RONDA BERN “SİRR”

RONDA BERN-sirrƏlimdə bir “Sirr” tutmuşam. Ronda Bernin mənə verdiyi “Sirr”i. İnsanlar onlara etibar edilən sirləri saxlamağa çalışar, mən isə bu sirri sizinlə də bölüşmək istəyirəm.

Kitab avstraliyalı televiziya yazıçısı və prodüsseri Ronda Bernin eyni adlı filmi əsasında, mənəvi özünə yardım janrında yazılmışdır.

BU SİRR NƏDİR?

Biz hamımız hədsiz-hüdudsuz gücün qarşılıqlı təsiri sahəsində yaşayırıq. Harada olmağımızdan asılı olmayaraq – biz eyni güclə üzləşirik.
Bu cazibə qüvvəsidir!
Həyatın sirri – cazibə qüvvəsindədir!
* Siz həyatınıza daxil olan hər şeyi özünüz-özünüzə cəzb edirsiniz. Daima ağlınızda tutduğunuz obrazları özünüzə cəzb edirsiniz. Bunlar sizin həyat haqqındakı düşündüklərinizdir. Deməli, ağlınıza gələn hər şeyi özünüzə cəzb edirsiniz.
* Cazibə qanunu bildirir: “Hər tezlik özünə bənzər tezliyi cəzb edir” və bu o deməkdir ki, siz düşünərkən şüalandırdığınız tezlik dalğaları Kainatda olan ona bənzər tezlik sahəsi ilə birləşir.
* Düşüncələr maqnit xassəlidir, onlar xüsusi tezliyə malikdirlər. Siz düşündüklərinizi Kainata göndərərkən, onlar həmin dalğalar tezliyində olan hər şeyi sizə doğru yönəldir. Nə olmasından asılı olmayaraq Kainata göndərilən hər şey, öz mənbəyinə geri dönür, mənbə isə sizsiniz.
* Siz öz fikirlərinizlə müəyyən tezlik translyasiya edən, insan vücudunda yerləşən ötürücü stansiyaya çevrilirsiniz. Əgər həyatınızda nəyisə dəyişmək istəyirsinizsə, düşüncə tərzinizi dəyişərək, başqa tezliyə köklənin.
* Sizin indiki fikirləriniz gələcək həyatınızı qurur. Ən çox nə haqqında fikirləşir və ya diqqətinizi hansı düşüncəyə səfərbər edirsinizsə, onlar mütləq həyatınızda təzahür edəcəkdir.
* Fikirləriniz əşyaviləşəcəkdir.

SİRR SADƏLİKDƏN İBARƏTDİR

* Cazibə qanunu hissiyatsızdır.
* Öz ardıcıl düşüncələriniz vasitəsilə israrla çağırmadığınız müddətcə həyatınıza heç nə daxil olmayacaq.
* Nə düşündüyünüzü bilmək üçün, özünüzdən nə hiss etdiyinizi soruşun. Nə düşündüyümüzü bizə çatdıran ən qiymətli vasitə -emosiyalarımızdır.
* Kefsiz olub eyni zamanda yaxşı şeylər düşünmək mümkün deyil.
* Xoş xatirələr, təbiət mənzərələri, sevdiyiniz musiqi sizin ovqatınızı bir göz qırpımında dəyişərək, başqa bir tezliyə köklənmənizə yardım edir.
* Sevgi hissi- şüalandıra biləcəyimiz tezliklərdən ən yüksəyidir. Sevgini nə qədər çox hiss edirsinizsə və şüalandırırsınızsa, demək bir o qədər böyük güc sizin xeyrinizə işləyir.

