RENE DEKART

rene-dekart2Şübhədən Həqiqətə!

Rene Dekart – (31 mart, 1596-11 fevral, 1650) fransız filosofu, riyaziyyatçısı  və yazarıdır.

Dekart modern fəlsəfənin  qurucusu sayılır. O həm də cəbr və həndəsəni birləşdirən analtik həndəsənin ixtiraçısıdır ki, bununla həndəsi məsələlərin cəbri həlli mümkün olmuşdur.  Fəlsəfəni dinin və siyasətin təsirindən qurtarmağa çalışmış önəmli bir filosofdur.Əsas əsərləri  “Metod haqqında mühakimə”,” Metafizik düşüncələr” və “Fəlsəfənin prinsipləri” əsərlərini  göstərmək olar.

Dekart eyni zamanda həm yeni, həm də köhnə dövrün nümayəndəsi hesab olunur. Bir tərəfdən o, fəlsəfəni yeni,  etibarlı təməllər üzərinə oturtmağa çalışır.Digər tərəfdən isə o, sxolastik ənənəyə sıx bağlıdır, bu da onun Tanrının mövcudluğu ilə bağlı irəli sürdüyü arqumentasiyaları ilə təsdiq olunur.

Dekarta görə fikir ayrılıqları fəlsəfədə istənilən mövzuda mövcuddur. Yeganə etibarlı metod – riyazi deduksiyadır. Buna görə də, Dekart elmi ideal olaraq deduktiv sistemdə  nəzərdən keçirir. Bu ideal Dekart fəlsəfəsinin müəyyənedici amili olur.

Dekart tərəfindən riyaziyyatdan mənimsənilən və elmi metodun bəzi xüsusiyyətlərini ifadə edən bu elmi ideal onu belə bir sual qarşısında qoyurdu ki, deduktiv fəlsəfi sistem üçün müqəddəm şərtləri necə tapmaq olar? İrəli sürdüyü metodik şübhə buna imkan verir.

Dekartın irəli sürdüyü “metodik  şübhə” anlayışı spektiklərin (şübhəçilərin) irəli sürdüyü şübhə anlayışından fərqlənirdi. Spektiklər  mülahizələrin təməlləndirilməsi  üçün irəli sürülən meyarların əsaslandırılmasını qeyri mümkün sayırdılar.  Onlar hər şeydən şübhə edirdilər və əldə olunan hər bilgi  şübhəli olduğundan insanın doğru bilgiyə çatması qeyri mümkündür.

Dekartın irəli sürdüyü “metodik şübhə” isə doğru bilgiyə çatmaq üçün hər şeydən ilk olaraq şübhə edilməlidir fikrini özündə ehtiva edirdi.  “Metodik şübhə” bizim məntiqi olaraq şübhələnə bildiyimiz bütün müddəaların istisna edilməsi və məntiqi olaraq şübhə doğurmayan müddəaların axtarılması vasitəsidir.Məhz belə mübahisəsiz müddəaları biz bizim deduktiv sistemimizin müqəddəm şərti olaraq qəbul edə bilərik.

Dekarta görə bilgi üç yoldan:  duyğu orqanlarımızdan (xətalı), xəyal gücündən (qurma bilgi) və doğuşdan gələn bilgilər olaraq ayrılır. Tanrı, ruh (düşünən varlıq),  materiya və bütün riyazi düşüncələr doğuşdan gəlir. Bu bilgilər doğulduğumuzda hazır olmaz. Eyni doğuşdan gələn xəstəliklər kimi,  hər uşaqda mütləq olaraq görülməz, amma görülmə ehtimalının varlığını göstərir. Bunun kimi doğuşdan gələn düşüncələr də doğulduğumuzda hazır olan düşüncələr deyil, bizdə hazır olan düşüncələri ortalığa çıxaran qabiliyyət və ya imkanlılıqdır. Zehnimizin duyğularla və təcrübə  ilə əldə etdiyi bilgilərlə , xəyal gücünün səyi nəticəsində  əldə etdiyi  bilgilər xətalı və qurma ola bilər. Ona görə yalnız doğuşdan gələn bilgilər doğruluğu açıx və aydın bilgilərdir.

