İndi az-az görsəm də uşaqlıqda çox görürdüm Rivanol mazını. Ən kəskin yaraların üzərinə vurulardı bu maz və çox tez təsir göstərirdi. Yaxşı müalicə edirdi. Rivanolu sürtməmişdən əvvəl yaranı təmizləyərdilər, açıq yaraya sürtüb üzərini tənziflə örtərdilər.
İndi də yaralarımız var, mənəvi yaralarımız. Dərin və ağrılı. Bəli, hələ yaraları sağaltmaq da istəyirik. Amma necə? Rivanolu qaysaqlamış yaranın üzərinə sürtürük. Oturub gözləyirik ki, sağalacaq. Yara isə qaysağın altındadır. Ya öz-özünə sağalacaq, ya da ki, sağalmayacaq. Əlqərəz, bizim bu Rivanollamamızın heç bir faydası olmayacaq. Əslində biz müailicə etmirik, müalicə effekti yaradırıq. Müalicəmiz də performansdır, müalicəmiz də nümayişkaranədir.
Bəs nə edək? Qoparmaq lazımdır o qaysağı. Acı da olsa dözmək, açıqca görmək lazımdır yaranı, yaranın kökünü. Sonra birbaş ora sürtmək lazımdır o Rivanol mazını. Onda baxacağıq ki, heç düşündüyümüz kimi ağrılı da deyilmiş. Əksinə, dincələcəyik, rahatlayacağıq. Bax o zaman yaranı müalicə etmiş sayılacağıq.
Nə vaxtadək yalandan, süni iltifatlarla bir-birimizi yola verəcəyik? Xüsusi əxlaqi tərzlər, irfanı hallar, nəzakətli səs tembirləri, ənənəvi səbr performansı… Və dalınca nə olur? Bir balaca uyğun gəlmədik mi, həmən söyüşlər, təhqirlər, ittihamlar səslənəcək, əlbəyaxa olunacaq, var-yox, nəsil-kök qalmayacaq, öləcək, öldürüləcək. İndiyədək deyilməyənlər deyiləcək, arxivlər açılacaq, ən xırda qələtlər iri tir olub gözlərə soxulacaq.
Yox əzizim, yox. Mən artıq nə belə olmaq, nə də belə etmək istəyirəm. Nəzakətim də, iltifatım da, əxlaq deyilən o zad da elə mənim öz tərzimdə görsənəcək. Hay-küy salacam, emosiya edəcəm, amma özüm olacam. Qopardacam o yaranı. Məndədirsə mənə, deyilsə ona sürtülsün o Rivanol mazı, amma düz yaraya, açıq qalmış, yalın əxlaqa sürtülsün.
Müəllif: Vüsaləddin Rüstəmov