SİRDƏN NECƏ İSTİFADƏ EDƏK

Yaradıcılıq prosesi cəmi üç addımla istədiyinizi yaratmağa kömək edir: İstəmək, İnanmaqQəbul etmək
İstəmək– Kainatdan öz arzunuz barəsində istəməyiniz, özünüzün nə istədiyinizi anlamaq imkanıdır. Siz yalnız bunu özünüz üçün aydınlaşdırdığınız zaman istəyirsiniz.
İnanmaq– istədiyinizi sanki artıq almısınızmış kimi düşünmək, danışmaq və hərəkət etmək mənasını verir. Bu tezliyi şüalandırdığınız zaman cazibə qanunu insanları, hadisələri və şəraiti bütövlükdə sizi istədiyinizə çatdırmaq üçün hərəkətə keçirir.
Qəbul etmək– arzunuzun yerinə yetəcəyi zaman hiss edəcəklərinizi əvvəlcədən duymağınız deməkdir.

ƏN TƏSİRLİ ÜSULLAR

ÜMİD– nəhəng cəzbedici qüvvədir. İstəmədiyinizi gözləməyin, istədiyinizin olacağına ümid edin.

MİNNƏTDARLIQ– istədiyinizi həyata gətirmək üçün edilən səyləri artıran ən təsirli üsuldur. Sahib olduqlarınız üçün minnətdarlıq edin və siz daha çox yaxşılıqlar cəzb edəcəksiniz. Əvvəlcədən öz istəyiniz üçün edilən minnətdarlıq, Kainata ən güclü siqnalı göndərər, arzunuza xüsusi güc verər.

TƏXƏYYÜL– idrakınızda arzuladığınızı mənimsəməyinizin təsirinin yaranması üsuludur. Təxəyyül zamanı siz arzuladığınızın artıq sizə mənsub olması kimi hisslər və düşüncələr əmələ gətirirsiniz. Cazibə qanunu isə bunu- xəyalınızda gördüyünüzü gerçəkləşdirib sizə geri verəcəkdir.
Cazibə qanunundan yalnız bir səbəb üçün deyil, bunu adətə çevirmək və hər zaman başqa səbəblər üçün də istifadə edin, onu həyat tərzinizə çevirin.
Hər günün sonunda, yatmazdan əvvəl günün bütün hadisələrini yada salın. Əgər hadisələr sizi qane etmirsə, onları şüurunuzda sizin üçün daha xoş ola biləcək şəkildə yenidən səhnələşdirin.

PUL QAZANMAĞIN SİRLƏRİ

* Pulu cəzb etmək  istəyirsinizsə, siz fikirlərinizi zənginlik üzərində səfərbər edin. Daima onun çatışmazlığı barədə düşünərək, həyatınıza daha çox pul cəzb edə bilməzsiniz.
* İstədiyiniz qədər pulun artıq sizdə olmasına özünüzü inandıraraq təxəyyül qurmaq sizin xeyrinizədir. Zənginlik oyunu oynayın və bu zaman maliyyəyə olan münasibətdə özünüzü daha yaxşı hiss edəcəksiniz, xoş ovqatla köklənən zaman həyatınıza daha çox pul gəlməyə başlayacaqdır.
* Pulu ürək açıqlığı ilə verin, onu həyatınıza daha çox cəlb edəcəksiniz. Hər zaman “Buna imkanım çatar”, “Mənim varımdır”- deyə düşünün.

MÜNASİBƏTLƏRİN SİRRİ

* Əgər siz lazımi münasibətləri cəzb etmək istəyirsinizsə, fikirlərinizin, sözlərinizin, hərəkətlərinizin və çevrənizin sizin arzunuza qarşı olmadığına əmin olun.
* Sizin vəzifəniz- Sizsiniz. Özünüzü tam təmin etmədiyiniz müddətdə başqalarına verməyə heç nəyiniz yoxdur.
* Özünüzə sevgi və hörmətlə yanaşın, bu vaxt sizi sevən və hörmət edən insanları özünüzə cəzb edəcəksiniz.
* Fikirlərinizi özünüzdə dəyər verdiyiniz cəhətlər üzərində səfərbər edin və cazibə qanunu sizi öz gözünüzdə böyüdəcək.
* Münasibətlərinizi yoluna qoymaq üçün, digər insanın çatışmazlıqları üzərində deyil, dəyər verdiyiniz keyfiyyətləri üzərində durun. Nə zaman ki, siz onun müsbət keyfiyyətləri barəsindəki fikirlərinizə daha çox yer ayıracaqsınız, o zaman bunu sizə daha çox göstərən hadisələrlə qarşılaşacaqsınız.