Dekarta görə duyğularımız və anlama qabiliyyətimiz bizi yanılda bilər. Yanılqı insanı şübhəyə götürür. Şübhə edə – edə  şübhə edə bilməyəcəyim  bir yerə gələ bilərəm. O da şübhələnməkdə olduğumdan şübhə etməməmdir. Şübhə etmək düşünmək deməkdir. Və beləcə məşhur “Düşünürəm, elə isə varam” ideyyasına gəlib çıxır.Düşünməm var olduğumdan, yəni düşünən bir “mən”- in varlığından əmin olmağıma imkan yaradır. Çünkü var olmasaydım düşünə bilməzdim. Bu Dekarta görə əldə oluna ilk sağlam bilgidir. Və bununla o,  doğru bilgiyə ağıl ilə çatıla biləcəyini mümkün gördüyü üçün rasionalistdir.

Dekartın bu mülahizələri bütövlükdə deduktiv sistemin qurulmasına yetərli deyil. Onun əlavə mülahizələri Tanrının mövcudluğunun onun tərəfindən sübutu ilə bağlıdır. Kamillik haqqında təsəvvürdən o Kamil bir varlığın, Tanrının mövcudluğu barədə nəticə çıxarır.

Artwork of Rene Descartes with equations and linesDekart buradan yola çıxır ki, o kamil varlıq, Tanrı haqqında təsəvvürə malikdir, baxmayaraq ki, özünün kamil olmadığını dərk edir. Belə olmasaydı o şübhə və qeyri müəyyənlik halında olmazdı.  Ağıl yürütməsini  davam etdirərək o, nəticə səbəbdə olandan daha çox şeyi özündə ehtiva edə bilməz fikrini nənimsəyir.  Əks halda nəticənin müəyyən hissəsi heçnədən yaranmış olardı. Amma heç nə heç  bir şeyin yaranması üçün səbəb ola bilməz və  burdan çıxış edərək o bu fikrə gəlir ki, kamil varlıq barədə təsəvvür qeyri kamil varlıq tərəfindən törədilə bilməz (o kamillik haqda təsəvvürü kamil təsəvvür kimi nəzərdən keçirir).  Onun özünün qeyri kamil olması ucbatında o, kamil varlıq haqda bu təsəvvürün səbəbi ola bilməz. Bu səbəb yalnız kamil varlıq ola bilər. Nə qədər ki, Dekart kamil varlıq haqqında təsəvvürə həqiqətən də  sahibdir, onda bu təsəvvür, demək ki, kamil varlıqla, yəni Tanrı ilə səbəblənmişdir. Deməli Tanrı mövcuddur.

Kamil Tanrı insanları aldatmır. Bu bizdə metod barədə əminlik yaradır. O şey ki, bizə “düşünürəm, deməli, mən mövcudam” kimi son dərəcə aşkar görünür, bu son dərəcə səhih bilgi olmalıdır. Burada biz Dekartın rasionalist epistemalogiyasının  mənbəyini görürük. Yəni ümumi əhəmiyyətə malik olan idrakın meyarı empirik (təcrübi) əsaslandlrmalar deyildir, bizim zəka qarşısında aydın və aşkar görünən ideyyalardır.

Dekrta qəbul edir ki, onun üçün özünün mövcudluğu və şüurunun varlıği qədər son dərəcə aşkar olan iki şey daha var.

Düşünən varlığın (ruhun) varlığı və  müəyyən ölçüləri olan varlığın (materiyanın) mövcudluğudur. Dekart “düşünən şey (ruh)” və “müəyyən ölçüləri olan şey (materiya)” barədə təlim irəli sürür. Bunlar Tanrıdan başqa yeganə mövcud olan iki müxtəlif  fenomenlərdir.  Ruh yalnız düşünən fenomendir, müəyyən ölçeləri olan fenomen deyildir. Materiya yalnız müəyyən ölçüləri olan fenomendir, düşünən fenomen deyil.  Materiya yalnız mexanikanın (hərəkətin) köməyi ilə başa düşülür. Ruh isə azaddır və rasionaldır.

Hazırladı: Nihad Əhmədov

VN:F [1.9.16_1159]
Rating: +22 (from 24 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın