az qala bütün var-yoxlarıdır bu onların. Baxın, bir oğlan uşağı böyüyüb həddi buluğa çatdıqca onu daim ətrafdan tətikləyən və bir kişi olaraq formalaşdıran ana, bacı, arvad, qız övladı, xalaqızı, bibiqızı, hətta baldız və hətta qonşu qızı, sinif yoldaşı olan qızlar kimi böyük bir toplumu “qorumaq” kimi bir vəzifəsi var. İlahi, insan özü öz əli ilə özünə bu qədər yük düzəldə, çuval tikə bilərmi? Bu qədər zülmə nə gərək var? Bu qədər cavabdehliyin qarşılığı nədir axı?
Hələ mən məhz bu vəzifə gərəyi kişilərin elə kişilər tərəfindən alçadılması mənzərəsini yazmadım. Bir kişini alçaltmaq üçün ana-bacısına söymək, arvadına sataşmaq, qızları ilə şantaj etmək… Nə qədər kişi bu travmanın ən ucuz qurbanlarına çevrilir az qala hər gün? Ana, bacı, arvad, qız övladı, xalaqızı, dayıqızı və s. qadınların geyimindən tutmuş səs tembrinə görə hər yerdə pisikdirilib təhqir edilən ana oğulları, bacı qardaşları, atalar, xalaoğlular, bibioğlular.. Hələ bunlar arasında bir az daha gözəli, gözəgəlimlisi, nisbətən azad fikirlisi varsa, sən batdın. Bütün ömrün bunların gətirə biləcəyi tənə və təhlükələri içində alçalacaq, psixoloji və hətta fizioloji…
Özünə acımdana qadınları acıdan kişi:
Bir düşünün, bir kişi az qala bütün həyatı boyu ona yaxından və uzaqdan azacıq aid olan hər hansı bir qadının kiçicik bir maraq və macera izinin həyatı bahasına qurbanı ola bilir. Halbuki elə özü də bu maraq və maceranın bir parçası deyil mi?
Qadına şiddət var. Amma inanın, bunun bədəlini qadından daha çox elə kişi ödəyir. Özləri də içində olduqları hisslərin azacıq işartısını dəhşətli cinayətlərə çevirib öldürür, ölür, zindana girir, qalanlara da bu yolxucu xəstəliyi qeyri-ixtiyari transfer edir. Bir zombi misalı. Bəzən adamın yazığı gəlir kişilərə. Bu qədər aciz olduqları halda bu qədər güclü görnmək görəvi, bu qədər sıranmış məsuliyyətlər içində özünü zorlamaq nə qədər diksindirici və acıvericidir…
Müəllif: Vüsaləddin Rüstəmov