SİRR- SAĞLAMLIQ ÜÇÜN

* Plasebo effekti – cazibə qanunu fəaliyyətinin bir nümunəsidir. Xəstə ona verilmiş həbin dərman olduğuna inanır və öz inandığı dərmanı qəbul etdiyini düşünərək sağalır.
* Kamil sağlamlıq üzərində fikirlərini topla, ətrafımızda nə baş verməsindən asılı olmayaraq, bu özümüz üçün edə biləcəyimiz yeganə şeydir.
* Gülüş sizə fərəh gətirər, bədbin hissləri sizdən uzaqlaşdırar və sağlamlığa doğru aparar.
* Xəstəlik vücudumuzda fikirlərimizi və diqqətimizi onun üzərində topladığımız üçün qalır. Yüngül nasazlıq hiss etdiyinizdə onu daha çox qəbul etmək istəmirsinizsə, bu barədə danışmayın. Əgər öz xəstəliyindən şikayət edən insanları dinləyirsinizsə, onların xəstəliklərinə öz enerjinizi də əlavə etmiş olursunuz. Bunun yerinə mövzunu dəyişin, ürək açan şeylər danışın.
* Yaş və qocalıq barədə düşünməyin.

SİRR- DÜNYA ÜÇÜN

* Siz müqavimət göstərdiklərinizi cəzb edirsiniz, çünki bütün duyğularınızla onun üzərində səfərbər olursunuz.
* Siz fikirlərinizi neqativ hadisələr üzərində səfərbər etdikdə dünyaya heç bir yardım göstərə bilməzsiniz.
* Dünyadakı problemlər, müharibələr haqqında düşünməkdənsə, diqqət və enerjinizi sevgi, etibar, bolluq, təhsil, mehribanlıq, barış və sülhə yönəldin.
* Dünyadakı hər şeyi tərif və xeyir-dua edin.

SİRR-SİZİN ÜÇÜN

* Siz mənəvi məxluqsunuz, enerji sahəsisiniz. Enerji isə nə yaranar, nə də məhv olar, o yalnız formasını dəyişər. Məhdudiyyət tanımayan ideyalar mənbəyi sizin üçün əlçatandır. Gələcəyin bütün bilikləri, kəşfləri və ixtiraları hazırda Universal Zəkada bir ehtimal kimi mövcud olub, insan zəkasının onu nə zaman gerçəkləşdirəcəyini gözləyir.
* Sizin gücünüz- sizin düşüncələrinizdədir, bundan agah olun. Başqa sözlə desək: “Xatırlamağı xatırlayın”.

SİRR- HƏYAT ÜÇÜN

* Siz arzuladığınız hər bir şeyi taleyinizin yazı lövhəsində yazmaq imkanı əldə etmisiniz.
* Sizə yalnız bir işi görmək düşür- özünüzü elə indi xoşbəxt hiss edin.
* Öz möhtəşəmliyinizi qəbul edin, daxilinizdəki gücdən daha çox istifadə edin.
* Sevdiyiniz işləri görün.Əgər sizə nəyin sevinc gətirdiyini anlamırsınıza, o zaman özünüzdən soruşun: “Məni nə sevindirir”? Və Siz onunla maraqlandıqca, ondan zövq aldıqca, sevinc hissləri şüalandırır, sizə sevinc bəxş edən şeyləri cəzb edirsiniz.

Hazırladı : Psixoloq Rübabə

VN:F [1.9.16_1159]
Rating: +24 (from 28 votes)

Psixoloq Rübabə

Fitret.az yazarı. Psixoloq.

- Sayt ünvanı

Bir cavab yazın