R.TAQORUN HİKMƏT DOLU POEZİYASINDAN YARPAQLAR

“Yer öz təbəssümlərinin təravətini göz yaşlarında yaşadır.”

Təbiət dəyişir ki, dəyişməsin. İnsan da dəyişməmək üçün dəyişməyin sirrinə vaqif olmalıdır.

“Böyük səhranın bağrı bir ot yarpağının həsrəti ilə yanıb qovrulur. Ot yarpağı isə, xırdaca başını silkəyib, gülə-gülə uçub gedir”.

Burdakı gözəllik, zəriflik və efemerlikdə yaşayır. Ani və əlçatmaz. Onu məhz o cür sevməyi öyrənmək lazımdır, deyir Taqor. Sahiblənmədən. Sevmək və minnətdar olmaq…

“Kim isə gözə görünməyən barmaqları ilə qəlbimin tellərində incə meh kimi suların şırıldayan musiqisini çalır :
Söylə, nələr deyir nitqin, ey Dəniz?
Əbədi müəmma, əbədi sual !
Nə dildə verirsən cavab, ey Səma?
Bircə dil bilirəm: – “Əbədi sükut””

Böyük həqiqəti izah edir süküt.. Böyük hikməti nişan verir narahat dəniz… Görənlər və duyanlar üçün.

“Ey xırdaca ot yarpağı, sənin addımların çox kiçikdir, amma bu addımlarla sən yer üzünü bürüyürsən”.

İnsana elə gəlir ki, o zəif və balacadır. Lakin bu, aldadıcıdır. Ruh, zəif və balacanın içindən pərvazlanır. Balaca otlar və böcəklər tez-tez şairin həmsöhbətinə çevrilir. Çünki onların da balacalığı və zəifliyi yalnız aldanışdır.

“Bir zaman röyada bizə elə gəldi ki, bir-birimizə yadıq; ayılanda, gördük ki, əziz və mehribanıq”.

Müdriklik ayılmadır. Yadlıq bəşərin yuxusundan doğub. Sabah açılınca çəkilib gedəcək.

“Fənərini arxasında gəzdirən adam öz önünə kölgə salır.”

Üzü qaralar var ha! Nurlarına arxa çevirənlərdir.

“Fəlakət sənin qapını döyüb xəbər verir ki, Allahın oyaqdır.”

Fəlakətlər əslində sənin ruhunu yuxulamağa qoymamaq üçündür. Yatma ki, Onun da daim oyaq olduğunu bilənlərdən olasan.

“Qoy məndən elə cüzi bir şey qalsın ki, ona deyə bilim: sən – hər şeysən.”

İnsan təmizlənməyə qorxur. Qorxur ki, bütün varlığı kirə çıxa bilər.
Taqor isə qorxmur. Lap kiçicik bir bir şey qalsın içimdə amma əbədiyyəti xatırlatsın, mənə bəsdir,- deyir.

“Arzuladığım şey, əldə etdiyim şey, qoy heç-puç olub getsin. Mənə yalnız rədd etdiyim, həqarətlə baxdığım şeyləri lütf elə.”

Çünki, həyatım boyu buna əmin oldum: Mən Əlanı seçə bilmirəm. O, adətən, mənim rədd etdiklərimdə yaşayır.

“Yerlə vidalaşdığım dəmdə qoy mənim vida sözlərim bu olsun: bütün gördüklərim misilsizdir.”

Taqorun ən böyük sözü HEYRƏTdir. Heyrətsiz qalıblar insanlar. Ona görə də səadət nə olduğunu bilmirlər. Böyük eşq böyük heyrətdən doğa bilər yalnız. Boş danışıqlar və rituallardan deyil.
Taqor gördüklərini vəsf etməkdən yorulmadı ki!

“Eşqimiz nəğmə kimi sadədir, sevgilim”

Varlıq həqiqətən Onun eşqinin timsalıdır. Dağlar, dərələr, meşələr, çaylar Onun eşqinin nəğmələridir. Və bu nəğmələri ən təmiz qulaqla duymuş adamlardan biri də Taqor olub. Təmizlik və səmimiyyətində onun kimisini tapmaq çox çətindir. Artıq heç nə yoxdur onun nəfəsində. Sanki özü də heç yoxdur. Yalnız Onun nəğmələridir Taqorun bədənini fleyta kimi istifadə edirlər.

” Sərçənin tovuza yazığı gəlir ki, elə ağır quyruğu var.”

Sərçə gözəllliyi görmür, ağır quyruğu görür. Korluq paxıllıqdan və qorxaqlıqdandır. Gözəlliyi yaşatmaq isə zor işdir. Dolayı ilə bunu sərçə də başa düşür.

“Göydə mənim ulduzlarım var. Amma evimdə yanmamış xırdaca çırağıma həsrət çəkirəm.”

Ulduzlar da mənimdir. Amma çırağım yansa, bu, mənim payım olacaq kainata. Mən də nurlandırmış olacam dünyanı.

Hazrıladı: Nərmin Heydərova

VN:F [1.9.16_1159]
Rating: +26 (from 26 votes)

Nərmin Heydərova

Fitret.az yazarı. Müəllim.

 
Facebook

Bir cavab yazın