SEANS… (hekayə)

seans-psxioloqGünorta görüşməliydilər. Artıq neçənci dəfə idi ki, görüş təyin edilirdi. Seans vaxtı yaxınlaşan kimi, xanım işi çıxdığını, gələ bilməyəcəyini deyirdi. Bu dəfə deyəsən alınacaqdı.

Görüşdülər. Xanım psixoloqun tərifinə başladı. “Çox dünyagörüşlü xanımsınız, savadlısınız. Mən heç vaxt sizə çata bilmərəm. Üstəlik çox xoşbəxt görünürsünüz”.
Bu sözlər eqoya təsir etməyə bilməzdi. Qadının ləhcə ilə danışığı, bəsit, kobud cümlələr qurması buna şərait yaradırdı. Bir an psixoloq özünü bu xanımdan üstün saymağa başladı. Bu çox çəkmədi. Səmimi ifadələrlə “Hamımız qadınıq, savadın xoşbəxtliyə dəxli yoxdu. Siz də bilirsiniz ki, qadınlar qadın kimi xoşbəxt olmağı hər şeydən üstün tuturlar”.

Seans başlandı…

– Bilirsiniz şəxsi məsələdi. Biz Facebookda tanış olmuşuq. Burda çox insanlara rast gəlmişəm. Onu tanıyana qədər elə bilirdim bütün kişilər eynidir. Hamısı bizim zəifliyimizdən istifadə edir. Amma o hamıdan fərqlidir. Ümumiyyətlə, bizim kişilərə bənzəmir. Çox azad fikirlidi, çox sevgi doludu, çox dəyər verən biridi. Çox… Çox…

Danışdıqca gözləri alışıb-yanırdı. Psixoloq düşünürdü ki, bu qadın belə xoşbəxtdirsə, problem nədədir görəsən? Xanım hələ də danışırdı. Çox…
O danışdıqca psixoloqun xəyalında yaranan obraz onu da gülümsədirdi… Tanış obraz, tanış xüsusiyyətlər… O da “uçub getməyə” hazırlaşırdı. Seansda olduğunu xatırlayıb, geri dönməyə məcbur oldu.

Birdən xanımın üzündəki ifadə dəyişdi. Xoşbəxt təbəssümün yerini kədər, üzüntü aldı. Rəngi solğunlaşdı, gözləri doldu.
– Bilirsiniz, təkcə problem ondadır ki, o evlidir. Buna baxmayaraq o məni sevir. İnana bilməzsiniz, bu bir sevgi dastanıdır. Həyatda belə sevgilər çox az olur. Amma bir-birini sevən insanlar həmişə çətinliklərlə rastlaşır.
– Bəs ailəsi haqqında nə düşünürsünüz? Onun həyat yoldaşını deyirəm- psixoloq fikirli-fikirli sual verdi.

Elə bil heç danışmaq istəmirdi. Gözləri bir nöqtəyə zillənmişdi. Daxilində anlamadığı bir sıxıntı vardı, boğulurdu. Növbəti sual onu özünə gətirdi.
– Mənə kömək edə bilərsiniz? Sizin yanınıza ona görə gəlmişəm ki, məni bu sıxıntıdan qurtarasınız. Ailəsi haqqında düşünəndə çox sıxılıram. Nə olur olsun əl çəkən deyiləm. Belə böyük sevgidən əl çəkmək axmaqlıq olar. Həyat yoldaşı da bunu anlamalıdır. Sevdiyim insanı başqa biriylə bölüşə bilmərəm.
– Başqa biri dediyiniz onun həyat yoldaşıdır.
– Onun üçün məndən başqa qadın yoxdur.

Xanımın telefonuna mesaj gəldi. Psixoloq indi xatırladı ki, niyə xanıma telefonu söndürməsini vaxtında deməyib, bu seansı pozur.
Yenə gözləri parladı xanımın, təbəssümlə:
– Odur mesaj yazıb, mütləq görüşək deyir. İstəyirsiniz siz də oxuyun, siz daha yaxşı anlayarsınız.

Bunu deyib, telefonu stolun üzərinə qoymaq istədi.
Psixoloq telefonu əli ilə itələdi.
– Yox, olmaz, mesaj sizə gəlib, mənim oxumam doğru deyil.
Telefon sanki qəsdən qadının əlindən sürüşüb, psixoloqun masasına düşdü. Baxmaq istəməsə belə, qeyri-ixtiyari gözləri telefona yönəldi. Tanış sima baxışlarını bir müddət çəkib özündə saxladı. Elə bil bədənindən şiddətli cərəyan keçdi. Bir “ildırım effekti” yaşadı. Gözlərindən sel kimi yaş tökürdü. Bayaqkı “üstün qadın”dan əsər-əlamət qalmamışdı. Tamamilə “alt-üst”olmuşdu.

Xanım çaşıb qalmışdı, çox təsirlənmişdi. O da ağlayırdı.
– Görürsünüz, sizə dedim axı bu vaz keçiləsi sevgi deyil. İndi deyin mən neyləyim?
Daxilində bu sualı  qarşı tərəfə o da verirdi, var gücüylə qışqırırdı:
– İndi deyin, mən neyləyim ???

Müəllif: SEVƏR

Beyenmeler
0   16  
VN:F [1.9.16_1159]
Rating: +11 (from 11 votes)

Psixoloq

Fitret.az idarəçisi. Psixoloq.

- Sayt ünvanı

Bir cavab yazın